Banklar vətəndaşlarda inam yaratmalıdırlar – TƏHLİL

Banklar vətəndaşlarda inam yaratmalıdırlar – TƏHLİL
  12 May 2017    Oxunub:3106
“Atabank” və “Caspian Development Bank” birləşmək qərarı verdikdən sonra ölkədə bankların sayı 31-ə enəcək. Xatırladım ki, 2014-cü ildə ölkədə 43 bank var idisə, neftin dünya bazarında ucuzlaşması başlayandan sonra onlardan 11-i bağlandı.
Vətəndaş və Bank... İstənilən zaman şəraitində mövcud iqtisadi situasiyanı müəyyən etmək və bu sahədə tibbi dildə desək, hərarət dərəcəsini dəqiq ölçmək üçün məhz bu iki subyekt arasındakı münasibətlərin real vəziyyətinə diqqət yetirmək kifayətdir. Belə ki, bu ikisinin arasında inam və etimad varsa, demək, iqtisadiyyatda işlər yaxşı gedir. Yox, əksinədirsə, deməli, problemlər hökm sürür.

Vətəndaş və bank münasibətlərində inam hissi vətəndaşlarda olmalıdır, başqa sözlə desəm, yaranmalı və yaxud yaradılmalıdır. Odur ki, yuxarıda qeyd etdiyim məsələnin həllində əsas yük məhz Bankların üzərinə düşür.

Bunun üçün hər bir Bank vətəndaşda ilk növbədə özünə qarşı maraq yaratmalı, ikincisi, təklif etdiyi xidmətləri vətəndaş üçün “əlçatan” etməli, üçüncüsü, onların iqtisadi mənefələrinin təhlükəsizliyinə təminat verməli, dördüncüsü isə, ortada üçüncü tərəf varsa, onunla əlaqələrin həyata keçməsində maksimal şəkildə vasitəçilik göstərməyə çalışmalıdır...

Demək olar ki, hamımız Azərbaycan Beynəlxalq Bankının (ABB) son dövrdə başına gələnlərdən və ya ətrafında baş verənlərdən xəbərdarıq. Çünki bu Bankda kiminin az-çox əmanəti, kiminin kredit borcu, əksəriyyətin isə plastik kart hesabı var idi. Bir sözlə desəm, ABB ölkədə ən böyük və iqtisadi dildə desək, sistem əhəmiyyətli bank sayılırdı. Və onun ciddi çətinliklərlə üzləşəcəyini heç kim zənninə belə gətirə bilməzdi. Təbii ki, bu, sabiq rəhbərliyin yarıtmaz idarəçiliyi nəticəsində baş verdi. Və ABB-nin az qala çöküş problemi ilə üzləşməsi nəticəsində bütün bank sektoru "iflic" vəziyyətə düşdü.

Təsadüfi deyidi ki, Prezident İlham Əliyev də 2016-cı ildə ölkənin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair Nazirlər Kabinetinin bu ilin yanvarın 10-da keçirilən iclasında qeyd etdi ki, iqtisadiyyatımıza ən böyük zərbə vuran məhz bank sektoru oldu. Ancaq yaxşı ki, dövlət məsələnin üzərinə düşdü və mənfi tendensiyanın inkişafının qarşısını aldı, inzibati və təşkilati addımlar atmaqla, Bankı sağlamlaşdırmaq üçün kompleks tədbirlərə başladı.

Mən, uzun illərdir ki, əmək pensiyamı Beynəlxalq Bankın təqdim etdiyi plastik kart vasitəsilə alıram. Bu müddət ərzində kartın istifadə müddəti bir neçə dəfə bitib. Növbəti dəfə apreldə kartı dəyişməli idim. Düzdür, yeni plastik kartın əldə olunması üçün heç bir problem yox idi. Lakin fiziki vəziyyətimlə əlaqədar olaraq, bundan ötrü mütləq 2-ci şəxsin köməyindən istifadə etməli və ABB-nin müvafiq filialına məhz digər şəxsi göndərməli idim. Ancaq mən, banka müraciət etmək qərarına gəldim. Və nəticə... Banka cəmi bircə dəfə telefon açmağım nəticəsində məsələ həll olundu. Bax, budur vətəndaşa xidmət.

Yuxarıda da qeyd etdim ki, vətəndaşlar ilə banklar arasında inam hissi məhz birinci tərəfdə yaradılmalıdır. Bu isə Banklardan asılı məsələdir. Və tələb olunan şərtlərdən biri üçüncü tərəflə münasibətlərin və yaxud qarşılıqlı əlaqələrin həyata keçməsində maksimal şəkildə vasitəçilik göstərməkdən ibarətdir.

Bir telefon zəngi sayəsində pensiya üzrə yeni plastik kartımın ABB-nin Yasamal filialının əməkdaşları tərəfindən yaşadığım ünvana çatdırılmasının bir vətəndaş kimi şahidi oldum. Buna görə ABB-nin yeni rəhbərliyinə təşəkkürümü bildirirəm. Çünki, bu əslində, kiçik bir fakt olsa da, hər halda, adı çəkilən qurum üzrə sağlamlaşdırma tədbirlərinin artıq, bəhrə verdiyi göstəricisidir. Arzu edirəm ki, bu, bütün bank sektorunu əhatə etsin. Və vətəndaşlarımız dövlətin və bilavasitə ABB-nin yeni rəhbərliyi tərəfdən həyata keçirilən müvafiq tədbirlərin nəticələrini digər banklar üzrə də müşahidə etsinlər.

Bank vətəndaşa və iqtisadiyyata xidmət üçündür, onlardan yararlanmaq və xeyir götürmək üçün deyil.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Bank   #İqtisadiyyat  





Xəbər lenti