Cəmil Həsənlini Londona kim dəvət edib?

Cəmil Həsənlini Londona kim dəvət edib?
  28 Avqust 2013    Oxunub:1102
Cəmil Həsənlini Londona dəvət edənin kimliyi bəlli oldu
Milli Şuranın prezidentliyə yeni vahid namizədi professor Cəmil Həsənli Londona dəvət alması barədə yayılan xəbərlərə aydınlıq gətirib. Modern.az-a açıqlamasında Cəmil Həsənli xəbəri təsdiqləyərək, ona və eləcə də Milli Şura rəhbərliyinə Londondan dəvət gəldiyini bildirib.
Dəvətin kim tərəfindən gəldiyi barədə danışarkən Cəmil Həsənli Eldar Namazovun bu barədə məlumatlı olduğunu deyib:

“Londona tək mən yox, Milli Şuranın rəhbərliyi dəvət olunub. Bu işlərdə Eldar Namazov daha çox məlumatlıdır. O, bu işin içindədir”.

Qeyd edək ki, Milli Şura rəhbərliyinin sentyabr ayının əvvəllərində Londona səfəri planlaşdırılır. Səfərdə Cəmil Həsənli ilə birlikdə Müsavat başqanı İsa Qəmbərin, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının və MŞ Aparatının rəhbəri Eldar Namazovun da Londona gedəcəyi gözlənilir. Eyni zamanda Milli Şura sədri Rüstəm İbrahimbəyovun orada olacağı bildirilir.

Səfər barədə danışan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə isə dəvət Böyük Britaniya Kral İnstitutu tərəfindən gəlib. Səfər 5 gün davam edəcək. AXCP rəsmisinin sözlərinə görə, Milli Şuranın London səfərində Rüstəm İbrahimbəyov da iştirak edəcək:

“Milli Şuraya beynəlxalq diqqət artmaqdadır. Milli Şura nümayəndələri Böyük Britaniya Kral İnstitutunun dəvəti ilə bu ölkəyə 5 günlük səfərə dəvət olunub. Səfərdə pezidentliyə vahid namizəd Cəmil Həsənli, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov, qrumun icra aparatının sədri Eldar Namazov, Müsavat başqanı İsa Qəmbər və Əli bəyin pasportu olmadığı üçün onun təmsilçisi kimi AXCP-dən mən iştirak edəcəyəm. Maraqlı görüşlərimiz nəzərdə tutulub. İngiltərə parlamentində, Xarici İşlər Nazirliyində, "BBC" TV-də, "Artikl 19" təşkilatında keçiriləcək görüşlərdə seçkiqabağı vəziyyətlə bağlı müzakirələr aparacağıq”.

Musavat.com-un məlumatına görə, 5 gün sonra vahid namizəd Cəmil Həsənli Bakıya dönsə də, Milli Şuranın bir sıra təmsilçiləri Londondakı təmaslarını davam etdirəcəklər. Professor Həsənlinin Bakıya qayıtmasının əsas səbəbi onun 8-9 sentyabrda MSK-nın bir sıra prosedurlarında şəxsən işçtirak etməsinin zəruriliyi ilə bağlıdır.


Teqlər:





Xəbər lenti