İki lider arasında pomidor söhbəti - Soçi görüşünə ŞƏRH
Həqiqətənmi Rusiya-Türkiyə birgə addım atarsa, regionun taleyi dəyişə bilər?
Putin-Ərdoğan görüşünü AzVision.az-a şərh edən “Atlas” Araşdırmlar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu xatırladıb ki, görüş zamanı iki ölkə lideri müəyyən məsələlərdə razılığa gələ biliblər:
“Rusiya Türkiyəyə “S 400” raketlərini satacaq. Hələ raketlər göndərilməsə də, artıq bu barədə razılıq əldə olunub. Türkiyə NATO üzvü olmasına baxmayaraq, eyni adlı raketləri təşkilata daxil olan ölkələrindən ala bilmir. Səbəb bu raketləri Türkiyəyə satmamalarıdır. Ona görə də Türkiyə məcbur qalaraq bu raketləri Rusiyadan alır. Bu, Rusiya üçün prestijli məsələdir. Çünki, Türkiyə Rusiyanın silah satdığı ilk NATO ölkəsidir. Türkiyə isə bununla müdafiə sistemini gücləndirir”.
Suriya məsələsinə gəıincə, politoloq bildirib: “Bu problemlə bağlı Rusiya prezidentinin təklifi var ki, Suriyada dörd təhlükəsiz zona yaradılsın. Ərdoğan bununla razılaşsa da, beşinci hibrid bölgəsinin əlavə olunmasını itəyir. Bu məsələdə fikirlər üst-üstə düşür. Hətta qərara gəldilər ki, bununla bağlı Rusiya, Türkiyə, Çin liderləri yaxın vaxtda ayrıca toplansınlar.
Görüşdə, həmçinin Suriya məsələsi ilə bağlı çox geniş fikir mübadiləsi aparılıb. Ortaq məxrəclər mövcuddur. Bu problem ətrafında Astanada danışıqlar davam edir. Amma, Türkiyənin ən böyük narahatçılığı ondan ibarətdir ki, rus hərbçiləri Suriyadakı silahlı kürdlərlə, terorçularla əməkdaşlıq edirlər, birgə şəkillər çəkdirirlər. Həmin şəkillərin bir qismini Ərdoğan ötən gün Putinə göstərib. Ərdoğanın ən böyük istəyi odur ki, Rusiya bu məsələdə geri addım atsın. Putinin nə qərar verəcəyini yaxın müddətdə görəcəyik”.
E.Şahinoğlu xatırladıb ki, təyyarə qalmaqalına görə Ərdoğanın üzr istəməsinin ardından iki ölkə lideri 5 dəfə bir araya gəliblər: “Bundan başqa Putin mayın 22-də Türkiyəyə səfər edəcək. O, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin zirvə toplantısında iştirak edəcək. Onlar, həmçinin tez-tez telefonla danışırlar. Bu çox yaxşı dinamikadır. Ancaq, hələ də bəzi suallar cavabsız olaraq qalır. Hesab edirəm ki, sonuncu görüşdə bu suallara cavab tapılmadı.
Birinci viza məsələsidir. Türkiyə Rusiya vətəndaşlarına viza tətbiq etmir və onlar 90 gün bu ölkədə qala bilərlər. Amma, Rusiya bu addımı Türkiyə vətəndaşlarına qarşı atmır. Putin Ərdoğanla görüşündə dedi ki, yaxın müddətdə belə addım atmağı planlaşdırmır.
İkinci Türkiyənin kənd təsərrüfatı məhsullarının Rusiyaya ixrac məsələsidir. Hələ də Türkiyənin kənd təsərrüfatı məhsulları Rusiya bazarına çıxa bilmir. Xüsusilə, pomidor. Pomidorla bağlı Putin ötən günkü görüşdə çox geniş danışdı. Bildirdi ki, münasibətlər gərginləşəndə özümüz pomidor yetişdirməyə başlamışıq. Bununla bağlı fermerlərə kreditlər verilib. Putinin sözlərindən belə anlaşılır ki, Türkiyə pomidoru həm keyfiyyətli, həm də ucuzdur. Ona görə də bazara çıxsa, rus pomidorunu heç kim almayacaq. Bu səbəbdən məsələnin həlli sonraya saxlanıldı. Türkiyənin Rusiyaya pomidor ixracından gəliri 300 milyon dollardır. Bunun qarşılığında Türkiyə Rusiyadan taxıl almağı dayandırıb. Doğrudur, görüşdə bildirildi ki, bu məsələ həll olunub. Ancaq, bu, məndə şübhə doğurur. Çünki, Türkiyə pomidora görə 300 milyon dollar gəlirdən məhrum olursa, Rusiyanın taxıl ixrac etməməsinə görə milyardlarla dollar itirir”.
E.Şahinoğlu qeyd edib ki, Rusiya ilə Türkiyə arasında enerji əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir: “Məlum olduğu kimi “Türk axını” boru xətti tikiləcək. Həmçinin Rusiya Türkiyənin Akkuyu şəhərində dəyəri 20 milyard dollar olan nüvə elektirik stansiyasının tikintisinə başlayacaq. Bundan əlavə Türkiyəyə gedən rus turistlərinin sayı artmaqdadır. Bu sahədə heç bir problem qalmayıb. Türkiyə bu yay çox böyük turist axını gözləyir. Bu isə böyük gəlir deməkdir”.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Türkiyə Rusiya Ərdoğan Putin