Avrokuboku necə keçdik? - TƏHLİL

  Avrokuboku necə keçdik? - TƏHLİL
  31 Avqust 2013    Oxunub:1879
İki gün öncə Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında Almaniyada “Ayntraxt”a məğlub olan Ağdamın “Qarabağ” komandasının mübarizəni dayandırmasının ardından ölkəmiz üçün builki Avrokubok mövsümü rəsmən başa çatdı. Xatırladaq ki, ölkəmizi Çempionlar Liqasında təmsil edən Bakının “Neftçi” ilk, Avropa Liqasındakı təmsilçilərimiz “İnter” və “Xəzər Lənkəran” ikinci təsnifat mərhələsində, Avroliqadakı digər komandamız “Qarabağ” isə pley-off mərhələsində mübarizəni dayandırdı. Yəqin ki, ölkə klubları üçün bu mövsümkü Avrokubok mövsümünün necə keçdiyinə nəzər salmaq maraqlı olardı.

Azərbaycan futbolu üçün cari Avrokubok mövsümü “Xəzər Lənkəran”ın Avropa Liqasının birinci təsnifat mərhələsində Malta “Slima”sı ilə oyunla başladı. İlk qarşılaşmada Ta-Qalidə “Slima” ilə bərabərə qalan (1:1) Lənkəran təmsilçisi evdə minimal hesablı qələbə ilə mərhələ adladı.

“Slima” (Malta) – “Xəzər Lənkəran” (Azərbaycan) 1:1
Qollar: Stan Ohavuçi, 62 – Junior Nildo, 14

“Xəzər Lənkəran” (Azərbaycan) – “Slima” (Malta) 1:0
Qol: Rahid Əmirquliyev, 29.

Cənub təmsilçisi ilə eyni gündə meydana çıxan “Qarabağ” isə ilkin təsnifat mərhələsində Makedoniyanın “Metallurq” komandası ilə qarşılaşdı. Buna qədər bir dəfə Avroliqada yolundan kənarlaşdırdığı sözügedən komanda ilə ilk matçı səfərdə keçirən “Avropa fatehi” Makedoniyadan 1:0 hesablı qələbə ilə qayıtdı. Bir həftə sonra Bakıdakı oyundan da eyni hesablı qələbə ilə ayrılan “Qarabağ” növbəti mərhələyə yüksəldi.

“Metallurq” (Makedoniya)- “Qarabağ” 0:1
Qol: Reynaldo Silva, 64.

“Qarabağ” (Azərbaycan) – “Metalurq” (Makedoniya) 1:0
Qol: Corc Loray, 85.

Avropa Liqasındakı digər təmsilçimiz “İnter” isə UEFA-nın matçın tarixini dəyişməsi nəticəsində “Xəzər Lənkəran” və “Qarabağ”dan iki gün sonra meydana çıxdı. Birinci təsnifat mərhələsində Finlandiyanın “Mariehamn” komandasına rəqib olan “İnter” Bakıda keçirdiyi ilk oyunda qələbə qazana bilməsə də, evdəki heç-heçəni (1:1) 2:0 hesablı səfər qələbəsi hesabına unutdura bildi. Beləliklə də, Avropa Liqasındakı hər üç komandamız ikinci təsnifat mərhələsinə adladı.

“İnter” (Azərbaycan) – “Mariehamn” (Finlandiya) 1:1
Qollar: Asif Məmmədov, 7 – Petteri Yokihara, 72

“Mariehamn” (Finlandiya) – İnter (Azərbaycan) 0:2
Qollar: Baçana Tsxadadze, 21-pen. Vaqif Cavadov, 86.

Ölkəmizi ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında təmsil edən Bakının “Neftçi” komandası isə turnirə ikinci təsnifat mərhələsindən qoşuldu. Amma ötən il Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla tarix yazan flaqman bu dəfə uğurun davamını gətirə bilmədi və iki oyunun nəticəsinə görə (0:0; 1:0) Albaniya çempionu “Skenderbeu”ya məğlub olaraq mübarizəni dayandırdı.

