İbrahimbəyov ermənilərin dostundan film çəkir

İbrahimbəyov ermənilərin dostundan film çəkir
  29 Avqust 2013    Oxunub:1304
Beləliklə, bəlli oldu ki, Rüstəm İbrahimbəyov hazırda Dağıstandadır və Rəsul Həmzətov haqqında film çəkir. “Tezliklə Rəsul Həmzətovun 90 illiyidir. Mənim kinoşirkətim onun haqqında film çəkir. Gəlmişəm ki, çəkilişlərin gedişatı ilə tanış olum, tezliklə Moskvaya qayıdacağam”,- deyə rejissor-namizəd bildirib.

Hələ də Milli Şuranın ƏSAS vahid namizədi olan və MSK-nın qərarından appellyasiya şikayəti verən İbrahimbəyovun bu açıqlamasından ortaya çox mətləblər çıxır.

Birincisi, “mənim kinoşirkətim” ifadəsinə diqqət yetirin. Bu, o deməkdir ki, İbrahimbəyovun Rusiyada kino şirkəti, deməli, həm də biznesi var. Biznesi varsa, demək, Rusiya dövlətinin qarşısında ən azından vergi ödəmək ÖHDƏLİYİ var. Bu öhdəlik ola-ola və özü bunu etiraf edə-edə İbrahimbəyov hələ də prezident seçkisində namizəd olmaq iddiasından əl çəkmir! Halbuki, son həftələrdə az qala hər gün yazılır, deyilir ki, başqa dövlətin qarşısında öhdəliyi olan şəxs prezidentliyə namizəd ola bilməz!

İkincisi, belə bir məsuliyyətli, həssas dövrdə İbrahimbəyov məhz kimin haqqında film çəkir? Vaxtilə Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasının tərəfdarı olan bir şəxsin haqqında!

Yada salaq ki, Rəsul Həmzətov SSRİ Ali Sovetinin 18 iyul 1988-ci il tarixli məşhur sessiyasında Qarabağ məsələsində Qorbaçovun xəttini dəstəkləyərək, nə demişdi: “...Bu gün sərt dalandan qurtulmağın yollarını müzakirə edərkən səhvə yol verə bilmərik. Vicdanla etiraf etmək lazımdır, belə bir səhvi az öncə burada çıxış edən Ermənistan və Azərbaycan Ali Sovetlərinin sədrləri etdilər. Onların təklif etdikləri variantları, mən bir dağlar övladı kimi, dəhşətli dağ uçqununun ilk qəlpəsi kimi dəyərləndirirəm. Bəs biz nə etməliyik? Mənim təklifim çox sadədir: bir halda ki, hər şey Konstitusiyamıza uyğun gəlir, onda mövcud vəziyyəti olduğu kimi saxlamaq məsləhətdir. Eyni zamanda, prinsipial qərarlar qəbul edənədək Dağlıq Qarabağı müvəqqəti olaraq İttifaq orqanlarının idarəçiliyinə vermək lazımdır”.

Başqa sözlə, Rəsul Həmzətov Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın hüquq məkanından çıxarmağa çağırırdı. Onun həmin dövrdəki çıxışlarından sonra azərbaycanlı oxucular Həmzətovun kitablarını etiraz əlaməti olaraq özünə göndərirdilər. İndi isə Azərbaycanda prezidentliyə iddialı olan biri həmin şəxsin 90 illiyi ilə bağlı film çəkir.

Maraqlısı budur ki, Mili Şuradakılar özləri sədrlərinin və ƏSAS vahid namizədlərinin harada olduğundan xəbərləri olmadıqlarını deyirlər.

Görəsən, Rüstəm İbrahimbəyov özü nə elədiyini başa düşürmü? Bir yandan namizədlik iddiasında qalıb, o biri yandan Rusiyada biznesinin olduğunu etiraf edir; bir tərəfdən Azərbaycan xalqından pul istəyib, o biri tərəfdən ermənilərin dostu haqqında film çəkir...

Maraqlıdır, o, özü başa düşürmü ki, hərəkətləri nə qədər ziddiyətli və anormaldır? Əgər bunu başa düşmürsə, onu siyasətə kim dürtüb görəsən? Yox əgər başa düşür və edirsə, demək, xalqın fikri sadəcə olaraq onun heç vecinə də deyil.

Tariyel Həsənov
AzVision.az



Teqlər:





Xəbər lenti