Əliyevlə Putinin 7 saatlıq təkbətək söhbəti

Əliyevlə Putinin 7 saatlıq təkbətək söhbəti
  03 Sentyabr 2013    Oxunub:2283
Azərbaycandakı bütün kataklizmlərin tarixi ərzində (ölkəmizdəki istənilən seçki isə bir qayda olaraq böyük qarmaqarışıqlığın başlanğıcı demək olub) ilk dəfə məhz Rusiya ölkəmizin gələcək inkişafı yolunun müəyyənləşdirilməsində həlledici rol oynadı. İbrahimbəyovun pasportu və Kreml qruplaşmasının oynadığı “Volodin oyunları” Azərbaycan hakimiyyətinin taleyi uğrundakı pərdəarxası siyasi mübarizə ətrafındakı ehtiras və intriqanı sona qədər qoruyub saxladı.

Vladimir Putinin Bakıya gözlənilməz, amma qeyd etməliyik ki, çox vacib səfərinə qədərki ilk yekunları təhlil edərkən bu tarixi dramın finalının necə olacağını söyləmək çox çətin idi. Bunu yalnız İlham Əlievə qarşı qəsd torunun toxunduğu Kremlin pərdənin arxasında dayanan baş kuklaoynadanı sayəsində öyrənmək mümkün oldu. “Gürcü arzusu” əhvalatında olduğu kimi son söz bu dəfə də Putinin oldu.

Amma Putinin “böyük Azərbaycan yanğını”nın qarşısının alınmasındakı rolu barədə danışmazdan öncə gəlin bu çox vacib suala cavab verək: 90-cı illərdəki və ondan sonrakı dövrlərdən fərqli olaraq aparıcı və dominant geosiyasi güc rolunda çıxış etmək Rusiyaya bu dəfə necə nəsib oldu?

Biz Putin avtoritarizmini və karbohidrogen-xammal təməli üzərindəki yeni Rusiya imperiyasının qeyri-liberal mahiyyətini nə qədər tənqid etsək də tənqidçi əhval-ruhiyyəli sovetoloqların mütləq əksəriyyətinin fikri bir məqamda üst-üstə düşür: Putin avtoritarizmi ağır iqtisadi vəziyyətdən, cinayətkarlığın tüğyan etməsindən, “Qafqaz yanğınları”ndan, dövlətçiliyin süqut etməsi təhlükəsindən xilas olmaq istəyən rusiyalıların mütləq əksəriyyətinin arzu-istəyi ilə yaranıb. Təkcə mütəxəssis rəyləri yox, elə geniş yayılan sosial təsəvvürlər də belədir ki, Rusiyadakı sabitlik (bu sabitlik durğunluğa gətirsə də) və müsbət irəliləyişlər Putinin adı ilə bağlıdır. Putinin hakimiyyəti sosial terapevt rolunu oynadı. İqtisadi artım və siyasi sabitlik ölkənin sağlamlaşdırılmasının əsasında dayanan fundamental amillər idi.

Putinin gücü nədədir? Onun hakimiyyətinə yarana biləcək istənilən təhlükə status-kvonun dəyişəcəyindən və Yeltsinin ölkəni iflasa aparan siyasətinin xortlayacağından yana yaşanan total qorxunun təsiri altında sovuşub keçir.

Yeni Putin Rusiyası aparıcı regional derjava statusunu özünə inam hissi ilə və ağıllı şəkildə bərpa etdi. Bununla da digər aparıcı regional oyunçuların - Türkiyə ilə İranın təsir dairəsini xeyli məhdudlaşdırdı. Putin praktiki olaraq qeyri-mümkün görünənləri həyata keçirməyə nail oldu. O, Rusiyanı nəinki təkcə dağılmaqdan xilas edə bildi, həm də keçmiş çar və sovet imperiyaları hüdudlarında, o cümlədən Litva və Latviyada bir vaxtlar öz ölkəsinə məxsus olan hegemonluğu geri qaytardı. Ukrraynada narıncı inqilabın məğlubiyyətindən və “gürcü arzusu” bayrağı altındakı uğurlu blitskriqdən sonra Putin avtoritarizmi ətrafında narıncı hlaqa yaratmaq planı tam iflasa uğradı. Rusiyanın özünü narazı elektorat və mitinq meydanları vasitəsilə siyasi cəhətdən yenidən qurmaq cəhdləri isə həddən artıq gülməli görünərdi. Yaddaşlardan hələ də silinməyən hərc-mərclik dövrünə qayıtmaq qorxusu Rusiya cəmiyyətinin kütləvi şüurunda hələ də çox güclüdür. Güclü Putin hakimiyyəti öz maraqlarını geostreteji maraqlar zonasında - postsovet ölkələrində diqtə etməyə və rellaşdırmağa başladı.

Əliyevin unikal modeli

Əliyev soyadı da azərbaycanlıların kütləvi şüurunda sabitlik və çiçəklənmə ilə assosiasiya olunur. Oğul Əliyev Rusiyadakından fərqli olaraq Azərbaycanın infrastrukturunun uğurlu və sürətli inkişafını təmin etməyə nail olub. Azərbaycanın sosial psixoterapevti rolunu İlham Əliyevə qədər onun atası Heydər Əliyev icra etmişdi. Əliyev hakimiyyətinin gücü həm də ondadır ki, onun əsas rəqibləri Yeltsin siyasi irsinə məxsus hakimiyyət pyedestalından yıxılan heykəllərin qırıqları kimi zəif təsir bağışlayırlar. Rusiyada olduğu kimi Azərbaycanda da oxşar dərəbəylik hökm sürürdü. Sadəcə olaraq Heydər Əliyev hakimiyyətə Putindən qabaq gəlmişdi deyə mövcud özbaşınalığın qabağını Vladimir Vladimiroviçin illər sonra əl atacağı metodlarla ala bilmişdi.

Putinin hakimiyyəti Azərbaycan liderinin hakimiyyətinin ilk illərinə çox bənzəyirdi. Azərbaycanda hakimiyyətə opponentlik edənlər səhnəyə Qorbaçov erasında çıxan partiya siyasətçiləri zümrəsi idi. 90-cı illərin dəhşətli reallıqlarını, hamıya tanış çürük, kif iyi verən nitqləri, yalançı inqilabların tunc rəngli alovunu, prezidenti devirmək barədəki məşum fikirləri Azərbaycanın tarixi yaddaşından silməyə məhz bu adamlar mane olur. Bu adamlar məğlubiyyətə vərdiş eləmiş adamlardır. Çoxdan unudulmuş Burbulis və Şaxrayın (maraqlıdır, bu adamlar indi görəsən sağdırlarmı?) şinelindən çıxan bu azərbaycanlı müxalifətçilər nəslinin qarşısında çox güclü bir hakimiyyət dururdu. Bu hakimiyyəti rusiyapərəst Ayaz Mütəllibovun hakimiyyəti kimi devirmək elə də asan iş deyildi. Onu isə qotur bir BTR-in köməyi devirmişdilər.

Özünə güvənən, tükənməz karbohidrogen ehtiyatları ilə və “maraqların balanlaşdırılması” adlı ənənəvi xarici siyasət doktrinası ilə “silahlanan” güclü Əliyev hakimiyyəti hər cür basqıya qarşı uğurla müqavimət göstərdi. Əliyev hakimiyyəti bir çox geopolitik oyunçuların boğazında qalan sümük parçası kimi bir şeydir. Həmin oyunçular inqilab tonqalını bu kifayət qədər sabit ölkədə heç cür yandıra bilmirlər. Buna gücləri çatmır. Yalnız Qarabağ məsələsi istisnadır. Amma bu köhnəlmiş münaqişə o qədər qloballaşıb ki, yeni regional təhlükəsizlik sistemi şəraitində bizim də regionun siması xeyli dəyişib. Bu üzdən heç bir oyunçu bu münaqişədən təzyiq vasitəsi kimi təkbaşına istifadə edə bilmir. Qarabağda bir atəş hersoq Ferdinandın qətli kimi yeni dünya müharibəsinə gətirə də bilər.