“Neftçi” – “Skenderbeu” (Albaniya) 0:0

“Skenderbeu” (Albaniya) – Neftçi (Azərbaycan) 1:0
Qol: Nureddin Orelesi, 116.

Avropa Liqasının ikinci təsnifat mərhələsində Norveçin “Tromse” komandasına rəqib olan “İnter” Norveçdə iki cavabsız qolla məğlub olduğu “Tromse”ni paytaxtda minimal hesabla üstələsə də, bu qələbə mərhələ adlamağa yetmədi və “bankirlər” mübarizəni ikinci təsnifat mərhələsində dayandırdı.

“Tromse” (Norveç) – “İnter” (Azərbaycan) 2:0
Qollar: Zdenek Ondraçek, 43. Maqnus Andersen, 62.

“İnter” (Azərbaycan) – “Tromse” (Norveç) 1:0
Qol: Baçana Tsxadadze, 77.

Avroliqanın sözügedən mərhələsində mübarizəni dayandıran digər komandamız isə “Xəzər Lənkəran” oldu. Püşkün İsrail “Makkabi”sini rəqib etdiyi “ağ-yaşıllar” səfərdə iki cavabsız qolla məğlub olduğu “Makkabi”dən Lənkəranda daha 8 qol buraxmaqla Avroliqayla biabırçı şəkildə vidalaşdı.

“Makkabi” (Hayfa, İsrail) – “Xəzər Lənkəran” (Azərbaycan) 2:0
Qollar: Hen Ezra, 37. Alon Turqeman, 55.

“Xəzər Lənkəran” (Azərbaycan) – “Makkabi” (Hayfa, İsrail) 0:8
Qollar: Alon Turqeman, 7. Yaniv Katan, 10. Rayo, 13-pen; 72. Şimon Abuhazira, 26. Hen Ezra, 41. Eyal Qolasa, 76.

Nüfuzuna görə ikinci dərəcəli klub turniri sayılan Avroliqadakı digər təmsilçimiz “Qarabağ” isə digər ölkə klubları ilə müqayisədə daha yaxşı çıxış etməyi bacardı. İkinci təsniafat mərhələsində Polşanın “Pyast” kollektivi ilə qarşılaşan Qurban Qurbanovun “drujinası” ilk matçda paytaxtda 2:1 hesabı ilə üstələdiyi rəqibinə ikinci matçın əsas vaxtında eyni hesabla məğlub olsa da, əlavə vaxtda vurduğu qolla mərhələ adladı.

“Qarabağ” (Azərbaycan) – “Pyast” (Polşa) 2:1
Qollar: Riçard Almeyda, 40. Reynaldo, 83 - Marçin Robak, 19.

“Pyast” (Polşa) – “Qarabağ” (Azərbaycan) 2:2
Qollar: Mateuş Matraş, 29. Marçin Robak, 36 - Leroy Corc, 8. İlriş Kapolonqo, 108.

Ağdam təmsilçisinin üçüncü təsnifat mərhələsindəki rəqibi isə İsveçin “Gefle” komandası idi. Skandinaviya təmsilçisini həm evdə (1:0), həm də səfərdə (2:0) məğlub edən “köhlən atlar” pley-off mərhələsinə yüksəldi.

“Qarabağ” (Azərbaycan) – “Gefle” (İsveç) 1:0
Qol: Reynaldo, 89.

“Gefle” (İsveç) – “Qarabağ” (Azərbaycan) 0:2
Qollar: Çumbinyo, 41. Reynaldo, 50.

Son illərdə üç dəfə qrup mərhələsinin bir addımlığına qədər irəlləyən “Qarabağ” məhz bu mərhələdə mübarizəni dayandırmışdı. Təəssüf ki, dəfə də bundan artığını etmək olmadı. Buna qədər 2009/2010-cu illərdəki Avrokubok mövsümündə Avropa Liqasının qrup mərhələsinin astanasında “Tvente”yə, bir il sonra isə Borussiya (Dortmund) kollektivinə boyun əyən bölgə təmsilçinin yolunu bu dəfə Almaniyanın “Ayntraxt” klubu kəsdi. Doğma meydanda Frankfurt təmsilçisinə 2:0 hesabı ilə məğlub olan “köhlən atlar” səfərdə də “qartallar”a 1:2 hesabı ilə yenilərək mübarizəni dayandırdı.

“Qarabağ”- “Ayntraxt” 0:2
Qollar: Aleksandr Meyer, 6; 75.

“Ayntraxt” (Almaniya) – “Qarabağ” (Azərbaycan) - 2:1
Qollar: Aleksandr Mayer, 10; Takaşi İnui, 76 - Reynaldo, 57

Qeyd edək ki, cari Avrokubok mövsümündə klublarımız ümumilikdə 9 ölkə təmsilçisi ilə 18 oyun keçirdi. Bu qarşılaşmalardan 8-də qalib gələn komandalarımız 4 dəfə heç-heçə oynadı. Təmsilçilərimiz 6 görüşdən isə məğlubiyyətlə ayrıldı. Bu matçlarda 15 qol vuran komandalarımız 21 dəfə topu torundan çıxarmalı oldu. Onu da bildirək ki, Reynaldo da Silvanın Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Ayntraxt”ın qapısına vurduğu qol “Qarabağ”ın cari avrokubok mövsümündə yubiley – 10-cu qolu oldu. Maraqlıdır ki, futbol tariximizdə 4-cü dəfə təmsilçimizin qol sayı 2 rəqəmlə ifadə olunur. Son belə nailiyyət 2010/11 mövsümündə qeydə alınmışdı. Həmin vaxt “Qarabağ” Avropa Liqasını 12 qolla tərk etmişdi. Elə növbəti il də ağdamlılar 10-a çatmağı bacardı. Həmin vaxt indiki kimi 10-cu qol həm də sonuncu oldu. Düzdür, sabah atılacaq püşk nəticəsində komandamız mübarizəni qrupda da davam etdirə bilər. Təmsilçilərimizdən birinin 10 və daha çox qol vurmaq ənənəsini ötən mövsüm “Neftçi” davam etdirmişdi. Tarix yazmaqla qrupa düşən ilk Azərbaycan klubu olan “ağ-qaralar” çempionlar Liqası və Avropa Liqasında üst-üstə ölkəmiz üçün rekord sayda 15 qol vurmuşdu.

Yeri gəlmişkən, qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra UEFA-nın avrokuboklar üçün əmsallar cədvəlində cüzi dəyişikliklər qeydə alınsa da, bu dəyişikliklər Azərbaycanın mövqeyinə təsir etməyib. Ölkəmizin mübarizəni davam etdirən yeganə təmsilçisi “Qarabağ”ın iki gün öncə Almaniyada Frankfurt “Ayntraxt”ına 1:2 hesabı ilə uduzması ölkəmizin xal hesabını dəyişməyib. Cari mövsüm topladığımız xalların ümumi sayı 2,500-də qalıb. Bunun – 1,375-i 5 qələbə və 1 heç-heçəsi olan, ilk məğlubiyyətini frankfurtlulardan alan “Qarabağ”ındır. “İnter” 0,625, “Xəzər Lənkəran” 0,375, “Neftçi” 0,125 xal qazanıb. Son 5 mövsümdə klublarımızın qazanılanların cəmində isə Azərbaycanın hesabımızda 10,375 xal var ki, bu da futbol tariximizin ən yüksək göstəricisidir. 30-cu pillədəki mövqeyini qoruyan ölkəmiz Gürcüstan və Sloveniya kimi ölkələri geridə qoyub.

Tural Məmmədov


Teqlər:  





Xəbər lenti