1109 saylı Azərbaycan ədəbiyyatı - Mikayıl Müşfiq

1109 saylı Azərbaycan ədəbiyyatı - Mikayıl Müşfiq
  05 İyun 2017    Oxunub:14214
Bu gün 1937-1939 cu illərin repressiya dövrü qurbanlarından biri olan Mikayıl Müşfiqin doğum gündür. Ömrünü heç yarı etməmiş, həyatdan nakam gedən şairimiz 1908-ci ildə iyun ayının 5-də Bakının Dağlı məhəlləsində, 2-ci Sovet küçəsi, 6 nömrəli evdə dünyaya gəlib. Özündən başqa iki bacısı və ondan böyük bir qardaşı olub.
Lap körpə yaşlarından həyatın amansız zərbələri ilə üz-üzə qalan Müşfiq anası Züleyxa xanımı altı aylıq olarkən itirib. Anasının vəfatından sonra atası onu Xızıdakı qohumu olan Səfiyyə xanıma verib. Müşfiq 3 yaşına qədər süd anasının yanında qalıb. Daha sonra atası onu Bakıya gətirib. Ancaq 3 ildən sonra ataı da dünyasını dəyişib. Bu səbəbdən də ailəyə nənələri Qızqayıt və dayıları Cavad baxıb.

Yaxın qohumlarının himayəsində böyüyüən gənc Müşfiq rus-tatar məktəbini yaxşı qiymətlərlə bitirərək Ali Pedaqoji İnstituta daxil olub. İnstitutu bitirdikdən sonra o, uzun müddət müəllim kimi işləyib.



Mikayıl Müşfiqin çox sevdiyi Dilbər Axundzadə ilə tanışlığı isə 1931-ci ilə təsadüf edir.

Dilbər xanımın əmisi İdris Axundzadə ilə dostluq edən Müşfiq elə gələcək həyat yoldaşını da ilk dəfə onlarda görüb. Dilbər xanımın əmisi arvadı Fəramuş xanım onları yaxından tanış edib.

Dilbər Axundzadə həmin günü belə xatırlayırıb:

“Müşfiq ilk görüşümüzün təəssüratları əsasında iki şeir yazmışdı. Bunlardan biri “İşidir” rədifli qoşma, digəri “Əbədi şevgi” şeiridir. Sən demə, müsamirədə olduğumuz gecə mən sinəmə düşən uzun qoşa hörüklərimi geri atanda Müşfiqin üzünə toxunubmuş. Bəlkə də toxunmayıbmış. Ancaq o məni inandırmağa çalışırdı ki, guya o gün onu ətirli bahar küləyi vurmuşdu...”.

Bu baharın küləyi hələ uzun müddət əsməyə davam edir… Gənc Müşfiq Dilbər xanıma elə ilk baxışdan aşiq olur. Artıq bir neçə görüşdən sonra bu gənc qıza sevgi məktubları yazır, bədahətən yeni şeirlər qoşur.

Dilbər isə öz növbəsində ona biganə qala bilmir. Müşfiqin səsi, söylədiyi şeirlər sevib sevilməli yaşda olan Dilbər xanımı da sehirləyir...

Günlərin bir günü isə öz sevimli Müşfiqinə məktəbi bitirdiyini, Gəncəyə geri dönəcəyini deyir.

Ancaq Dilbər xanım Müşfiqin bu xəbərdən necə narahat olduğunu, həyacan keçirdiyini görüb “İstəyirsən, getməyim, daha bundan ötrü niyə narahat olursan?”,-deyə onu sakitləşdirir. Xəbərdən kövrələn Müşfiq isə elə oradaca “Ayrılıq” şeirini deyir :


Deyirsən, yanında qalacağam mən,
Çox gözəl fikirdir, qal, sənə qurban!
Nə zaman istəsən əziz canımı,
Qumral gözlərinlə al, sənə qurban!...
Sən Müşfiqin yanında, qalginən sənə qurban,
İstəsən bu canımı, alginən sənə qurban.




Ancaq ayrılıq qorxusu Müfiqə rahatlıq vermir. O, Səməd Vurğunu da götürüb birbaşa Gəncəyə, Dilbər xanımın ata yurduna gedir.

