Dünya məşhurları Bakıya gəlir - FOTOLAR

Dünya məşhurları Bakıya gəlir - FOTOLAR
  02 May 2017    Oxunub:6232
“The Black Eyed Peas” qrupu və Nikol Şerzinger "Formula 1" Azərbaycan Qran Prisi ərəfəsində Bakıda konsert proqramı ilə çıxış edəcək. AzVision.az xəbər verir ki, dünyaca məşhur ulduzlar iyunun 24-də, şənbə günü axşam saatlarında səhnəyə çıxaraq "Formula 1" azarkeşləri üçün ən çox sevilən mahnılarını səsləndirəcəklər.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) AzVision.az-a verilən məlumata görə, musiqi dünyasının ən məşhur ulduzlarından Nikol Şerzinger və “The Black Eyed Peas” qrupu 2017 "Formula 1" Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonunun şənbə günü Bakıda yarışı izləməyə gələnlərə canlı konsert verəcək.

İyunun 24-ü axşam saatlarında dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnəyə əvvəlcə Nikol Şerzinger, onun ardınca isə “The Black Eyed Peas” qrupunun üzvləri çıxacaqlar. Ulduzlar yarışı izləməyə gələn "Formula 1" azarkeşləri üçün gözəl musiqi nümunələri səsləndirərək Bakıya toplaşmış avtoidman həvəskarlarına əyləncə ilə dolu unuzulmaz gecə yaşadacaqlar.

Sıralanma turundan sonra Bakıda səhnəyə çıxacaq Nikol Şerzinger dünyada ən çox sevilən müğənnilərdəndir. O, “Pussycat Dolls” qrupunun solisti olan zaman bu qrupun “Grammy” musiqi mükafatına namizədliyi irəli sürülmüşdü. Bu dövr ərzində Nikol 16 milyonu solo ifaçısı kimi olmaqla ümumilikdə 37 milyon sinql satışı ilə dünyada rekord göstəriciyə yiyələnmişdi. “Pussycat Dolls” qrupu isə ümumilikdə 57 milyon albom sataraq bu göstərici ilə dünyanın ən qabaqcıl musiqi qruplarından birinə çevrilmişdi.

Müğənni Şerzinger ötən ilin yayında çəkilişi baş tutan “Dirty Dancing” musiqili filminin yeni versiyasında “Penny” rolunda çıxış edib və bu filmin yaxın zamanlarda ABC telekanalında yayımlanacağı gözlənilir.

Həmçinin, Şerzinger Neil Patrik Harrislə bir araya gələrək NBC telekanalında tamaşaçılara təqdim olunacaq “Neil Patrik Harrislə ən gözəl anlar” adlı verilişdə də aparıcılıq etmişdir.

Bundan başqa, Şerzinger “X Factor” verilişinin həm ABŞ, həm də Böyük Britaniyada yayımlanan versiyalarının jüri heyətində yer alıb. Son zamanlar Şerzingerin ən böyük uğurlardan biri onun “Lorens Olivier” mükafatına yiyələnməsidir. O, buna Endryu Loyd Veberin “Cats” (“Pişiklər”) musiqili əsərində ilk dəfə canlandırdığı “Grizabella” obrazındakı çıxışına görə layiq görülüb. Həmçinin Şerzinger Veberin bəstələdiyi məşhur “Memory” mahnısını özünəməxsus tərzdə ifa edib və bu ifanı Veber “öz musiqi əsərlərinin ən yaxışısı” kimi qiymətləndirib.

Musiqi Şerzingerin həyatında ən çox sevdiyi iş olaraq qalmaqda davam edir. Tanınmış müğənni son vaxtlar yeni mahnılar üzərində çalışır və həmçinin BMT Fondunun təşəbbüsü çərçivəsində xeyriyyə məqsədi ilə yazılan “Love Song to the Earth” (Dünya üçün sevgi mahnısı) mahnısı ilə əlaqədar olaraq Paul Makkartni, Con Bon Covi, Şeril Krou və Förqi ilə yanaşı, İtaliya klassik musiqisinin təmsilçilərindən olan Andreya Boçelli ilə də əməkdaşlıq edir. Bu mahnı iqlim dəyişikliyinə diqqəti cəlb etmək məqsədi ilə ərsəyə gətirilib və buradan əldə olunan vəsaitin hamısı “Friends Of The Earth” (Dünyanın dostları) təşkilatlar qrupuna və BMT Fonduna təqdim olunacaq.

Bundan başqa, Nikol Şerzinger əyləncə sektorundan kənarda UNICEF-in səfiri və Xüsusi Olimpiyadaların beynəlxalq səfiri kimi də fəaliyyət göstərməkdədir.



