Ermənistanın növbəti siyasi təxribatı - XİN çağırış etdi

Ermənistanın növbəti siyasi təxribatı - XİN çağırış etdi
  27 Aprel 2017    Oxunub:1909
13-15 sentyabr 2017-ci il tarixində Ermənistan tərəfindən Yerevanda və Azərbaycanın işğal edilmiş ərazilərində “Tibbdə reabilitasiyanın müasir aspektləri” mövzusunda VIII beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.
XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzVision.az-a bildirib ki, konfransda Rusiya, Çexiya, Tacikistan, Almaniya, Qazaxıstan, Özbəkistan və Gürcüstandan olan tibb üzrə mütəxəssislər dəvət olunublar.

Azərbaycanın işğal olunmuş ərazilərində bu tədbiri təşkil etməklə Ermənistanın məqsədi tibbi reabilitasiyanın müasir aspektlərini müzakirə etmək deyil. Ermənistanın güddüyü əsl məqsəd siyasi təxribat xarakteri daşıyır. Ermənistan bu yolla yenə də qondarma rejimi təşviq etməyə və dəvət olunan şəxsləri özünün siyasi təbliğat alətinə çevirməyə çalışır.

Bu Ermənistan tərəfindən həyata keçirilməsi planlaşdırılan növbəti təxribatdır. Konfransa dəvət olunan xarici ölkə vətəndaşlarını Ermənistanın bu yalanına uymamağa və rəsmi Yerevanın əlində təbliğat alətinə çevrilməməyə, işğal olunmuş ərazilərə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulması ilə müşayiət olunan qeyri-qanuni səfərlərdən çəkinməyə çağırırıq. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərlər hüquqi məsuliyyət ehtiva edir.

Vətəndaşları sözügedən tədbirə dəvət olunmuş ölkələri də öz vətəndaşlarının bu konfransda qeyri-qanuni iştirakının qarşısını almaq üçün təsirli addımlar atmağa çağırırıq.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: XİN   Azərbaycan   Ermənistan   Qarabağ  





Xəbər lenti