“Bütün dünyanın diqqəti Azərbaycanda olacaq”

“Bütün dünyanın diqqəti Azərbaycanda olacaq”
  11 May 2017    Oxunub:2319
IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə sayılı saatlar qalır. Sabah Bakı şəhərində böyük, önəmli tədbir keçiriləcək və bütün dünyanın diqqəti bizdə olacaq.
AzVision.az xəbər verir ki, bunu “Baku 2017” IV İslam Həmrəylik Oyunlarının açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov deyib. Onun sözlərinə görə, növbəti 11 gün ərzində 50-dən artıq ölkədən gələn idmançılar müxtəlif idman yarışlarında iştirak edəcək. “Əfsuslar olsun ki, bəzi ölkələr Sudan, Liviya və Küveytdən olan idmançılarının Oyunlara gəlməməsi bizi məyus edib”.

Nazir vurğulayıb ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində çoxlu sayda nüfuzlu beynəlxalq idman federasiyalarının prezidentləri, nümayəndələri və digər qonaqlar iştirak edəcəklər.

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Əbdüləziz əl-Nassar bildirib ki, açılış mərasiminə 1 gün qalır və 14 gün ərzində Azərbaycanda gözəl yarışlar keçiriləcək. “3 mindən çox idmançı Azərbaycanda yarışacaqlar. İnanırıq ki, İslam Həmrəyliyi Oyunları tarixində Bakı-2017 ən yüksək səviyyədə keçirilən yarışlardan biri olacaq. Bu oyunlar İslam ölkələri arasında əlaqələri daha da gücləndirəcək. Yarışlara bu cür yüksək diqqət göstərdiyinə görə Azərbaycana təşəkkür edirik”.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi Federasiyasının 2-ci vitse-prezidenti Çingiz Hüseynzadə isə qeyd edib ki, Azərbaycan idman tarixində ilk dəfə belə böyük heyətlə iştirak edəcək. “Ümumi heyət 500 nəfərdən artıqdır. Bu oyunlar təşkilati tərəfdən, həm də Azərbaycan idmançılarının iştirakı baxımından uğurlu olacaq. Artıq yarışlar başlayıb. Komanda oyunlarında yarışlar gedir”.

Aytən Zəhra
AzVision.az


Teqlər: IV-İslam-Həmrəyliyi-Oyunları   Azad-Rəhimov  





Xəbər lenti