“Bir də gördüm, Səmədlə Müşfiq mənə tərəf gəlirlər. Onları görəndə ürəyim uçunmağa başladı. Səməd mənə mehriban bir nəzər salıb gülümsündü:

- Dilbər bacı, bizim bu dağlara gəlməyimizin, - dedi, - bir səbəbi var. O da Müşfiqin aşıq Kərəmə dönməyidir. Müşfiqi Kərəmdən ayıran cəhət odur ki, o, Əslinin dalınca hər yana tək gedərdi, bu isə utandığından məni özü ilə gətirib. Siz bunu necə ovsunlayıbsınız ki, şəhərdə nə gecəsi, nə də gündüzü var. Gördüm bu gedişlə o, Kərəmi ötüb Məcnun olacaq, dözməyib dedim ki, gedək Gəncə dağlarına, bəlkə təskinlik tapa ürəyin. Müşfiq elə bil sözümə bənd imiş. Söz ağzımdan çıxan kimi durub düşdü yola. Bütün yolu şeir deyə-deyə gəlmişik. Müşfiq, xahiş edirəm, yolda dediyin şeirlərdən birini de.

Müşfiq qığılcım saçan baxışlarını mənə dikib uzun bir şeir dedi. Səməd də, mən də böyük məftunluqla dinlədik”.


1932 ci ildə baş tutan nişan mərasimində kimlər iştirak etmir ki:

“Dövrün görkəmli ədiblərindən Hüseyn Cavid həyat yoldaşı Müşkünaz xanımla, Abdulla Şaiq həyat yoldaşı Şahzadə xanımla, Əhməd Cavad həyat yoldaşı Şükriyyə xanımla, məşhur müğənni Bülbül şagirdi Eloğlu ilə, gənc şairlər və yazıçılardan Səməd Vurğun, Süleyman Rüstəm, Mir Cəlal, Hüseyn Mehdi həyat yoldaşı Fatma xanımla, Rəsul Rza həyat yoldaşı Nigar xanımla, Məmməd Rahim həyat yoldaşı Mələk xanımla nişana gəlmişdilər. Bülbüllə Eloğlunun şəlalə tək şaqraq və məlahətli səsi məclisə xüsusi gözəllik verirdi. Tez-tez sağlıqlar, şeirlər deyilir, qədəhlər cingildəyirdi. Hüseyn Cavidin xeyirxah, ata nəvazişi ilə dediyi sağlıq hələ də xatirimdədir”.

1933-cü ilin iyunun 20-də kəbin kəsdirən cütlüyün 1934 –cü ildə bir oğul övladları dünyaya gəlir. Adı Yalçın olan bu balaca uşaq sanki Müşfiq üçün ayrı aləm, ayrı dünya idi. Gənc atanın sevincinin həddi-hüdudu olmur....

Ancaq təəssüflər olsun ki, ailənin sevinci çox çəkmir. Uşaq iki aylıq olanda bərk xəstələnir, hərarəti yüksək olduğundan bütün gecəni süst düşür. Həkimlərin müayinəsi və müalicəsi fayda vermir…

Körpə gözlərini son dəfə əbədi yumanda Müşfiq çığırtı ilə ağlayıb, fəryad qoparır...



Bu o dövrlər idi ki, Müşfiq “Azərinəşr”də redaktor vəzifəsində və 18 nömrəli məktəbdə müəllim işləyirdi. İnsanları var gücü ilə elmə çağırırdı. Dərs dediyi uşaqlara mollaya, dinə xurafata inanmağı deyil, elmə, savada sığınmağı məsləhət görürdü.

Hələ uşaq yaşlarından mollaları, mollaxananı sevməyən Müşfiq onlar haqqında bir həcv də yazmışdı.

Uşaqlar əyləşib yerə,
Cındır həsir-dolu birə,
Belə molla yerə girə!
De görüm, bu molla –
Hara mollasıdır?
Yoxsa bu molla qara mollasıdır?...

Şeirlər yazmaq, kitablarını çap etdirməklə yanaşı Müşfiq bədii tərcümə ilə də ciddi məşğul olurdu.

