Vüqar Bayramov :`Sosial Kirayə Fondu yaradılsın`

  29 Avqust 2013    Oxunub : 1466
Vüqar Bayramov :`Sosial Kirayə Fondu yaradılsın`
İqtisadçı Vüqar Bayramov facebook profilində kirayə qiymətlərinin bahalığından gileylənib. Qiymətlərin tənzimlənməsi istiqamətində təkliflər irəli sürüb :

-Son bir ildə Bakının kirayə mənzil bazarında qiymətlər 20 faizə yaxın yüksəlib. Bu, paytaxtdan kənardan Bakıya müşahidə edilən axın və eləcə də ölkəyə gələn turistlərin bir qisminin xüsusən də tələbələrin, tədqiqatçıların otellərdən daha çox kirayə evlərdə məskunlaşması ilə bağlıdır. Təhsil mövsümünün başlaması ilə daha da sürətlənən qiymət artımı prosesi sentyabr ayının sonlarınadək davam edəcəyi gözlənilir.

Tələbələr üçün universitetlərin kampus və yataqxanalarda malik olması problemin yumşalmasına gətirib çıxara bilər. Təəssüf ki, universitetlərin böyük əksəriyyətinin hələ də kampusu yoxdur. Hətta bu halda belə kirayə evlərə tələbələrin tələbatı qalacaq. Amma nəzərə alsaq ki, kirayə evlərdən yalnız tələbələr deyil eyni zamanda gənc ailələr də istifadə edir o zaman kirayə haqqlarının tənzimlənməsinin əhəmiyyətini təssəvvür etmək çətin olmaz.

Bəs, kirayə haqqlarından müşahidə edilən artımın qarşısını necə almaq olar?

Dünya praktikasında problemin aradan qaldırılmasının 2 mümkün yolu var. Birinci daha çox inzibatı müdaxilə kimi qiymətləndirilir və bu nə qədər qəribə görünsə də liberal iqtisadiyyata malik Amerika Birləşmiş Ştatlarında tətbiq edilib.

Qiymətlərə maksimum (price ceiling) və ya hətta minimum (price floor) hədlərin müəyyənləşdirilməsinə hələ qədim dövrlərdən təsadüf edilir. Orta əsrlərdə çörəyin qiyməti üçün maksimum hədd müəyyənləşdirilmişdi. Amma “qiymət tavanı” üçün ən çox müraciət edilən nümunə ABŞ-da İkinci Dünya müharibəsindən və 1971-73-cü illərdə Nikson administrasiyası tərəfindən tətbiq edilən kirayə haqları üçün maksimum qiymətin müəyyənləşdirilməsidir. Müharibədən sonra vətənlərinə qayıdan döyüşçülər Birləşmiş Ştatların iri şəhərlərində məskunlaşmağa başladılar. Onların çoxunun ailə qurması isə Nyu-York kimi iri şəhərlərdə ev kirayəsinə olan tələbatı artırdı.

Təbii ki, müharibədən yenicə qayıdanların alıcılıq qabiliyyətləri təkliflə uzlaşmırdı və bu da kirayə haqlarının yüksəlməsinə gətirib çıxardı. Belə olan halda ABŞ hökuməti “ev problemini” kirayə haqlarına qiymət tavanı müəyyənləşdirməklə həll etdi.

Maraqlıdır, ABŞ-ın bəzi şəhərlərində həmin “tavanlar” hələ də qüvvədə qalıb. Azərbaycanda da qiymət tavanın müəyyənləşdirilməsi mümkündür. Bu zaman, inzibati olaraq yerləşmə zonalarından asılı olaraq paytaxtda otaqların sayından asılı olaraq qiymət tavanlarının müəyyənləşdirilməsi həyata keçirilə bilər.

İkinici metod da dövlətin müdaxiləsini nəzərdə tutsa bu daha çox stimullaşdırmaya xidmət edir. Bu zaman ölkədə sosial mənzil fondu formalaşdırılır və həmin fond daxilində mənzillər uzun müddətli dövrdə aşağı ödənişlə gənc ailələrə və ya tələbələrə təklif edilir. “Mənzil” Məcəlləsində sosial mənzil fondunun yaradılması məsələsi öz əksini tapsa da hələlik bu istiqamətdə real addımlar atılmayıb. Digər ölkələrin təcrübəsi göstərir ki, sosial mənzil fondunun formalaşması üçün büdcədən tikinti üçün vəsait ayrılmalıdır və özəl şirkətlər tərəfindən bu tikilərək dövlətə təhvil verilməlidir. Bu mənzillər müvafiq dövlət qurumunun - bizim misalda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilə bilər.

Bu mənzillər az təminatlı ailələrə yalnız kirayəyə deyil, aşağı qiymətlə uzun müddətə kreditə də verilə bilər. Məsələn, Türkiyədə sosial mənzil layihəsi çərçivəsində evləruzun müddətli kreditə verilir və ailənin aylıq ödənişi təxminən 100 dollar ətrafında dəyişir. Bu, İstanbul və Ankara kimi şəhərlərdəki kirayə qiymətlərindən xeyli aşağıdır. Bu pulu ödəyən ailə 25 ildən sonra mənzilə sahib olur. Kirayə sosial evlər hal-hazırda bir sıra inkişaf etməkdə olan ölkələrdə o cümlədən qonşu Rusiyada istifadəyə verilib. Azərbaycanın maliyyə imkanlarının genişliyini nəzərə alsaq qısa zamanda ölkəmizdə də bunun tətbiqi realdır.

Təbii ki, sözügedən yanaşmalar arasında ən məqbulu ölkəmizdə Sosial Kirayə Fondunun formalaşmasıdır.

Nihadə Eyyubova

Teqlər: