Xalq artistinə doğum günü hədiyyəsi: "Utanıram deməyə..."

Xalq artistinə doğum günü hədiyyəsi: "Utanıram deməyə..."
  25 May 2017    Oxunub:14868
Bu gün teatr və kino aktyoru, Xalq artisti Ramiz Novruzovun 61 yaşı tamam olur. Doğum gününü iş başında qeyd edən sevimli aktyor ad günü təəssüratını AzVision.az-la bölüşüb:
-Ramiz müəllim, maşallah bu gün sizi bir yerdə tuta bilmirik. Ad gününüzdür, amma bir yerdə qərar tutmursunuz.

-Doğum günümlə bağlı radio və televiziyaya qonaq çağrılmışdım. Adətən yuxudan saat 10–da durmağa vərdiş etmişəm. Bu gün isə səkkizdən oyağam. Ora-bura qaçıram.Yorğunluq var, amma sevinc lap çoxdur.

-61 yaşında sizi zəngin, var-dövlətli adam adlandıra bilərəm?

-Öz işində, ətrafında sevdiyin insanlar, dostlar çoxdursa, deməli sən varlısan. Bunlar var-dövlətindir. Deyir yaşlanmaq, qocalmaq olar, əsas odur ki, köhnəlmiyəsən. Biri var 25-26 yaşında qoca düşüncəli olasan, için yaşlı adamın içi kimi ola. Biri də var ki, yaşın çoxdur, amma düşüncən çox müasirdir. Həmişə gənclik eşqi, həsrəti ilə yaşayırsan. Bax, mən ikinci kimi yaşayıram. Gəncləri sevirəm. Nə qədər onlar var, bizə köhnəlməyə imkan verməyəcəklər.

-Adam var ki, ad gününü təmtaraqlı keçirməyi xoşlayır. Adam da var ki, tam əksini edir. Fikirləşir ki, ad gününün başqa gündən nə fərqi var ki?!

-Mən daha çox iş yerimdə olmağı, ad günümü iş yoldaşlarımla keçirməyi xoşlayıram. İndi də onlarla bir yerdəyəm. Amma bu ilki ad günümü ailəmlə birgə keçirəcəyəm. Bildiyiniz kimi ad günümə 10 gün qalmış mənə bir hədiyyə oldu. Utanıram da deməyə nəticəm dünyaya gəldi. Yəqin ki, bu gün onlarla birgə olacağam.

-Ötən ad günlərinizi necə xatırlayırsınız?

-Həyatımda bəzi soyuq faktlar olub. Ona görə onlar da yadımda qalıb. Amma belə hamısını xatırlayıram. Diqqətli insanların diqqətində olmuşam.

-Ən çox hansı illərə baxmaq, vərəqləmək istərdiniz?

-Yaponların maraqlı sözü var: "Keçmiş artıq keçib, gələcək olmaya da bilər. Ona görə bu gün daha maraqlıdır”. Səhnəyə ilk gəldiyim, Səməndar Rzayev, Hamlet Xanızadə, Hökümə Qurbanova kimi böyük aktyorlarla işlədiyim, ilk çəkildiyim filmlərə təsdiq olunduğum illəri unuda bilmərəm.

İndi gənc aktyorlar mənə elə baxır. Bu günün də xoşa gələni budur. Ona görə hər dövr özü üçün maraqlıdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Xalq-artisti   Ramiz-Novruzov   Ad-günü  





Xəbər lenti