1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilib. Bunlar A.S.Puşkinin "Qaraçılar" (Ş.Abbasovla birlikdə),Taras Şevçenkonun "Kobzar"(Əhməd Cavadla birlikdə),Yegişe Çarensin "Şeirlər", S.Y.Marşakın "Huşsuza bax,huşsuza", M.F.Axundovun "A.S.Puşkinin ölümünə şərq poeması" kitablarıdır.

"Huşsuza bax,huşsuza" əsərini tərcümə edərkən o, deyirmiş ki sanki bu əsərdə onun obrazı yaradılıb. Hamını heyrətləndirəcək dərəcədə nadir hafizə sahibi olan Müşfiqin ən böyük problemlərindən biri huşsuzluq imiş.



Həyatının son illərində şair böyük sarsıntılar keçirirdi. Oğlunun, Cəfər Cabbarlının qəfil ölümü ona çox böyük zərbələr vurmuşdu. Bir yandan da qələm dostlarının haqsız tənqidləri şairin əsəblərini tarıma çəkmişdi.

Dilbər Axundzadənin xatirələrindən:

“Bir gün Müşfiq evə çox dilxor gəldi, başının ağrıdığını dedi. Papiros çəkmək üçün eyvana çıxdı. Sonra dərindən ah çəkib sözə başladı:

- Dilbər, bugünkü yığıncaqda bəzi bədxahlar məni o qədər tənqid etdilər ki, az qaldı ürəyim yerindən qopsun. Mənə deyirlər, sən xırda burjua şairisən. Bu söz mənə elə toxundu... Axı burjua deyəndə bizim gənclərin təsəvvüründə zəhmətdən qaçan, insanlıqdan kənar, xalqını, cəmiyyətini, vətənini sevməyən adamlar gəlir. Özün de, mən elə sözlərə layiqəm?

Qəhər məni boğdu. Böhtan qılınc yarasından pis olur. Axı bütün varlığı ilə sosializmin quruculuğuna bağlı, onun hər nailiyyətinə ürəkdən sevinən, dövrünü, zəmanəsini sonsuz ilhamla tərənnüm edən şairə bu cür böhtan atanların məqsədi nə idi?

Bircə o dövrün ictimai xadimlərdən olan Hökumə Sultanovanın onu müdafiə etdiyini dedi. Sonra Müşfiq ürək ağrısından şikayət etdi. Ona ağrısını sakitləşdirmək üçün dərman verdim, amma gecə səhərə qədər gözünə yuxu getmədi. Səhər həkim çağırtdırdım. O, Müşfiqin əsəb sarsıntısı keçirtdiyini müəyyən edib dərman yazdı”.


Ancaq bu son deyildi. Dəhşət hələ qabaqda idi. Ölüm addımbaaddım gənc şairin arxasınca gəzirdi, onu qarabaqara güdürdü...

1937-ci ildə artıq reprssiya maşını işə düşmüşdü. Azərbayacan ədəbiyyatının döyünən ürəkləri də bir-bir bu dəhşətin qurbanlarına çevrilirdilər...



1938-ci ilin 6 yanvarında qurbanların siyahısına daha bir nəfər- Mikayıl Müşfiq də əlavə olundu…Güllələnən nakam şairin məzarı belə olmadı.

Qeyd edək ki, Dilbər Axundzadə də təzyiqlərindən kənarda qalmayıb. 1937-ci il noyabrın 1-də onun həbsi üçün də qərar çıxarılır, iki aylıq əzab-əziyyətli işgəncələrə dözməyən Dilbər xanım psixi gərginlik keçirir. O, 28 fevral 1938-ci ildə 1 saylı Əsəb Xəstəlikləri Xəstəxanasına müalicəyə göndərilir. Getdikcə qarabasmalar görən Dilbər xanımın vəziyyəti daha da çətinləşir. Buna görə də 7 mart 1939-cu ildə Respublika prokurorluğunun xüsusi işlər şöbəsi D.Axundzadənin həbsdən azad olunması üçün təqdimat yazır. 10 mart 1939-cu ildə NKVD-nin rəis müavini Kərimovun imzaladığı qərara əsasən D.Axundzadə həbsdən azad edilir və istintaq işi arxivə verilir.



Şahanə Rəhimli
AzVision.az



Teqlər: Mikayıl-Müşfiq  





Xəbər lenti