Kollecdə könüllülərlə görüş keçirilib - Fotolar
Daha sonra İslam Həmrəyliyi Oyunları barədə geniş məlumat verən X.Məcidov bu yarışların İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) tərəfindən keçirilən çoxmillətli, çoxnövlü idman tədbiri olduğunu vurğulayıb. Deyib ki, IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərar 2013-cü il iyulun 24-də İHİF-in Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil edilmiş səkkizinci Baş Assambleyasında qəbul edilib. O, 2015-ci il sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ilin mayında Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzaladığını da qeyd edib. Bildirib ki, sərəncama əsasən, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri təyin edilib. Direktor müavini bu günə qədər Azərbaycanın bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdıraraq, bu yarışların da yüksək səviyyədə baş tutacağına əmin olduğunu söyləyib.
Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru Varis Allahverdiyev görüşdə çıxış edərək bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsinin 112 tələbəsi IV İslam Həmrəyliyi Oyunlarına könüllü qismində qatılacaq. O, həmin tələbələrin əksəriyyətinin açılış və bağlanış mərasimlərində iştirak edəcəyini, kollecin tələbəsi Talıb Tağıyevin isə mart ayının 1-dən başlayaraq İslam Oyunları Əməliyyat Komitəsində koorporativ işlər üzrə asissent vəzifəsində çalışdığını, bu vəzifəni may ayının 31-ə qədər davam etdirəcəyini qeyd edib. Direktor bu faktı gələcəyimiz olan gənclərə, tələbələrə, o cümlədən Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsinə göstərilən böyük etimad, inam kimi dəyərləndirib. Direktor kollecin tələbələrinin hamısının öz istəyi ilə, heç bir kənar təsir olmadan IV İslam Həmrəyliyi Oyunlarına könüllü yazıldıqlarını xatırladıb.
Direktor V.Allahverdiyev mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında dünyanın 4 qitəsindəki 57 ölkədən 5 mindən artıq atletin 21 idman növü üzrə 270 dəst medal uğrunda mübarizə aparacağını da tələbələrin diqqətinə çatdırıb. Bildirib ki, “Gücümüz həmrəylikdədir” şüarı altında Bakıda təşkil ediləcək oyunlara ümumilikdə səkkiz min könüllü cəlb edilib. O, tələbə-könüllülərə üzərlərinə götürdükləri vəzifəyə daha məsuliyyətlə yanaşmağı, nümunəvi davranışları ilə Bakı İdarəetmə və Texnologiya Kollecinin adını ucaltmağı tövsiyə edib. Direktor V.Allahverdiyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın təbliğində və tanıdılmasında xüsusi yer tutduğunu da dilə gətirib. Qeyd edib ki, bu cür beynəlxalq əhəmiyyətli tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi iqtisadi və siyasi cəhətdən də olduqca əhəmiyyətli hadisədir.
Görüşdə kollecin tələbə - könüllüləri də çıxış edərək fikir və təkliflərini səsləndiriblər. Eyni zamanda tələbələri maraqlandıran suallar kollecin rəhbərliyi tərəfindən ətraflı cavablandırılıb. Görüşün sonunda xatirə şəkli çəkdirilib.
AzVision.az