İlham Əliyev bütün potensial təzyiq və manipulyasiya ocaqlarını məhv etdi. Daxili siyasi vəziyyəti gərginləşdirmək aləti kimi istifadə olunan separatizmin kökü kəsildi, siyasi sistemdə islahatlar aparıldı, həddən artıq sərt və effektiv hakimiyyət vertikalı quruldu, çox qüdrətli və modernləşmiş bir güc aparatı yaradıldı...

Narıncı inqilablar paradı və ərəb baharının suları artıq tarixin çevrilmiş səhifələridir. Güclü hakimiyyəti devirməyə qadir güclü inqilablar dalğası yaratmaq üçün güclü ideoloji əsaslar da lazımdır. Siyasi İslamın olmaması, daha dəqiq desək, etnomədəni İslamın teokratik ideologiyaya çevrilməsi üçün münasib imkanların olmaması qızmaq ərəb yayının ölkəyə girməsini birdəfəlik istisna edir.

Gənc, güclü və özünəinamlı Əliyev öz hakimiyyətinin icraçı vertikalının möhkəm təməlinə əsaslanaraq postsovet gerçəkliyi üçün çox unikal sayılacaq bir inkişaf modeli yaradıb. Bu model Asiya pələnglərinin və uğur qazanmış ərəb əmirliklərinin iqtisadi təcrübəsinin Avropa siyasi liberalizminin ənənə və təsisatları ilə sintezini təcəssüm etdirir. Əliyev bu modeli yaratmaqla aqressiv Rusiya, ekspansiyaçı Qərb, davakar İran və qeyri-Osmanlı Türkiyəsi arasında maraqların unikal kompomisini təmin etməyə nail oldu. Bu kompromis də ondan ibarət idi ki, adıçəkilən beynəlxalq oyunçuların hər biri regionun ən vacib geostrateji nöqtəsində - Azərbaycanda var olmaqlarından məmnundur.

Yeri gəlmişkən, İ.Əliyev öz yolunun hələ lap əvvəlindədir. Bu onilliyin sonuna qədər ölkəyə neftdən bir neçə yüz milyard dollar gəlir gələcək.

Əliyev modelinin tarixi inkişafının və bərqərar olmasının məhz bu taleyüklü məqamında ölkədə yeni qəsd təhlükəsi yaranır. Bu məşum plana həm müxalifətin ənənəvi hissəsi, həm də başında “Milyarderlər ittifaqı” partiyasının dayandığı “yeni rus hərəkatı” cəlb olunurlar. Abbas Abbasov, Rüstəm İbrahimbəyov, Söyün Sadıqov, Vahid Ələkbərov və “İlham Əliyevə qarşı qəsd” məqaləmizdən tanıdığınız digər presonajlar da bu planın iştirakçıları arasında idilər. Kreml administrasiyasından da kimlərsə, o cümlədən administrasiya rəhbərinin müavini Volodin İ.Əliyevin devrilməsi ilə başa çatmalı olan qəsdi dəstəkləyirlər. “İbrahimbəyov planı” işlənib hazırlanır. “LUKoil” şirkətinin hesabından inqilab yanğınını törətməyə bəs edəcək qədər böyük məbləğdə pul ayrılır.

