Əsəd Trampla Putini üz-üzə qoydu: Yeni müharibə başlayır?

Əsəd Trampla Putini üz-üzə qoydu: Yeni müharibə başlayır?
  08 Aprel 2017    Oxunub:3313
Xəbər verdiyimiz kimi, ABŞ Aralıq dənizi akvatoriyasında dislokasiya olunmuş “Ross” və “Porter” esmineslərindən Suriyanın “Şayrat” hərbi bazasına 59 “Tomaqavk” raketi atıb. Endirilən raket zərbələri nəticəsində azı 15 döyüş təyyarəsi məhv edilib.

ABŞ prezidenti Donald Tramp bildirib ki, bu əməliyyat ABŞ-ın təhlükəsizliyi üçün vacib idi: “Suriyalı diktator Bəşər Əsəd çərşənbə axşamı qorxunc bir şəkildə kimyəvi silahdan istifadə edib. Bu barbar təcavüz nəticəsində yardıma möhtac kişi, qadın və uşaqlar vəhşicəsinə qətlə yetirilib. Bu axşam kimyəvi silahın atılmasında istifadə olunan aeradromu hədəf alan hücüm əmrini verdim. Bölgədə qeyri-sabitlik davam edir. Bu isə ABŞ-ı və müttəfiqləri üçün təhdiddir”.

Rusiya prezidenti Vladimir Putin isə hesab edir ki, ABŞ-ın Suriyaya zərbələri suveren dövlətə təcavüz və saxta iddilar altında beynəlxalq normaların pozulmasıdır.

Baş verənlərdən sonra rəsmi Moskva Suriyada əməliyyatlar zamanı insidentlərin qarşısının alınması və aviasiya uçuşların təhlükəsizliyinin təmin olunması ilə bağlı ABŞ-la bağlanmış memorandumun fəaliyyətini dayandırıb. Artıq yaranmış vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasını fövqəladə iclas keçirməyə çağırılıb.

Suriya problemi ətrafında yaranmış yeni situasiyanı AzVision.az-a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, Bəşər Əsəd hakimiyyətdən getməsə, Suriyada əmin-amanlıq bərpa olunmaycaq:

“İki super dövlətin bir-birilə qarşı-qarşıya gəlməsi, rəqabət aparması sonrakı proseslərə zərbə vurur. Hesab edirəm ki, burada Rusiyanın günahı böyükdür. Çünki, gücü çatmayan daşdan yapışıb və Suriya məsələsinə müdaxiləsi zərurətdən irəli gələn məsələ kimi qəbul edilmir. İndiyə qədər Əsəd rejiminin mövcud olmasına səbəb Rusiyadır”.

Politoloq qeyd edib ki, hazırda bölgədə vəziyyət olduqca gərgindir: “ABŞ Əsədin kimyəvi silahdan istifadə etməsini qəbul etmədi. Ona görə də “Şayrat” hərbi bazasına raket zərbələri endirildi. Daha doğrusu, ABŞ və digər dövlətlər başa düşdülər ki, Suriya probleminə indi müdaxilə edilməsə, daha qorxunc nəticələrə səbəb ola bilər. Çünki, Rusiya və İran Yaxın Şərqdə mövqelərini möhkəmləndirir. Bu isə ABŞ-ın geostrateji maraqlarına uyğun deyil. Hazırda bölgədə vəziyyət olduqca gərgindir. Hesab edirəm ki, bu gərginlik ciddi qarşıdurmalara gətirib çıxara bilər. Ancaq, Rusiya bu qarşıdurmalardan əziyyət çəkəcəyini bilir. Ona görə də daha çox riskə getməyəcək. Bu da faktdır ki, ABŞ bu işə baş qoşubsa, sona çatdıracaq. Məntiqlə yanaşsaq, bölgədə həm rejim dəyişikliyi, həm də ABŞ-ın irimiqyaslı hərbi əməliyyatları başlaya bilər. Bu əməliyyatlar Rusiyanı bölgədən çıxarmaqla yanaşı İrana qarşı çevrilə bilər. Bir sözlə, Suriya uğrunda mübarizə yenidən başlayır. Bu mübarizəyə hələlik başçılığı ABŞ edir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Əsəd rejimi və Putin Trampa başqa seçim qoymayıb:

“Kreml Əsədə dəstək verəndə anlamalıydı ki, gələcəkdə bunun neqativ nəticələri olacaq. ABŞ-ın keçmiş prezidenti Barak Obama 4 il əvvəl demişdi ki, Əsəd kimyəvi silahdan istifadə etsə, bu, Vaşinqton üçün “qırmızı çizgi” olacaq və belə olan halda biz onu cəzalandıracağıq. Əsəd bu sözlərdən sonra kimyəvi silahdan istifadə etdi, Obamanın tükü də tərpənmədi, sözü yerə düşdü, faktiki olaraq Əsəd bu yolla Obamanı aşağıladı.

Tramp Obama olmaq istəmir. Ona görə də Əsədin kimyəvi silah tərbiyəsizliyinə dözmədi və açıq dedi ki, “qırmızı çizgilər” çoxdan aşılıb. Bu, Əsəd və Putinə işarədir ki, “məni hövsələdən çıxarmayın, sizin üçün Obama deyiləm”. Əgər Tramp kimyəvi silahdan istifadəyə reaksiya verməsəydi, bu onun super dövlətin başçısı kimi imicinə zərbə olardı. Tramp düzgün taktika seçdi”.

E.Şahinoğlu qeyd edib ki, Rusiya mürəkkəb duruma sürüklənib: “Kreml Əsədə verdiyi dəstəyə görə Trampla bəri başdan münasibətləri pozdu, halbuki Putinin ona ümidi var idi ki, Krım və Donbass məsələsində Ağ Evin yeni sahibi ilə anlaşacaq. Kreml Ukraynadakı mövqeyini də Əsədə qurban verir. Kreml Əsədə görə tərəfdaşları olan Türkiyə və İsraillə də qarşı-qarşıyadır. Hər iki dövlət Trampın son addımını dəstəkləyib. Guya Kreml Əsədin bütün kimyəvi silahlarını toplamışdı. İndi bəlli olur ki, ya Kreml səhlənkarlıq edib, bütün kimyəvi silahları toplamayıb, ya da Əsədin əlində bir miqdar kimyəvi silahın varlığına göz yumub. Nə olursa-olsun, Suriyada dinc sakinlərin qətlinə görə Kreml də məsuliyyət daşıyır. Bu cür vəziyyətdə Əsədlə silahlı müxalifət arasında atəşkəsə riayət etmək çətin olacaq.

O ki qaldı, Vaşinqtona, Tramp hələ quru qoşunları Suriyaya soxmayacaq. Ancaq Tramp birinci addımını atdı. Əgər Əsəd yenə kimyəvi silahdan istifadə edərsə, Amerika raketləri yenə Suruiya ordusunun mövqelərini bombalayacaq”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Suriya   Tramp   Putin   Əsəd  





Xəbər lenti