Hilal Məmmədovun sensasion bəyanatı

Hilal Məmmədovun sensasion bəyanatı
  28 Avqust 2013    Oxunub:1894
Azərbaycanda talış dilində nəşr edilən yeganə qəzetin - "Tolışi sədo" qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Hilal Məmmədov bəyanat yayıb. AzVision.az həmin bəyanatı təqdim edir:

Yaşasın vahid EVİMİZ Azərbaycan!

Məlum olduğu kimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyev bildirmişdir ki, “hər bir şəxsin milli mənşəyi, onun qürur mənbəyidir. Və mən fəxr edirəm ki, azərbaycanlıyam”.

Mən də ictimai-siyasi baxışlarıma görə həmişə öz milli-etnik mənşəyimlə fəxr etməklə yanaşı, dünya tarixinə və mədəniyyətinə silinməz izlər salan qədim Azərbaycan torpağında doğulub yaşamağımla şərəf, qürur hissi duymuşam.

Azərbaycan burada yaşayan bütün xalqların-Azərbaycan türklərinin, talışların, ləzgilərin, kürdlərin, tatların, yəhudilərin, rusların və s. millətlərin doğma yurdu olmuş və bu müqəddəs diyarın hər bir dərd-sərində, problemlərində və ya şənliklərində də vahid mövqedə olmuşlar.

Keçən əsrin 80-ci illərin sonlarından başlanan Qarabağ probleminin həllində də bu xalqların bütün nümayəndələri çiyin-çiyinə verərək Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda birgə mübarizə aparmışlar.

1969-cu ildən 1987-ci ilə kimi ümummili lider Heydər Əliyevin təşəbbüsü ilə milli azlıqların etnik mədəniyyətlərinin tərəqqisində, onların folklor ansambllarının yaradılmasında və təbliğində mühüm addımlar atılmışdır. Əfsuslar olsun ki, sonralar məlum siyasi proseslərdən (1987-992-ci illər) sonra bu işdə diqqətsizlik yaranmışdır. Məhz Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyevin apardığı iqtisadi-siyasi fəaliyyəti nəticəsində ölkəmizdə kifayət qədər yeni, orijinal tikintilər-parklar, istirahət ocaqları, elm təhsil müəssisələri və s. qurulur.

Milli azlıqların folklor kollektivin təbliğində onların ana dillərindəki təlim-təhsil proseslərində müəyyən müsbət addımlar atılmaqla yanaşı, ümidvarıq ki, bu xoşməramlı niyyət daha da inkişaf edəcəkdir.

Bu gün ölkəmiz iqtisadi tərəqqi etməklə yanaşı, beynəlxalq aləmdə də mühüm rolu ilə seçilməkdədir. Bu da prezident İlham Əliyevin peşəkar diplomat kimi apardığı daxili və xarici siyasətin nəticəsidir.

Mən istər həbsimdən öncə, istərsə də sonra həmişə ölkəmizin hüquqi və demokratik dövlət kimi yüksək səviyyədə tərəqqisi naminə aparılan işləri dəstəkləmiş və bu yolda əlimdən gələn heç nəyi əsirgəməmişəm və bundan sonra da vətənim Azərbaycan üçün əsirgəməyəcəyəm.

Azərbaycanda kompakt şəkildə yaşayan talış xalqının nümayəndəsi olmağımla fəxr etdiyim kimi, azərbaycanlı olmağımla da qürur duyuram.

Azərbaycan burada yaşayan bütün vətəndaşların və xalqların parçalanmaz EVİDİR!

Məhz bu EVİN daha da inkişafı və tərəqqisi naminə əlimdən gələni etməyə hazıram.

Yaşasın bu EVİN səadətli gələcəyi!
Yaşasın Azərbaycan xalqı!
Məmmədov Hilal Əlif oğlu





Teqlər:  





Xəbər lenti