Almaniya KİV-ləri Sarkisyanın seçki yalanını ifşa etdi

Almaniya KİV-ləri Sarkisyanın seçki yalanını ifşa etdi
  07 Aprel 2017    Oxunub:1724
Aprelin 2-də Ermənistanda keçirilən parlament seçkilərinin total şəkildə saxtalaşdırılması Alman mətbuatının da diqqətindən yayınmayıb.
AzVision.az xəbər verir ki, “Seçki”nin acınacaqlı olması Ermənistana dost münasibəti ilə seçilən mətbuat orqanlarını çətin duruma salıb və onlar da ümumi tənqidi ruhdan kənarda qala bilməyiblər.

Belə ki, “Deutsche Welle” tele-radio kanalı “ATƏT Ermənistanda keçirilmiş seçkilərin azad və ədalətli keçirilməsinə dair hələ qəti sözünü deməməsinə baxmayaraq, bu seçkilərdə qeyri-qanuni hallara rast gəlindiyinə dair özünün ilkin təəssüratını artıq mətbuata bölüşmüşdür. ATƏT özünün təyin etdiyi seçki müşahidəçilərinin verdiyi hesabatlara əsaslanaraq, seçkilərdə seçicilərə təzyiq edilməsi və onların səslərinin pul ilə satın alınması qənaətindədir” fikirini səsləndirib. Ermənistana açıq-aşkar simpatiyası ilə tanınan “Deutschlandfunk” radio-kanalı parlament seçkilərində çoxsaylı qanun pozuntularına və fırıldaq hallarına rast gəlindiyini bildirir.

“Frankfurter Allgemeine” qəzetində dərc edilmiş məqalədə isə seçkinin qeyri-demokratik keçirildiyinə işarə edilir: “Ermənistanda seçki hüququ olan təxminən 2.5 milyon nəfərin yalnız 61%-i seçkilərdə iştirak etmişdir. Müşahidəçilərin əksəriyyəti parlament seçkilərində çoxsaylı qanun pozuntularının baş verməsi, hətta bu seçkinin 2015-ci ildə konstitusiyanın dəyişdirilməsi üçün keçirilmiş seçkilərdən də bərbad olduğu qənaətindədirlər.

“Die Zeit” qəzerində isə seçkilər ironik formada təsvir olunub. Burada seçki məntəqələri bazar ilə müqayisə olunur və kinayəli şəkildə “bu ölkədə pulun olduğu qədər seçici səsləri ala bilərsən” fikirinə yer verilir.

Almaniyanın radikal solçu qüvvələrini təmsil edən “Tageszeitung” qəzetində isə “Putinin dostu hakimiyyətdə qalır” sərlövhəli məqalədə 2018-ci ildən etibarən Ermənistanın prezident respublikası sistemindən parlament respublikası sisteminə keçəcəyi, ancaq hazırkı prezidentin bundan sonra da hakimiyyətdə qalacağı bildirilir:

“Ermənistan post-sovet məkanının ən yoxsul ölkələrindən biri sayılır. Bu kiçik ölkə çox illərdən bəri qonşusu Azərbaycanla müharibə aparır. Azərbaycanın müttəfiqi Türkiyədir. Türkiyə Ermənistanı iflic vəziyyətində saxlayan iqtisadi sanksiyalara məruz qoymaqda davam edir. Rusiya Prezidenti Putin bu seçkilərdən sonra Rusiya-Ermənistan münasibətlərinin daha da dərinləşəcəyini bildirmişdir. Cənubi Qafqazda yerləşən bu kiçik ölkəni ənənəvi olaraq qoruyan ölkə Rusiya sayılır”.

“Süddeutsche Zeitung” qəzeti isə Ermənistanın öz qonşusu olan Azərbaycana məxsus Dağlıq Qarabağ və onu əhatə edən regionları işğal etdiyini yazıb.

AzVision.az


Teqlər: Ermənistan   seçki   Almaniya  





Xəbər lenti