Öl, görək, bloggersənmi?

Öl, görək, bloggersənmi?
  01 May 2017    Oxunub:12796
- Rəhmətlik məşhur aktyor idi...
- Doğrudan? Hansı rolları var?
- Evdə oyun çıxardıb, telefonuna çəkirmiş. Öləndən sonra gördük.

* * *

- Rəhmətlik böyük müğənni idi...
- Ciddi deyirsən? Hansı məşhur mahnıları oxuyub?
- Karaokedə oxuyub, dostları telefonla çəkib, youtube-a qoyublar. Babat baxılır.


* * *

Məni qınamayın, amma rəhmətlik Mehman Qələndərovun ölümü ətrafında xaricdən maliyyələşən medianın və eyni işi görən Əli Kərimli ilə dəstəsinin yaratdığı siyasi şou ən azı bu misallardakı qədər absurd və anormaldır. Mehman necə insan idi, məqsədi nə idi, niyə tutulmuşdu, niyə intihar edib – bunlar ayrı məsələdir. Amma Mehman Qələndərov blogger idimi? Birmənalı olaraq YOX! Ortaya çıxan bütün sualları dünyasını dəyişən bir insana lazım olan hörməti qoymaqla da müzakirə etmək olardı. Nədir, bəyəm insan blogger deyilsə, onun qiyməti olmur? Niyə insanın ölümünü müzakirə etmək üçün onu mütləq “blogger” adlandırmalıyıq? Bu, nə yanaşmadır?!

- Blogger intihar edib!
- Doğrudan? Ay da... Hansı blogun müəllifi idi?
- Heç birinin. Feysbukda statuslar yazırdı.

Bir şəxs, bir azərbaycanlı olan Mehman Qələndərova görə çox üzgünəm, amma hər şeyi öz adı ilə çağıraq: Ölkədə bu adda bir blogger, siyasi fəal yox idi axı. İşimlə bağlı olaraq həm mediada, həm sosial şəbəkədə kifayət qədər aktiv olan mən belə, o adda nə blogger, nə də siyasi fəal tanıyırdım. Əgər adamın bloggerliyi feysbukda status yazmaqdan ibarət olubsa, ölkədə onun kimi azı 500.000 blogger var. Bu prinsiplə hər bir rəhmətə gedən insan üçün “blogger öldü” deyib, hay-küy salmaq mümkündür.

Blogger o şəxsdir ki, minlərlə izləyicisi var, yazdığı fikirlər ictimai-siyasi çevrələrdə ən azından yüngül də olsa, reaksiya doğurmağa qadirdir. Əgər hər status yazan adamı “blogger” adlandırsaq, bu məntiqlə, başqasına “get tullan” deyən şəxsi də yüngül atletika komandasının məşqçisi hesab edə bilərik. İşləri absurd palçığına zorla bu qədər soxanda çox ağ olur.

Mehmanın blogger olmadığını göstərən ən yaxşı misal budur ki, sosial şəbəkədə “Blogger Mehman intihar etdi” xəbəri yayılanda hamının ağlına Mehman Hüseynov gəlmişdi. Çünki cəmiyyət Mehman adında ayrı blogger tanımırdı. Hətta ən aktiv olanlar belə, tanımırdılar...

Niyə adamı ölümündən sonra məcburi qaydada bloggerə çevirirlər? Çünki xarici pullarla çalışan saytların və eyni işi görən Əli Kərimlinin siyasi biznes prizmasından baxanda “Mehman Qələndərov intihar etdi” xəbərindən heç nə qazanmaq mümkün deyil. Kimdir ki, Mehman Qələndərov? Onun intiharını heç bir beynəlxalq təşkilat hətta hesabatına da salmayacaq. Amma “blogger intihar etdi” – bax, bu, başqa məsələ! Bu, əladır, effektiv səslənir! Başlıq adama gəl-gəl deyir: “Azərbaycanda blogger intihar etdi!”

Bu xəbəri beynəlxalq təşkilatlar da həvəslə öz hesabatlarına salacaqlar, erməni mediası başda olmaqla, Azərbaycana qarşı olan KİV şəbəkəsi də həvəslə dərc edəcək. Zarafat deyil, ilin-günün bu vaxtında Azərbaycanda blogger intihar edib! Azərbaycan blogger cəhənnəmidir! Və bu cəhənnəmin alovları üzərində Əli Kərimlinin qalın qaşlı, ağ buxaqlı gözlərindən qığılcımlar saçılan sifəti məmnun bir təbəssümlə peyda olur – budur O! Cəhənnəmdə bloggerləri qoruyan mələk! Əgər o olmasa, daha neçə blogger özünü öldürərdi, buna görə də, yaşasın Kərimli! Ona dəstək olmaq lazımdır ki, o da bloggerlərin dalında dursun.

Dəstək olurlar. Əli Kərimli də bloggerlərin dalında durur, amma başqa mənada. Yəni gizlənir.

Yadıma Cem Yılmazın məşhur “stand-up”ında dediyi sözlər düşür: “Öldüm bən! Mesai bitmədimi?” İnsan intihar edib – bu, bir faciədir, olduqca pis haldır. Heç olmasa bu xətt keçiləndən sonra siyasət qurtarsın! Prokurorluq dərhal məsələ ilə maraqlanıb, cinayət işi açılıb... Heç siyasi şounun yeridirmi?! İnsanın ölümündən nəsə qazanmağa çalışmağın bircə adı var: goreşənlik. “Səfillər”də Vaterloo döyüşündən sonra meydanda gəzib, ölmüş əsgərlərin dişlərini çıxaran Tenardyeni xatırlayırsınmızmı? Bax, hazırda Əli Kərimlinin də etdiyi ölmüş insanın dişini çıxarmaqdan heç nə ilə fərqlənmir.

Cənab Kərimli, etiraf edirəm ki, siz özünüz də babat blogger və səhifə adminisiniz. Yəni bloggerin nə olduğunu, rəhmətlik Mehman Qələndərovun isə blogger olmadığını bilməmiş deyilsiniz. Ona görə də, belə eləməyin, insanlara heç olmasa öz adı ilə ölməyə imkan verin!

Vüsal Məmmədov
AzVision.az




Teqlər: #Mehman-Qələndərov   #Blogger   #Siyasi-şou   #Əli-Kərimli  





Xəbər lenti