Azərbaycan başı Yaxın Şərqdə idarəedilən xaosa bərk qarışmış Qərbin heç yadına da düşümür. İran canı ilə əlləşir, yaşamaq uğrunda mübarizə aparır. Türkiyə yeni neoosmanlı dalğasının üstündə yırğalanır... Yalnız Rusiya özünü davamlı qeyri-sabitlik təhlükəsini adlamış (söz yox ki, siyasi sistemləri hələ axıra qədər oturuşmamış olan bu ölkələrdə yeni siyasi eksperimentlər təhlükəsi hələ də böyük olaraq qalır) bu lokal postsovet guşəsinin alternativsiz və qüdrətli sahibi sayır. İlk baxışdan qeyri-münasib, güzəştə getməyən lider olan və siyasi suverenlik ideyasına köklənən İ.Əliyevi devirməyə çalışan bəzi Kremlpərəst qüvvələrin yeni avantürası nə ilə qurtara bilərdi? O, müstəqillikdən bacardığı qədər pay götürmüşdü. Bu da həddən artıq nüfuzlu qüvvələrin ürəyincə olmamışdı...

Putin. 13 avqust...

Putinlə Əliyev üzbəüz görüşdülər. Onların söhbəti inanılmaz dərəcədə çox çəkdi - 7 saat! Əliyev Putini öz evində qəbul eləmişdi. Tam səmimi şəkildə, dostcasına, azərbaycanlılara xas qonaqpərvərliklə... Prezidentlər çox şeyləri müzakirə eləməli olub. Tarixə ekskurs ediblər, dünyaya nəzər salıblar, diqqətlərini regionun üzərində cəmləyiblər, keçmişi yada salıblar, gələcəklə bağlı razılığa gəliblər...

Prezidentlər Əliyevə qarşı Volodin qəsdinin əsas fiqurantlarının - Abbas Abbasovun, Rüstəm İbrahimbəyovun, Söyün Sadıqovun, Vahid Ələkbərovun və regionun bu iki lideri arasında nifaq toxumu səpməyə, bu səmimi ittifaqı pozmağa çalışan digər milyarderlərin taleyini də diqqətdən kənarda qoymayıblar. Prezidentlər Azərbaycanın şimalında alovlanan yeni təhlükəni, ləzgi seperetizmi ocağının qəfildən od tutmasını, Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin həbs edilən fəallarının, Arif Kərimovun yaxınlarının taleyini də müzakirə ediblər...

Əliyev yeni qanlı hadisələr hazırlayan, Bakının qədim küçələrində həyasızcasına yeni zorakılıq və iğtişaşlar törətməyə hazırlaşan qəsdçilərin məkrli planının təfərrüatlarını Putinə çatdırıb. Buna qədər isə Milli Şuranın hərbi qanadı ifşa olunmuşdu. Bu qanada rəhbərlik edən sabiq nazir Nicat Quliyev həbs edilmiş, onun bağından isə silah-sursatla dolu böyük bir cəbbəxana aşkarlanmışdı. Digər qəsdçi Akif Muradverdiyev də danışmış və Abbas Abbasovun əsl niyyətləri barədə gətirdiyimiz faktları faktiki və praktiki olaraq təsdiqləmişdi. Muradverdiyev özü etiraf etdi ki, Abbasov özü hələ 2009-cu ildə ona ürəyini açıb belə deyibmiş: “Akif, sənə qarşı ədalətsizlik edən adamlar indi də mənim üstümə gəlilər”.

A.Abbasov bununla 2005-ci ildə narıncı çevriliş cəhdinin qarşısını alan İlham Əliyevə açıq şəkildə eyham vururdu. Milli Şuradakı çox bayağı və gülməli, demək olar ki, məişət səviyyəsindəki bir münaqişə EL Hərəkatının liderlərindən biri olan sabiq icra başçısı (Qobustan rayonunun) Əflan İbrahimovun ifşaedici çıxışlarına səbəb oldu. Ə.İbrahimov açıq şəkildə dedi ki, Milli Şuranın hərbi qanadı yaradılıb və oktyabrın 10-da, seçkinin səhərisi günü silahlı üsyana cəhd olacaq. “Qan - böyük məsələdir!” inqilabın şüarı belədir...

Moskvada və Bakıda qəsd hazırlanmasına dair ifşaedici faktlar gün işığına çıxarılandan sonra inqilabın təhrikçiləri Abbas Abbasov, Vahid Ələkbərov, Söyün Sadıqov və digərləri səslərini də çıxarmadılar. Onlar hətta bu məlumatları təkzib etməyə də cəhd göstərmədilər.

