İdmançılarımız qələbə vəd edir: "Sözümüzü meydanda deyəcəyik"

İdmançılarımız qələbə vəd edir: "Sözümüzü meydanda deyəcəyik"
  12 May 2017    Oxunub:3247
Bu gün Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi oyunlarının rəsmi açılış mərasimi keçiriləcək. Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edəcək.
Azərbaycanı bu Oyunlarda 325 atlet təmsil edir. Ən çox idmançı ilə Türkiyə təmsil olunur – 345 nəfər. İdmançıların sayına görə üçüncü yerdə 300 atletlə İran qərarlaşıb.

Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayev AzVision.az-a bildirib ki, Azərbaycanın yığma komandası hər bir idman növündə öz sözünü meydanda deyəcək.

ATF-nin birinci vitse-prezidenti qeyd edib ki, həm taekvondoçularımızdan, həm də karateçilərimizdən böyük nəticələr gözləyirik: “Cənab prezidentin qeyd etdiyi kimi bu yarışın məqsədi müsəlman ölkələrinin həmrəy olmasıdır. Bu yarışlarda iştirak edəcək tanınmış idmançılarımız çoxdur. Taekvondoda olimpiya, Dünya və Avropa çempionlarımız iştirak edəcək. Karate yığmamızda da tanınmış idmançılarımız var. Onlar I Avropa Oyunlarında yüksək nəticələr göstərmişdilər. Ümidvarıq ki, yüksək nəticələr təkrar olunacaq. Bütün idmançılarımıza uğurlar arzu edirik”.

Müstəqil Azərbaycanın ilk Olimpiya çempionu, cüdoçu Nazim Hüseynov bildirib ki, cüdoçularımız yarışa yüksək səviyyədə hazırlaşıb: “Cüdoçularımıza əsas müqavimət göstərəcək Qazaxstan və Özbəkistan idmançıları ola bilər. Bütün çəkilərdə olan idmançılarımızdan yüksək nəticələr gözləyirik. Cüdoçularımız yaxşı nəticə göstərəcəklər. İnanıram ki, komanda hesabında Azərbaycan yığması birinci yeri tutacaq”.

Anar Kəlbyev
AzVision.az


Teqlər: İslamiada  





Xəbər lenti