Moskva görüşünün nəticələri: Putin Əsədi qoruyacaqmı?(ŞƏRH)

Moskva görüşünün nəticələri: Putin Əsədi qoruyacaqmı?(ŞƏRH)
  13 Aprel 2017    Oxunub:2756
Ötən gün Moskvada dünyanın diqqətlə izlədiyi görüş baş tutub. ABŞ dövlət katibi Reks Tillerson və Rusiya xarici işlər naziri Sergey Lavrov görüşü 5 saat çəkib. Görüşdən sonra keçirilən nazirlərin mətbuat konkransında ABŞ-ın dövlət katibi Reks Tillerson deyib ki, Rusiya və ABŞ Suriyada əməkdaşlıq məsələsində razılığa gəlib.
Tillerson bildirib ki, Suriya ilə bağlı müzakirələri davam etdirmək istəyirlər: “Bizim əməkdaşlığımıza mane olmaq cəhdləri var idi. Düşünürük ki, bu heç də uzaqgörən yanaşma deyil. Tarix göstərib ki, Moskva və Vaşinqton əməkdaşlığından təkcə xalqlarımız deyil, bütün dünya udur”.

Tillerson vurğulayıb ki, artıq Əsəd rejiminin sonu çatıb: “Mövqeyimiz ondan ibarətdir ki, Əsəd rejiminin sonu çatıb. Bir neçə illər ərzində davam edən müharibə onların günahıdır”.

Nazirlərin Moskva görüşünü AzVision.az-a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, ABŞ dövlət katibi Reks Tillersonun Rusiyaya ilk rəsmi səfəri iki ölkə arasındakı heç bir fundamental problemi həll etmədi: “Buna baxmayaraq, dialoq rəsmən başladı və Rusiya prezidenti Vladimir Putin amerikalı diplomatı qəbul etdi. Halbuki, son saatlara qədər belə bir görüşün baş tutub-tutmayacağı bəlli deyildi. Bu görüş iki ölkə arasındakı prinsipial fərqi ortadan qaldırmır. Rusiya Əsədə dəstəyini davam etdirir, ABŞ isə onu devirməyə çalışacaq”.

E.Şahinoğlu hesab edir ki, Əsədin qorunması Kremlə baha başa gəlir: “Çünki, həm maliyyəsi gedir, həm də Qərblə münasibətləri getdikcə gərginləşir. Hesab edirəm ki, Kreml Əsədi öz ətrafından əvəz edə biləcək fiqur axtarışına başlaya bilər. Elə Tillerson da Moskvada bir cümlə ilə ona işarə etdi ki, Əsədin bir başqasıyla əvəz olunmasına etiraz etmirlər. Moskva üçün önəmli olan Əsədi əvəz edəcək şəxsin Rusiya ilə strateji tərəfdaşlığı davam etdirməsi, Rusiyanın bu ölkədədəki hərbi bazalarının varlığını sürdürməsidir. Məncə, Vaşinqton buna etiraz etməz”.

Politoloq Fikrət Sadıqovun fikrincə, bu görüş Rusiya-ABŞ münasibətlərinin yumuşalmasına təkan verəcək: “Tillerson-Lavrov görüşündən müsbət bir nəticə alınmadı. Onlar faktiki olaraq heç bir razılığa gəlmədilər. Lakin Rusiya və ABŞ başa düşür ki, onların Yaxın Şərqdə atacaqları addımlarından çox şey asılıdır. Hətta, mövqelər koordinal şəkildə bir-birinə uyğun olmasa da görüşlərin baş tutması müsbət haldır. Əks təqdirdə vəziyyət daha da gərginləşər, toqquşmalar yaşana bilər.

Hesab edirəm ki, bu görüş ABŞ və Rusiya arasında illərdir davam edən gərginliyi mülayimləşdirə bilər. Ancaq, bu iki dövlət arasında münasibətlərin yaxşılaşması haqqında danışmaq hələ çox tezdir”.

F.Sadıqov qeyd edib ki, Moskva görüşündə Suriya böhranın həlli istiqamətində heç bir nəticə əldə olunmayıb: “Rusiya açıq şəkildə Bəşər Əsədi dəstəkləyir. Çünki, Əsəd hakimiyyətdən gedərsə, Rusiya hazırda Yaxın Şərqdəki yeganə dayaq nöqtəsi olan Suriyanı itirəcək. ABŞ və Qərb bunu yaxşı dərk edir və bu amildən maksimum yararlanmağa çalışır. Hesab edirəm ki, Suirya ilə bağlı məsələ yeni formata keçəcək. Yəni, böhranın həlli uzun müddətli prosesə çevriləcək. Çünki, Suriyada hər tərəfin öz marağı var. Bu maraq isə böhranın uzun müddət davam etməsini şərtləndirir”.

Elvin Abdulqədirov
AzVision.az




Teqlər: ABŞ   Rusiya   Tillerson   Lavrov   Suriya  





Xəbər lenti