Keçmiş silahdaşından İbrahimbəyova sərt ittihamlar

Keçmiş silahdaşından İbrahimbəyova sərt ittihamlar
  28 Avqust 2013    Oxunub:1080
Əflan İbrahimov: “Biz şirvanlılar Rüstəm İbrahimbəyova görə biabır olduq”
EL Hərəkatının sabiq sədr müavini Əflan İbrahimov təşkilatdan uzaqlaşdığını bəyan edəndən sonra EL Hərəkatı və Milli Şura haqqında ciddi ittihmlar irəli sürmüşdü. Onun səsləndirdiyi fikirlərə cavab olaraq isə Rüstəm İbrahimbəyov bildirdi ki, “Şirvanın çörəyi Əflan İbrahimova haram olsun”.

Bu cavabdan sonra Ə.İbrahimov R.İbrahimbəyova ünvanladığı yazılı məktubu redaksiyamıza göndərib. Cavab məktubunu olduğu kimi təqdim edirik:


“Rüstəm İbrahimbəyovun 4 simaya qulluq etdiyi bilindi. Bu ana qədər fikirləşirdim ki, Rüstəm müəllim yaşlı adamdır, onun səhvlərini qabartmaqla stressə salmaq lazım deyil. Onsuz da seçki məsələsini və konstitusiyanı bilməmək İbrahimbəyovu respublikada biabır edib. Bununla yanaşı Eldar Namazov kimi qanunları müəyyən dərəcədə bilən bir insan özünü bilməməzliyə vurub İbrahimbəyovu savadsızcasına biabır etdi.

Mən bir şirvanlı kimi Şirvan üçün hər şey etmişəm. Bircə elə Qarabağ müharibəsində zabit kimi iştirakım və müharibə bölgəsinə yardımlarım, qaçqınlara boş evlər verməyim bəs edər. Sizin kimi bunları 6 ay öncə tanımamışam.

R.İbrahimbəyovla ilk görüşümüzdə o, Mehriban Əliyevanı dəstəkləyəcəyini söylədi. Mən də razılaşdım. Bu, onun birinci siması.

Sonra bu fikrini dəyişərək Eldar Namazovun prezident olması üzərində dayandı. Bu da ikinci siması.

Bir müddət keçdikdən sonra R.İbrahimbəyov öz namizədliyini irəli sürdü, Üçüncü siması.

İndi də gördüyünüz kimi, İbrahimbəyov Cəmil Həsənlinin namizədliyini Milli Şuranın sədri kimi dəstəkləyir. Bu da Rüstəm müəllimin dördüncü siması.

Mənim simama gəldikdə isə danışığımda Mehriban Əliyevanı və Rüstəm İbrahimbəyovu dəstəkləyəcəyimi bildirmişdim. Bu səbəbdən də El Hərəkatının yaradılmasını öz üzərimə götürdüm. Bu ziyalı insan mənim çəkdiyim zəhmətin nəticəsində fikirlərimi öyrənmədən bizi Eldar Namazova, Əli Kərimliyə və Cəmil Həsənliyə bağladı. İxtiyarım öz əlimdədir, bunu bilməyiniz lazım idi, Rüstəm bəy.

Amma məndən fərqli olaraq özünüzə xaricdən dəstək axtarırsan. Deməli, sizin ixtiyarınız özünüzdə deyil. Üst-üstə Azərbaycanda cəmi 3 il yaşamamısınız. Sizin markanızı mən və komandam qaldırdı.

Əslində biz şirvanlılar son vaxtlar Rüstəm İbrahimbəyova görə biabır olduq.

Sənədlərim düzələcəyi və ya düzəlməyəcəyi halda “avqustun 2-də vətənə dönəcəm” deyən İbrahimbəyov gəlməməklə xalqın ümidini qırdı və qorxaq simasını göstərdi. Hansı oyunu oynadığınızı özünüz fikriləşin. Bu xalqın içində yaşamayan, dərdini, acısını bilməyən Rüstəm İbrahimbəyov bu xalqı üçün nə yaxşılıq edə bilərdi?

Xarici işlər naziri Elmar Məmmədyarov İbrahimbəyovun bibisi oğludur. Həmçinin sabiq deputat Maqsud İbrahimbəyov onun qardaşıdır. Onlar məgər səhv fikirdədilər ki, bu dövləti dəstəkləyirlər? Əlbəttə ki, yox. Yalnışlıq İbrahimbəyovdadır. Bu hakimiyyət sənin üçün hər cür şərait yaradıb. Daha bu dövlətdən niyə narazısan? İbrahimbəyovun bu hakimiyyətlə davası mülkə görədir. Xalqın mənafeyi naminə deyil. Rüstəm bəy, siz mənimlə söhbətlərdən sonra bilməli idiniz ki, mənimlə mübarizə aparmaq sizin - Eldarların, Eldənizlərin gücündə deyil.

İbrahimbəyovun “avqustun 2-də nəyin bahasına olursa olsun (tutulsam belə) Azərbaycana gələcəm” deməsindən istifadə edən Əli Kərimli və Eldar Namazov mitinqlərdə camaatı qaldırıb iğtişaş xarakterli xaos yaratmaq fikrinə düşdü. Rüstəm bəy, siz bildiyiniz və ya bilmədiyiniz halda onlara bu şəraiti yaradırdınız. Onlar üçün az fərq edirdi ki, sənədləriniz alınacaq və ya alınmayacaq. Əsas məqsədləri tam başqa idi.

İbrahimbəyovu dünyada tanıya bilərlər, amma Azərbaycanda, xüsusən Şirvanda və vətənində heç də tanımırlar. Rüstəm heç bir xeyriyyə işinə qoşulmayıb. Pullarını çürük və fəlakətli işlərə xərcləyib. Məsəl üçün, avqustun 18-də mitinqə sərf olunan pullar. Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov düzgün olaraq qeyd etmişdir ki, Rüstəm İbrahimbəyov indidən öz çıxışlarında “cəzalarını özüm verəcəm” kəlməsi ilə xalqa bir daha göstərir ki, hakimiyyətə gəlsə, hansı ideologiya ilə idarə edəcək.

Artıq Rüstəm bəy, mən sizə görə utandım. Qazandığınız uğurları da itirəcəksiniz, necə ki, mənim yaratdığım El Hərəkatını itirdiniz.

Rüstəm İbrahimbəyova sual:

1) Sənədləriniz alındı və ya alınmadı deyərək avqustun 2-də dönəcəyinizi dediniz. Niyə dönmədiniz?

2) İkili vətəndaşlığı olan şəxsin seçkilərdə iştirak etməsinin mümkünsüz olduğunu bilirdiniz. Siz sənədlkərinizi MSK-ya verərək özünüzü niyə biabır etdiniz?

3) Mənim fikrimi öyrənmədən niyə məni müxalif qüvvələrə bağladınız?

4) Ərəb ölkələrində baş verən hadisələr sizin bu yaşınızda buraxdığınız səhvin ucbatından Azərbaycanda da baş versəydi, məsuliyyətini necə daşıyacaqdınız?

5) Xanım Mehriban Əliyevanı və prezident cənab İlham Əliyevi dəstəklədiyiniz halda sizi bu fikirinizdən hansı qüvvə döndərdi?”

EL Hərəkatının lideri Əflan İbrahimov”. (virtualaz.org)

Qalereya




Teqlər:  





Xəbər lenti