`İbrahimbəyov mənə dedi ki, İlham Əliyevi dəstəkləyəcək`
Bu sözləri jurnalistlərə açıqlamasında Əflan İbrahimov deyib.
O, bu gün keçirdiyi mətbuat konfransında “El”in yaranması və oradakı fəaliyyəti ilə bağlı danışıb.
O qeyd edib ki, “El” hərəkatı yaranan zaman onun həmtəsisçilərindən olsa da, sonradan kənarda qalıb və qurumun sədri seçilməyib: “Mən Rüstəm İbrahimbəyovun İlham Əliyevin namizədliyini dəstəkləməsi fikri ilə razılaşdım. 2011-2012-ci illərdəki görüşlərimizdə və “El”in yaradılmasının müzakirələrində İbrahimbəyov mənə dedi ki, biz 3-cü qüvvə kimi ortaya çıxaq. Buna görə də Eldar Namazovun namizədliyini irəli sürəcəyik. Mənə dedi ki, “El” hərəkatı yaradacağıq bizə kömək et. Bu təşkilat yarananda onun özəyində mən olmuşam.
“El” hərəkatının yaradılmasına yardımçı qüvvəni mən təşkil etmişəm. Təsis konfransındakı 5 nəfərdən biri mən idim. Elə bilirdim ki, məni hərəkata sədr seçəcəklər. Amma Rüstəm müəllim mənə zəng edib dedi ki, gəlin, Eldar Namazovu sədr seçək. Martın12-də “El” hərəkatı olaraq fəaliyyətə başladıq”.
Ə.İbrahimov Milli Şuraya üzvlüklə bağlı məsələyə də aydınlıq gətirib:
“Deyilmişdi ki 41 imza toplayan adam milli şuranın üzvü olacaq. Mən 42 imza topladım, amma məni üzv seçmədilər.Milli Şura yarananda orada iştirak edən 14 nəfərdən biri də mən idim. Onlardan 13-ü Milli Şuranın üzvü oldu. Həmin 14 nəfərin içində 9 nəfər eyni regiondan idi. Milli Şura bütün xalqın təşkilatı olmaq əvəzinə region təşkilatı oldu”.
Əflan İbrahimov deyib ki, qapalı iclaslarda ölkədə iğtişaşlar törətməklə bağlı fikirlər səslənib: “Eldar Namazov mənə dedi ki, Əli bəy təklif edib ki, bizim namizədliyimiz qeydə alınmasa, rayonlarda xaos yaradacağıq. Bunu deyəndə mən dedim ki, mən bu işə razı deyiləm. Mən müharibə veteranı idim. Bunu necə qəbul edə bilərdim. Əli kərimli nə bilir ki müharibə nədir? Onlar səhvlərini başa düşüb mənə yenidən müraciət etsələr komandamla birlikdə yığışıb onların işinə baxaram. Birliyə qəbul edib etməyəcəyimi dəqiq demək olmaz, ancaq işlərinə baxmaq olar”.
Qeyd edək ki, bu gün keçirilən mətbuat konfransında “El” hərəkatının Şamaxı, Xızı və Mingəçevir rayon təşkilatlarının sədrləri 9 oktyabrda keçiriləcək seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləyəcəyi barədə bəyanat veriblər.
Fatimə Kərimli