Məmmədyarov Polşanın dövlət katibi ilə görüşüb

Məmmədyarov Polşanın dövlət katibi ilə görüşüb
  12 Aprel 2017    Oxunub:1094
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşa Prezidenti Administrasiyasinin dövlət katibi Kşiştof Şçerski ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub və bu istiqamətdə yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib. 

Görüşdə Polşanın Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair sazişin imzalanmasını dəstəklədiyi və bu strateji sənədə mühüm əhəmiyyət verdiyi vurğulanıb.

Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verib və münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi, həmçinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələbləri əsasında həll edilməli olduğunu diqqətə çatdırıb.

E.Məmmədyarov həmçinin Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin perspektivlərindən danışaraq, nəqliyyat sahəsində Polşa ilə əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətli fayda verə biləcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Azərbaycan   Polşa  





Xəbər lenti