Suriya düyünü: Tramp Putinə qarşı – TƏHLİL

Suriya düyünü: Tramp Putinə qarşı – TƏHLİL
  10 Aprel 2017    Oxunub:8598
Birləşmiş Ştatların 45-ci Prezidenti Donald Tramp hələ seçki kampaniyası zamanı Suriya münaqişəsi ilə bağlı müxtəlif fikirlər səsləndirmişdi. Onun dedikləri Bəşər Əsədi dəstəkləyən Rusiya hökumətində böyük ümidlər doğurdu. Lakin prezidentlik kürsüsünə əyləşən Tramp qısa müddət sonra Putinin istək və maraqları daxilində davranmayacağını əyani şəkildə göstərməyə başladı.

2016-cı ilin noyabr ayında seçki kampaniyası zamanı Donald Tramp açıq şəkildə bəyan etmişdi ki, Orta Şərqə müdaxilə yanlışdır. O, hərbi müdaxilələrə vəsait xərcləyən ABŞ rəhbərliyini tənqid atəşinə tuturdu. Bəyan edirdi ki, Rusiya ilə birlikdə İŞİD-i məğlub edəcək, Suriya böhranını danışıqlarla çözməyə çalışacaq.

2015-ci ildə CBS-nin "Face The Nation" proqramına verdiyi müsahibəsinə Donald Tramp belə söyləmişdi: "Putinlə, yəqin ki, bir-birimizi çox yaxşı başa düşəcəyik".

Tramp bildirirdi ki, Orta Şərqdəki problemlərin həlli bilavasitə oradakı güclü yerli liderlərdən asılıdır. Lakin hazırda Tramp hökumətinin Bəşər Əsədin getməsini istəməsi öncə söylədikləri ilə qətiyyən uyuşmur. Buradan da aydın sezilir ki, Vaşinqtonla Moskva arasında yeni Suriya böhranı yaşanmaq üzrədir.

Sadalanan faktlara rəğmən, hazırda Suriya böhranı ilə bağlı ABŞ və Rusiya arasında yeni ziddiyyətlərin işartıları görünməkdədir. ABŞ-ın dövlət katibi Reks Tillersonun Ukrayna münaqişəsi ilə də bağlı Rusiyanı “təcəvüzkar” adlandırması müəyyən mətləblərə işarədir.

Tehranın Moskva ümidi

2016-cı ildə İran Həmədan hərbi bazasından Rusiyaya məxsus hərbi qrıcıların ucuşuna və İŞİD-i vurmasına izn vermişdi. Lakin sonrada bəlli səbəblərdən bu razılaşma pozuldu. Hazırda Rusiya və ABŞ-ın Suriya ətrafında razılaşa bilməməsi, üstəlik Trampın anti-İran baxışları, rəsmi Tehranı təkrar Rusiyaya üz tutmağa vadar edir. Bunu İran Prezidenti Həsən Ruhaninin mart ayında gerçəkləşən Rusiya səfərindəki ana mövzular (Suriya, Yaxın-Orta Şərq) da təsdiqləyirdi. Səfərdə bir nömrəli müzakirə məsələsi məhz Suriya münaqişəsi idi. Bununla yanaşı, İranın xarici işlər naziri Cavad Zərif şəxsən açıqladı ki, Rusiya Suriyadakı hərbi əməliyyatlarda İrana məxsus hərbi bazalardan yenidən istifadə edə bilər.



Düzdür, İran daha öncə də Həmədan hərbi bazasından istifadə üçün Rusiyaya icazə vermişdi, amma Suriya konflikti ilə bağlı Rusiya-İran arasında yaşanmış məlum zidddiyyətlərdən dolayı əməkdaşlıq qəfildən dayandırıldı. Görünür, indiki zamanda ABŞ-ın Suriya fəallığı təkrar Moskva ilə Tehranı işbirliyinə sövq edir.

Suriya ətrafında Tramp-Putin toqquşması

ABŞ-ın dövlət katibi Reks Tillersonun Rusiyanı 2013-cü il Suriyada kimyəvi silahların qadağan olunmasına dair sazişin pozulmasının qarşısını ala bilməməsində, eləcə də "bacarıqsızlıqda", razılaşmanın pozulması ilə "birbaşa əlaqəli olmaqda" ittiham etməsi çox ciddi nüansdır. Buradan aydın görünür ki, Tramp hökuməti rəsmi Kremli çəkinmədən aşkar günahlandırmağa başlayıb.

Birləşmiş Ştatlar hökuməti Suriyada kimyəvi silahlardan istifadə ilə bağlı bəyan etdi ki, Amerika cavab zərbələri endirməyə hazırlaşır və bu barədə Rusiyaya məlumat verilib. Lakin Rusiyanın razılığı gözlənilməyəcək. Həmin ərəfədə ABŞ dövlət katibinin səsləndirdiyi bu fikirlər tərəflər arasındakı ziddiyyətlərə işıq saldı: "Bizim heç bir şübhəmiz yoxdur ki, İdlib əyalətində baş vermiş dəhşətli hücuma görə məsuliyyət Bəşər Əsədin rəhbərliyi ilə Suriya hökumətinin üzərinə düşür və Rusiya bundan sonra da Əsəd rejimini dəstəkləmək barədə ciddi düşünməlidir".

Bunun ardınca Prezident Donald Trampın Suriyada kimyəvi silahdan istifadəni "insanlığa təhqir” adlandırması, əslində, ABŞ və Rusiya arasında dərinləşən fərqli fikirlərin olduğuna dəlalət edir. Əsəd və tərəfdarlarının qəti şəkildə cəzalandırılmalı olduğunu bildirərən Tramp bir daha situasiyaya izah vermiş oldu.

Bu hadisədən qısa müddət sonra isə ABŞ-a məxsus aviasiya və hərbi gəmilər Homsdakı Suriya ordusunun "Şəyrat" bazasına 50-dək raket atıb. Rəsmi Vaşinqton raket zərbələrinin endirilməsini kimyəvi silahdan istifadəyə cavab kimi göstərir. Lakin ən maraqlısı həmin Suriya bazasının İŞİD-ə qarşı hərbi əməliyyatlarda müstəsna rol oynamasıdır. ABŞ-ın məhz həmin aviabazanı vurması heç də təsadüfə bənzəmir. Və ümumiyyətlə, siyasətdə təsadüflər olmur.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti