“Molla Şurası”nın nərdivanı - Taleh Şahsuvarlı yazır

“Molla Şurası”nın nərdivanı - Taleh Şahsuvarlı yazır
  08 Aprel 2017    Oxunub:9124
Türk ədəbiyyatının ən önəmli təmsilçilərindəndir Əhməd Haşim. 1884-cü ildə Bağdadda doğulub, 1933-cü ildə İstanbulda, Kadıköydə vəfat etmiş şair öz ədəbi mühitində simvolizmin öncüllərindən sayılır. Ən populyar şeirlərindən biri “Merdiven”dir.

Madam özünə “Milli” deyən, el arasında isə “Molla” kimi tanınan Şuranın şənbəyə təyin etdiyi mitinq az qala şeir müsabiqəsinə çevrildi, biz də sözümüzə elə Əhməd Haşimi yada salmaqla başlayaq.

Yox, qəsdimiz mitinq tamadaları ilə peşəkar ədəbiyyat barədə mübahisə etmək deyil əsla. Bu mövzuda Gültəkin Hacıbəyli ilə Cem Yılmazın “Vahşi Batı” filmində özünə əl qataraq şeir deyən qızcığazdan danışmaq olar uzaqbaşı. Öz aramızdır, həmin filmin həmin epizodunda düzənlənən tədbir qədər olmasa da, hər halda xeyli komik oldu Molla Şurasının aksiyası. Elə buna görə də dərhal lağlağıya çevrildi, gülüş, rişxənd hədəfi oldu.

Hər halda uzun illərin müxaliflərinin uzun illərin hakimiyyətindən “metroda öpüşməyə imkan verin” tələbi ilə meydana çıxması- həm də o qədər mollanın, axundun , alnı möhürlü, əli təsbehlinin arasında- başqa cür qarşılana bilməzdi. Zira, artıq neçənci dəfədir ki, Milli Şura mitinq keçirəcəyini bəyan edir, “Məhsul” stadionunu Hacı Taleh Bağırzadənin və onun kimi “ağanın əlini öpmək” üçün növbəyə duranların şəkilləri ilə doldurur.

İşə baxın, mənim də diqqətim hər dəfə istər-istəməz “lider”ləri tribunaya qaldıran nərdivana yönəlir. “Ağır-ağır çıkacaksan bu merdivenlerden”- Əhməd Haşimin sözünü etdiyim məşhur şeirinin misrasıdır.

Siyasi mübarizə aparmaq, hakimiyyət iddiası ilə çıxış etmək əslində nərdivanlarla yuxarı - siyasi olimpin zirvəsinə qalxmaq cəhdidir.

Amma “Milli” deyən, el arasında isə “Molla” kimi tanınan Şuranın şənbə mitinqində tribunaya qoyulan nərdivanla nəinki dövlət idarəçiliyinə yüksəlmək, üzüm ayağınızın altına, heç tövlə damına da qalxmaq olmaz.

Nərdivan - bir simvoldur!

Mənim istənilən etiraza, istənilən aksiyaya, siyasi mübarizənin istənilən sivil formasına münasibətin mahiyyətcə müsbətdir.

Qoy, hər kəs sözünü desin, mövqeyini bildirsin, hökumət də öz siyasətində dəyişikliklər aparsın, korrektlər etsin. Nəyi pisdir bunun?

Pis olan budur ki, Əli Kərimlinin, Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin neçə müddətdir sosial şəbəkələr vasitəsi ilə təbliğatını apardığı aksiyanın nə ölkədəki narazılara dəxli var, nə də hökumətə təsiri.

Bir ölkədə hər kəsin hər şeydən razı olması mümkün deyil, bu təbiidir.

Bir ölkədə siyasi partiyaların ilk işi sosial narazaları öz ətrafına yığmaqdır, bu da təbiidir.



Bəs, niyə sosial narazılar Əli Kərimliyə, Cəmil Həsənliyə, Gültəkin Hacıbəyliyə inanmır, onların çağırışına məhəl qoymur, hətta keçirdikləri tədbirə sosial şəbəkələrdəki statuslarını “like” edənlər qədər adam qatılmır?

Səbəb çoxdur, sırf sosioloji baxımdan bu barədə cild-cild kitab yazmaq olar. Amma əsas səbəb, sizə qəribə, gülməli gəlməsin, nərdivandır. Özünə “Milli” deyən, el arasında “Molla” kimi tanınan Şuranın uğursuzluq simvoludur nərdivan.

* İnsanlar hər zaman və hər yerdə qələbəyə yaxın, zəfər müjdəsi verən qüvvələrə meyl edir, illərin, on illərin xroniki məğlubiyyət sindromu ilə üzləşmiş tiplərə kimsə güvənməz.

* Uzun zaman hakimiyyətə gələ bilməyən, seçkilərdə iştirak etməkdən qorxan və ya iştirak etdiyi seçkiləri mütamadi olaraq uduzan siyasətçilər bu yenilgilərini ancaq və ancaq ardıcıl ideoloji xəttlə kompensasiya edə bilər. Əlbəttə, Əli Kərimlinin, Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin timsalında hakimiyyətin himayəsi ilə deputat olmuş şəxslərdən belə bir idealizm gözləmək əbəsdir. Sadəcə, nəzəri cəhətdən məsələ belədir. Bir yanda metroda öpüşmək ehtirasında, o yanda bütün qadınları çadraya bürümək iddiasında olanlara “göy muncuq” dağıtmaqla ideoloji cazibə mərkəzi olmaq qeyri-mümkündür.

Bu iki mühüm detalı söylədikdən sonra qayıdaq nərdivana.

Azərbaycanda sosial-iqtisadi vəziyyət, insanları ehtiyac və tələbatları çoxdan dəyişib. Azərbaycan insanının həyat obrazı kasıb, ələbaxan, nimdaş , sısqa və uğursuz insanlara nəzərən formalaşmır. Elə həmin aksiyanın təşkilatçılarının tez-tez yada saldığı faktı xatırlasaq, bu ölkənin insanları Gürcüstanda, Türkiyədə dincəlmək üçün hər il yüz milyonlarla pul xərcləyir. Gedə bilməyənlər də gedə bilənlərə baxır, özünü onlarla müqayisə edir, həyat şəraitini yaxşılaşdırmağa can atır, planlarını zənginləşməyə yönəlir. Nəticədə vətəndaşın həyat obrazı təbii şəkildə kapitalist xarakter alır.

İndi gəlin birgə düşünək.

Bakı şəhər meriyası “Məhsul” stadionunda olsa da müxaliflərə aksiya keçirmək üçün izn verib. İzn veribsə, polis hücum etməyəcək (iznsiz aksiyalara münasibət Almaniyada da kəskindir, Hollandiyada, ABŞ-da da- T.Ş), tribunanı, platformanı, stendləri dağıtmayacaq. Bu da bəllidir. Bəs, kim, nə mane olur könlündən ölkəni idarə etmək keçən Əli Kərimliyə, Cəmil Həsənliyə, Gültəkin Hacıbəyliyə? Ki, mitinq alanına yaxşı tribuna quraşdırsınlar, o tribunaya bir xalça sərsinlər, normal mikrofon, böyür-başına iri ekranlar quraşdırsınlar, bir sözlə, “effekt” alsınlar?

Bunları da keçdik, kim mane olur tribunaya qalxmaq üçün heç olmasa 200-300 manata başa gələcək bir pilləkan sifariş verməyə?

Pullarımı yoxdur?

Əgər pulları yoxdursa, siyasətlə niyə məşğul olurlar?

Bu dünyanın harasında hakimiyyətə lopuqla gəlinir?

Tez-tez həsədlə baxdıqları Ukraynada Yuşşenko da, Timoşenko da hakimiyyətə gəlmək üçün öz ciblərindən (xaricdən alınan milyardları demirəm hələ) yüz milyonlarca para xərcləmişdi.

Vətəndaşın səsi və siyasi mövqeyi onun prestijidir.

Özünə hörmət etməyən, özünün çıxdığı tribunaya bir nərdivan sifariş etməyə xəsislik edən “lider”in arxasında kimsə getməz. İnsanlar rahatlığa, komforta, rifaha meyillidir, proletar və bolşevik təfəkkürü, yanaşması ilə onların xoşbəxtlik anlayışı ziddiyət təşkil edir.

Sınıq-salxaq nərdivanla tribunaya çıxan siyasətçilər özünü məzlumluğa qoya, hətta özünü məzlum göstərmək üçün bundan bir fənd olaraq istifadə edə bilər, amma nəticədə zavallı təsiri bağışlayacaq.

Üstəlik, məsciddən başlayan, dindar kütlənin qəzəbindən keçən mübarizənin Suriyadakı son dayanacağını görürsə...

Odur ki, Molla Şurasının nərdivanı Azərbaycanı inkişafa, tərəqqiyə, rifaha aparmır, Suriya cəhənnəminə endirir.

Cəhənnəmə gedən hər zaman yoldaş arayar, amma elələrinə kim yoldaş olar ki?!..


Taleh Şahsuvarlı
AzVision.az



Teqlər: #MilliŞura   #Mitinq   #Təhlil  





Xəbər lenti