Ermənistandakı əsgərimiz üçüncü ölkəyə verildi

  30 Avqust 2013    Oxunub : 255
Ermənistandakı əsgərimiz üçüncü ölkəyə verildi
Ermənistanda əsirlikdə olan Azərbaycan hərbçisi Firuz Fərəcov üçüncü ölkəyə göndərilib.

AzVision.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən APA-ya məlumat verilib. BQXK nümayəndələri avqustun 26-da 2012-ci ilin iyul ayından Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər.

BQXK-nın İrəvandakı nümayəndəliyinin başçısı Lorenzo Karaffi bildirib ki, hərbi əsirin saxlanmasından sonra sayca doqquzuncu olan bu başçəkmə zamanı ailəsinin ona göndərdiyi məktub çatdırılıb, o da ailəsinə məktub yazıb: “Bu məlumatlar sırf şəxsi xarakterdə olub. Bundan əlavə, başçəkmə zamanı hərbi əsirin repatriasiya edilmək, yaxud üçüncü ölkəyə köçmək istəyi konfidensial şəraitdə müzakirə edilib”.

BQXK-nın məlumatına deyilir ki, avqustun 30-da Ermənistanın hökumət orqanları azərbaycanlı hərbi əsirin azad edildiyi və digər beynəlxalq təşkilatın himayəsi altında üçüncü ölkəyə yola düşdüyü barədə BQXK-nı məlumatlandırıb.

Məlumatda daha sonra bildirilir ki, bundan əvvəl, 20 avqust tarixində BQXK nümayəndələri 8 avqust 2013-cü il tarixindən Azərbaycanda saxlanılan erməni hərbi əsirə baş çəkiblər. Başçəkmə zamanı, ona ailəsindən məlumatlar çatdırılıb və ailəsinə xəbərlər göndərmək imkanı verilib. Başçəkmə BQXK-nın standart iş prosedurlarına müvafiq olaraq həyata keçirilib. BQXK-nın Bakı Nümayəndəliyinin başçısı, Deniz Duran bildirib ki, BQXK erməni əsgərinin tutulması və saxlanması ilə bağlı bütün məsələlər barədə aidiyyəti olan hökumət orqanları ilə birbaşa və konfidensial dialoqu davam etdirir.

BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı saxlanılan hərbi əsirlərə və internə edilmiş mülki şəxslərə 1992-ci ildən etibarən baş çəkir. Başçəkmələrin məqsədi onların saxlanılma şəraitini monitorinq etmək və beynəlxalq standartlara müvafiq olaraq, onlarla insani rəftar olunduğundan əmin olmaqdır. BQXK, neytarl vasitəçi olaraq tərəflərin xahişi, aidiyyəti olanların razılığı və münaqişə tərəfləri ilə koordinasiya şəraitində hərbi əsirlərin və internə edilmiş mülki şəxslərin repatriasiyasına şərait yarada bilər.

Saxlanılan şəxslərin üçüncü ölkəyə köçürülməsi BQXK-nın mandatına daxil deyil.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu 2012-ci ilin iyulunda qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.

AzVision.az

Teqlər: