Rəşid Behbudovun Cülyettası: “Generalın qızı onu sevirdi” (FOTO)

Rəşid Behbudovun Cülyettası: “Generalın qızı onu sevirdi” (FOTO)
  03 May 2017    Oxunub:35028
“Rəşid Behbudov bizim ustadımızdır. O, məni oğlu kimi çox istəyirdi. Ailəsi ilə də münasibətlərimiz yaxşı idi. Ürəyini tez-tez mənə açardı. Hərdən söhbət etmək üçün otağına çağırardı. Deyərdi ki, sənin bülbül kimi cəhcəhlərin mənə öz cavanlığımı xatırladır”.
Bunu AzVision.az-a Xalq Artisti Bilal Əliyev dünya şöhrətli müğənni Rəşid Behbudov və ailəsi ilə bağlı xatirələrini bölüşərkən deyib.

“Hindistanda səfərdə idik. Rəşid Behbudov xəstələnmişdi. Azərbaycan Dövlət Mahnı Teatrının bütün qrupu Rəşid Behbudovun otağına toplaşdı. Konsertdən öncə ona bir maşın gül bağışlamışdılar. Həmin vaxt Rəşid müəllimin yanında Aydın adlı köməkçisi vardı. Rəşid müəllim köməkçisinə dedi ki, o güllərin ən yaxşılarını mənim otağıma yığ.

Təxminən yüz dəstə böyük buketlərdə olan gülləri Rəşid müəllimin otağına yığdılar. Güllərin hamısını güldanlara qoymuşdular. Rəşid müəllim birdən dedi ki, kürəyim yaman ağrıyır. Balet qrupunun qızları tez onun kürəyinə banka qoydular. Təxminən on dəqiqə sonra Rəşid müəllim dedi ki, özümü yaxşı hiss edirəm, obankaları belimdən çıxarın və hamı otağımdan çıxsın.

Mənə dedi ki, Bilal, xahiş edirəm, sən yanımda qal. Rəşid müəllim dərdini mənə danışmağa başladı. Dedi ki, mən Bakıda olsaydım, bu güllərin hamısını Ceyran xanıma bağışlayardım. Mən də gülərək dedim ki, Rəşid Məcidoviç tamamilə düz deyirsiniz, bu güllər Ceyran xanıma çox yaraşardı”.



B.Əliyev daha sonra deyib: “Birdən Rəşid müəllim dərindən ah çəkdi. Dedi ki, bu dövlətə deyirəm ki, Ceyran mənim xanımımdır, dünyada birinci dəfə Mahnı Teatının yaradılmasını mən düşünmüşəm. Dünyada ilk dəfə Mahnı Teatrını Rəşid Behbudov yaradıb, ikincini isə Alla Pukaçova.

Rəşid müəllim deyirdi ki, “mən bu teatrı yaratmamışdan əvvəl ideyalarımı xanımıma danışırdım. Yəni ki, mən belə bir teatr yaratmaq istəyirəm, bu formada olsun və s. Mənim bütün fikirlərimi, yarımçıq qalan arzularımı Ceyran xanım yaxşı bilir. Mən bu hökumətə deyirəm ki, məndən sonra Ceyran xanım Mahnı Teatrının direktor olsun və teatrı o, idarə etsin. (Həmin vaxtlar Mərkəzi Komitənin rəhbəri Kamran Bağırov idi ) Bu zaman mən də rahat olaram. Amma dövlət mənimlə razılaşmır” Bu hadisə mənim yadımdan çıxmaz”.



Xalq artistinin sözlərinə görə, general qızı olan Ceyran xanım Rəşid Behbudovu çox sevirmiş: “Bir məqamı da qeyd edim. Rəşid Behbudovu dəfn edən zaman Ceyran xanım həyat yoldaşının qəbri önündə çıxış etmişdi. Onun həmin vaxt işlətdiyi bir cümlə məni ağlatdı. Dedi ki, mən Azərbaycan xalqına öz minnətdarlığımı bildirirəm ki, bu xalq mənə Rəşid Behbudov kimi bir oğul vermişdi.

Ceyran xanımın atası yüksək vəzifəli məmur, general olub. O, dünyasını dəyişən zaman biz hamımız yas mərasimində iştirak etdik. Rəşid müəlim də orada idi. Ceyran xanımın atasını top, tüfənglərdən açılan atəş sədaları altında dəfn etdilər. Ceyran xanım çox mötəbər bir şəxsin övladı olub.

Rəşid müəllim böyük sənətkar idi. Mən o zaman gənc kadr idim. Ona hər sualı verə bilmirdim. Ancam mən Rəşid Behbudova qulaq asardım.

Rəşid Müəllim mənə demişdi ki, Ceyran xanımın əsl adı Cülyettadır. Bəlkə də olanlar Rəşid Behbudov Tiflisdə olarkən tanış olub, ailə həyatı qurublar. Amma bu barədə dəqiq heç nə deyə bilmərəm.

Mən Rəşid müəllimin qızına uzun ömür, can sağlığı, gələcək işlərində uğular arzu edirəm. Şəxsən Rəşidə xanıma dərin hüznlə baş sağlığı verirəm. Axır qəmimiz olsun”.



Qeyd edək ki, Rəşid Behbudovun həyat yoldaşı Ceyran Behbudova dünən axşam saatlarında dünyasını dəyişib.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:





Xəbər lenti