Bakıda şənbə gecəsi Nikol Şerzingerdən sonra səhnəyə mahnıları ən çox satılan, dünyaca ən məşhur və ən yenilikçi qruplardan biri olan “The Black Eyed Peas” qrupu çıxacaq və canlı konsert proqramı ilə musiqili gecəyə yekun vuracaq. Çox dinlənən bir və ya iki mahnıya sahib olmaq davamlı dəyişən musiqi sektorunda uğurlu karyeraya üçün əsas sayıla bilər. Lakin bu baxımdan “The Black Eyed Peas” qrupu istisna təşkil edir. Bu qrupda yer alan ulduzlar özlərini ABŞ-ın “West Coast” tərəfində ən çox sevilən rep nümayəndələrindən dünyanın dörd bir yanından mahnıları eşidilən beynəlxalq miqyaslı müğənnilərə çevirə biliblər.

Onların uğur yolu belə olub: hər dəfəsində əvvəlkindən daha innovativ albom ərsəyə gətiriblər və nəticədə sonradan çıxarılan albomlar öncəkilərdən daha çox yayılıb. Bu yolla “The Black Eyed Peas” qrupunun ulduzları will.i.am, Fergie, Taboo və apl.de.ap özlərinin sayca altıncı olan “The Beginning” adlı albomunu satışa buraxıblar.



“The Beginning” (Başlanğıc) albomu bu qrupun 2009-cu ildə ərsəyə gətirdiyi “The E.N.D” (Son) adlı albomu tərzindədir və bu köhnə albom onların ən məşhur və ən kreativ albomu hesab olunur. Onları dünya ulduzlarına çevirən “The E.N.D” albomu bütün dünyada 11 milyondan çox satılıb və “Billboard Top 200” cədvəlində 1-ci yerə çıxıb. “The E.N.D” albomuna daxil olan 5 sinqlı Top 10-luğa daxil olub (son 20 il ərzində bu uğura sahib ilk albomdur) və ilboyu həmin cədvəldə yüksək yerləri qoruyub saxlayıb. Bu uğur həmin qrupa 3 yeni Grammy mükafatı qazandırıb və qrup ümumilikdə indiyədək 6 dəfə Grammy mükafatına yiyələniblər. Bu günə qədər onların mahnılarının satışı 29 milyonu keçib və üstəlik həmin mahnılar rəqəmsal formada 30 milyondan çox satılıb. 29 ölkədə ümumilikdə 300 gündən çox müddəti əhatə edən və 29 ölkədə baş tutmuş konsertlərdə 3 milyondan çox tamaşaçı iştirak edib.

BŞH-nin icraçı direktoru Arif Rəhimov hər iki iştirakçının 2017 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində canlı konsert proqramı ilə çıxış etmək üçün Bakıya edəcəyi səfərdən böyük məmnunluq duyduğunu bildirib: “Musiqi dünyasının ən çox tanınan ulduzlarının Bakıya konsert proqramı üçün gəlişi bizi yüksək həddə sevindirir və qürurlandırır. “The Black Eyed Peas” qrupunun hər bir üzvü və Nikol Şerzinger özünü isbat etmiş dünya ulduzlarıdır və onlar bir müğənnidən gözlənilənləri tam şəkildə gerçəkləşdirən ali dərəcəli musiqişünaslardır. Musiqi ilə Formula 1 hər zaman bir arada olmaqla yanaşı öz yaradıcı sərhədlərini aşmağa çalışır. Ulduzların adlarının elan olunması bu baxımdan sözügedən möhtəşəm ənənəni davam etdirir. Bu səbəbdən 2017 Formula 1 Azərbaycan Qran Prisini qaçırmaq olmaz və biz iyun ayında Bakıda baş tutacaq yarış həyəcanı və əyləncə coşğusunu birlikdə yaşamaq üçün hamınızı indidən səbrsizliklə gözləyirik”.

Bu il Bakıda keçiriləcək növbəti Formula 1 yarışı 23-25 iyun tarixlərinə təsadüf edir. Dənizkənarı bulvarda yerləşən əyləncə zonasına çıxış imkanı verən biletləri əldə edən hər kəs yarış həftəsonu günlərinin hər axşamı burada baş tutacaq konsert proqramlarında iştirak edə biləcəklər. Bununla yanaşı, dördgünlük bileti olanlar cümə axşamı günü - iyunun 22-də Pit Yolu Gəzintisinə qatılmaq imkanına sahib olacaqlar. Bundan başqa yarışı izləməyə gələn tamaşaçılar Formula 1 pilotlarının iştirakı ilə keçirilən avtoqraf sessiyalarına qatılmaqla yanaşı Formula 1 şəhərciyi və əyləncə mərkəzində olan bütün atraksiyon imkanlarından da yararlana biləcəklər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Formula-1  





Xəbər lenti