Tramp niyə “erməni soyqırımı” demədi? – TƏHLİL

Tramp niyə “erməni soyqırımı” demədi? – TƏHLİL
  25 Aprel 2017    Oxunub:6040
ABŞ prezidenti Donald Trampın 1915-ci il hadisələri ilə bağlı bəyanatı Ermənistanı məyus edib. Ermənilərin gözləntilərinin əksinə olaraq, Tramp 102 il əvvəl baş verən olayı “soyqırım” deyil, “böyük fəlakət” adlandırıb.
Hansı ki, Tramp təzəcə prezident seçiləndə erməni lobbisi Ağ evin yeni rəhbərinin qondarma soyqırımı tanıyacağına ümid edirdi. Hətta erməni KİV-lərində Trampın Ermənistanı dəstəkləyəciyi haqda ağlasığmaz fikirlər səsləndirilirdi.

Ağ evdən verilən bugünkü bəyanat göstərdi ki, işğalçı Ermənistan və məkirli “soyqırım” planı ABŞ-ın maraq dairəsində deyil və bu ölkənin siyasi xəttinə ziddir.

Tramp niyə “erməni soyqırımı” demədi?

Bu sualın cavabı qısa və başadüşüləndir. Yeri gəlmişkən, Ağ ev rəhbərlərindən heç biri indiyədək bu ifadəni işlətməyib. Nə Tramp, nə də ABŞ-ın digər başbilən şəxsləri dünya üçün zərrə qədər əhəmiyyəti olmayan ölkənin uydurma “soyqırım” iddiasını tanımaqla Türkiyə kimi strateji müttəfiqi itirmək istəyər. Tramp ara-sıra qalmaqallı açıqlamaları ilə gündəmə gəlsə də, o, belə bir tarixi səhvə yol verə bilməzdi.

ABŞ rəhbəri yaxşı anlayır ki, bir ovuc erməniyə görə Türkiyə ilə münasibətləri korlamaq olmaz. Bu gün Türkiyə İŞİD-lə mübarizədə, Suriya münaqişəsinin və Avropanı cənginə alan miqrant probleminin həllində aparıcı rola malikdir. Daha dəqiq desək, açar rolunu oynayır.

Bundan əlavə Türkiyə regional oyunçu və etibarlı müttəfiqdir. Türkiyə həm də NATO-nun üzvüdür. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, ABŞ Ermənistan kimi təcrid olunmuş bir dövlətin maraqlarına dəstək olmaqla Türkiyə ilə münasibətləri kəsmək niyyətində deyil. Əksinə Birləşmiş Ştatlara Türkiyə kimi güclü və lider tərəfdaş lazımdır. Şübhəsiz ki, Tramp 24 aprel bəyanatında bunları mütləq nəzərə alıb.

Hazırki geosiyasi vəziyyət göstərir ki, ABŞ-Türkiyə münasibətlərinin inkişafında həm Vaşinqton, həm də Ankara maraqlıdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Trampın bu yaxınlarda baş tutacaq görüşü iki ölkə arasında əlaqələrin yeri mərhələyə qədəm qoymasından xəbər verir. Obamanın dövründə isə vəziyyət bir qədər fərqli idi.

Siyasi təhlilçilər hesab edirlər ki, Tramp Türkiyə ilə əməkdaşlığa Obamadan daha çox önəm verir. Həmçinin Ərdoğan da ABŞ-ın Suriya siyasətini "iki əlli" dəstəkləyir. Bir neçə gün əvvəl Suriyada Əsəd qüvvələrinə aviazərbələr endiriləndə ABŞ-ın müdafiəsinə qalxan ilk liderlərdən biri Ərdoğan oldu. Baxmayaraq ki, Rusiya bunu etirazla qarşılamışdı. Bu konteksdə Ankara-Moskva əlaqələri pozula bilərdi. Amma, Ərdoğan düzgün olanı etdi və bununla dünyanın ən güclü dövlətinin siyasi rəhbərliyinin rəğbətini qazandı. Nəticə göz önündədir.

Proseslərin gedişatı deməyə əsas verir ki, nə indi, nə də gələcəkdə Ağ ev rəhbərinin "erməni soyqırımı" ifadəsini dilə gətirməsi real görünmür. Görünən odur ki, ABŞ-ın daha bir prezidentinin 102 illik yalanı tanımaması ermənilərin və Qərbdəki nüfuzlu lobbiçilərin əsrlərdən gələn ümidlərini sarsıtdı. Ermənistan diplomatiyası növbəti dəfə iflasa düçar oldu.

Tramp, bununla Sarkisyana və onun timsalında bütün dünyaya mesaj verdi ki, o, Ermənistanın yox, Türkiyənin yanındadır.

Anar Rüstəmov
AzVision.az


Teqlər: ABŞ   Tramp   Qondarma-Soyqırım  





Xəbər lenti