Qətər böhranı: İki çıxış yolu var - ŞƏRH

Qətər böhranı: İki çıxış yolu var - ŞƏRH
  13 İyun 2017    Oxunub:8033
Qətər böhranı getdikcə dərinləşir. Ölkə hər tərəfdən blokadaya alınıb, ciddi ərzaq problemi yaşanır. Vəziyyət o həddə çatıb ki, bir sıra ölkələr böhrandan çıxış yolları üçün vasitəçilik missiyası təklif edir.
Böhrandan çıxış yolları nədədir? Düşmənçilik nə qədər davam edəcək?

Siyasi-ekspert Arzu Nağıyev hesab edir ki, Qətər böhranı Səudiyyə Ərəbistanı və arxasında duran qüvvələrin tələblərinin yerinə yetiriləcəyinə qədər davam edəcək:

“Məlumdur ki, bu gün bir sıra dövlətlər Qətərlə Səudiyyə Ərəbistanı arasında vasitəçilik təklif edirlər. Bunlar Rusiya, Türkiyə və Pakistandır. Düşünmürəm ki, Qətər böhranı uzun müddət davam etsin. Çünki, Avropanın enerji təhlükəsizliyinə təhdidin qarşısını alan bir dövlətin uzun müddət sanksiya altında saxlanılmasına imkan verilə bilməz. Bununla belə hesab edirəm ki, bu böhran Ərəb dünyasında müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər”.



A.Nağıyev qeyd edib ki, ABŞ-ın təkidi ilə Səudiyyə Ərəbistanı Qətərə qarşı sanksiyalar tətbiq etməkdə davam edir: “Lakin məlumdur ki, əsas məsələ İrandır. İrana isə terror hadisələri törətməklə mesaj göndərildi. Qətərin probleminin həlli “Müsəlman Qardaşları”na biət edən rəhbərliyin təhvil verilməsi və Səudiyyə Ərəbistanının qoyduğu məsələlərlə razılaşmadan ibarətdir. Fikrimcə, Qətər böhranı müharibəyə çevrilə bilməz. Çünki, Qətər ərazisində ABŞ-ın böyük hərbi bazası yerləşir”.

A.Nağıyev bildirib ki, Qətər qalmaqalında hər ölkə öz mövqeyindən çıxış edir: “Burada hər bir ölkənin öz marağı var. Vasitəçilik təklif edən Rusiyanın da öz maraqları var. Bu baxımdan böhranın uzun müddət davam etməsi heç bir dövlətin maraqlarına uyğun gəlmir. Ona görə də böhranın uzun müddət davam etməsi, xüsusən də müharibə ilə nəticələnəcəyi gözlənilməzdir”.



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Ərəb dünyası ilə Qətər arasındakı gərginlikdən iki çıxış yolu var:

“Birinci yol odur ki, Qətər öz siyasətini davam edir, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının tələblərini yerinə yetirmir, İranla yaxınlaşma siyasətini davam etdirir, o cümlədən Türkiyə və Rusiyadan dəstək istəyir. İkinci yol isə odur ki, Qətər Ər-Riyadın tələbələrini tədricən yerinə yetirəcəyinə vəd verir, iddia edildiyi kimi terrorçularla bütün əlaqələri kəsir, “Əl-Cəzirə” televiziya kanalının redaksiya siyasətini dəyişdirir və İranla yaxınlaşmadan vaz keçir”.

Politoloq qeyd edib ki, birinci yol ərəb dünyasında parçalanmanı gücləndirəcək, Yaxın Şərqə yeni və daha dərin böhranın əsasını qoyacaq: “Böyük dövlətlərin bir qismi Səudiyyə Ərəbistanını, digərləri Qətəri seçəcək. Bu, nəticədə böyük dövlətlər arasındakı münasibətləri gərginləşdirəcək. İkinci yol gərginliyin azalmasına xidmət edəcək. Ancaq ikinci yolun qüsuru odur ki, Qətər aşağılanacaq, indiyənə qədər həyata keçirdiyi müstəqil xarici siyasətdən vaz keçəcək”.



E.Şahinoğlunun fikrincə, bütün hallarda Qətər barışa çalışacaq: “Bunun əlaməti artıq var. Məsələn, “Həmas” təşkilatının Qətərdəki nümayəndəliyi bağlanıb. Bunun davamı kimi Qətərin “Müsəlman qardaşları”na da dəstəkdən vaz keçəcəyini düşünürəm. Qətər varlı dövlət olsa da, iqlim şəraitinə görə ərzağın böyük hissəsini qonşu ölkələrdən alır, quru sərhəddinin tamamı Səudiyyə Ərəbistanı ilə əhatə olunub. Bu və digər amilləri nəzərə alaraq Qətərin simasını qorumaq şərti ilə güzəştə gedəcəyini düşünürəm. Ancaq Qətərlə ərəb dünyasını barışdırmaq üçün fəal vasitəçiyə ehtiyac var. Bu, ya Türkiyə, ya da Küveyt ola bilər. Ancaq hələ ki, kimsə onlardan vasitəçi olmağı xahiş etməyib”.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri Yəmən, Liviya və Maldiv Adaları və digər dövlətlər Qətərlə diplomatik əlaqələri kəsib. Buna səbəb kimi Qətərin Bəhreynə qarşı apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsir göstərməsi və bu ölkənin daxili işinə qarışması, media vasitəsilə gərginliyi davam etdirməsi, terrorizmi dəstəkləməsi və İranla əlaqələrin qurulmasına kömək etməsini əsas səbəb kimi göstərilir.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Qətər  





Xəbər lenti