Marafonun qalibləri məlum oldu - (Yenilənib)

Marafonun qalibləri məlum oldu - (Yenilənib)
  30 Aprel 2017    Oxunub:4815
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu-2017”nin qalibləri məlum olub.
AzVision.az xəbər verirki, marafonda kişilər arasında birinci yerə Türkiyə vətəndaşı Aslan Veyzi çıxıb. İkinci yeri yenə türkiyəli Üzeyir Söyləməz, üçüncü yeri isə Rusiya vətəndaşı Vladislav Dimyanov tutub.

Qadınlar arasında finişə ilk çatan Türkiyə vətəndaşı Yayla Kiriç Ali bütün rəqiblərini arxada qoyub.

Marafonun ikinci yerini ukraynalı Valentina Poltovskaya, üçüncü yeri isə İran vətəndaşı Pevsina Arab tutub.

Yarışa 13 mindən çox insan qatılıb. Onlardan 1000-dən çoxu xarici ölkə vətəndaşıdır.

***
(09:55)

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Bakı Marafonuna start verilib.

AzVision.az xəbər verir ki, xeyriyyə məqsədi daşıyan yarışa 13 mindən çox iştirakçı qeydiyyatdan keçib.

Marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, təhsil naziri Mikayıl Cabbarov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Baş nazirin müavini Yaqub Eyyubov, Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi Anar Ələkbərov və bir sıra deputatlar iştirak edirlər.

Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 200-dək əcnəbi qoşulub. Tacikistan, Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin rəhbərləri və nümayəndələri, tələbələr, idmançılar, bir sıra tanınmış ictimai-siyasi xadimlər iştirakçılar arasında yer alıb.

Marafona, həmçinin İsveçrə, Meksika, İraq, Brzailiya, Ukrayna, Fransa,Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və digər ölkələrdən qoşulanlar da var.

Marafonun ən yaşlı iştirakçısı bu vaxtadək müxtəlif ölkələrdə 40-dək marafona qoşulan 78 yaşlı Tarverdi Əliyevdir.

Marafon Dövlət Bayrağı Meydanından start götürüb. Yarışın başlandığını elan edən atəşi Olimpiya çempionu, stend atıcılığı üzrə dünya çempionu Zemfira Meftahətdinova açıb.

Qeyd edək ki, “Bakı Marafonu-2017” yarışının mükafatlandırma mərasimi iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları ilk 3 yer uğrunda qaçış zolağında mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediləcəklər.

Bununla yanaşı, kişi və qadın kateqoriyası üzrə hər birində 3 iştirakçısı olmaqla, yarışda 4, 5 və 6-cı yerləri qazanan 6 nəfərə Avropa daxilində istədikləri ölkəni seçmək imkanı yaradılmaqla 2 nəfərlik səyahət bileti hədiyyə ediləcək.

7-ci və 8-ci yerin sahiblərinə “Bakı Marafonu-2017”nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, 9 və 10-cu yerin sahiblərinə isə 100 AZN-lik hədiyyə kuponu veriləcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Bakı-Marafonu  





Xəbər lenti