Lakin Putin hər şeyi özü yerbəyer elədi. Diqqət edin, Putin Bakıdan dönəndən dərhal sonra Əliyevə qarşı qəsdin əsas iştirakçıları sanki hansısa sehrli çubuğun bir işarəsi ilə siyasi səhbədən bu sözün hərfi mənasında əkilib yoxa çıxdılar. Abbasov gözə görünmədi, Söyün Sadıqov səsini içinə salıb sakitcə dayandı. İbrahimbəyovun özü isə əldən-ayaqdan uzaq Dağıstanda hansısa bir filmin çəkilişlərinə başladı... Milli Şura və ənənəvi müxalifət isə bu ballastdan - lider-rejissordan yaxa qurtarmağa tələsdi. Onlar özlərinin yenidən doğulub legitimlik cildinə girən mübarizəsinə rəhbərlik eləməsi üçün yeni ehtiyat vahid namizəd seçdilər. Bu, eynəyini hakimiyyət dəhlizlərində itirmiş təvazökar və sadə tarixçi-professordur...

Beləliklə, Putin hər şeyi yerbəyer elədi. Rusiya lideri ölkəsinə qayıdandan dərhal sonra əli hər yerdən üzülmüş xalis satqın - bizim “uğursuz İvanişvilimiz” (cənab Abbas Abbasov) Əliyevdən aman diləməyə, özünə haqq qazandırmağa çalışmağa başladı. A.Abbasov nəyə görəsə qəfildən nifrətlə yanaşmağa başladığı, getməli olduğuna işarə etdiyi Əliyevə yalvarmağa, onun tərəfindən bağışlanmasına nail olmağa çalışır. Əliyev bağışlayacaqmı? Bilmirik. Amma Allah cəzasını verəcək...

Qəsdçilər özünün xüsusi üfunətli iyi olan uğursuzluğun, məğlubiyyətin labüd olduğunu hiss edən kimi əfv diləmək, bağışlanmaq üçün Əliyevə müraciət elədilər. Qəsdçilərin uğursuzluğa düçar olduğunu elə müxalifətin minlərlə aldadılmış tərəfdarı da hiss elədi. Onlar Milli Şuranın Putinin səfərindən dərhal sonraya təyin edilmiş mitinqinə getmədilər. “20-ci sahə”dəki meydan avqustun 18-də praktiki olaraq boş idi. İbrahimbəyovun inqilabı və Abbasovun qiyamı palçıqlı ayaqdakı rəzil qaloşlar kimi görünürdü. Axı Putin pərdəni endirmişdi...

Keçmişi tarixə, gələcəyə şans vermək...

Beləliklə, Putinlə Əliyevin uzun-uzadı və səmimi söhbətindən sonra aktyorlar, dekorasiya və rejissorun özü siyasi teatrın səhnəsindən çəkilib yoxa çıxdılar. Narazı kütlə maraqlı tamaşa görmədiyi üçün parteri tərk etdi. İki müdrik lider isə benuar lojasından aktyorları və tamaşıçıları olmayan, heç tamaşanın da oynanmadığı bomboş teatra baxdılar.

Putinin Azərbaycana gözlənilməz və tarixi səfəri iki ölkənin münasibətlərinin inkişafındakı yeni mərhələyə yekun vurdu. Putin getdi, qapı bağlandı, dairə qapandı, fəsil başa çatdı. Tarixçilərin və politoloqların bu fəsli necə adlandıracağı o qədər də vacib deyil. Vacib olan budur ki, yalnız tarixə məxsus olanları keçmişdə qoyasan. Putin Rusiya və Azərbaycan qarşısında yeni perspektivlər açdı. İki güclü dövlətin müttəfiqliyini gücləndirmək üçün yeni şans verdi. Bu şansdan istifadə etməmək günah olardı...

Eynulla Fətullayev


Teqlər:





Xəbər lenti