Qeyri-neft sektoruna investisiya axınına nail olmaq lazımdır - TƏHLİL

Qeyri-neft sektoruna investisiya axınına nail olmaq lazımdır - TƏHLİL
  21 İyun 2017    Oxunub:5689
İqtisadi artım daim vəsait qoyuluşu tələb edir. Necə ki, avtomobilə yanacaq tökülməsə, hərəkət edə bilmədiyi kimi, iqtisadiyyat da investisiyasız inkişafda ola bilməz. Ölkədə isə bütün maliyyə mənbələrindən əsas kapitala vəsait qoyuluşu azalmaqda davam edir. Belə ki, bu ilin yanvar-may ayları ərzində ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5671,7 milyon manat vəsait yönəlib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2% azdır.
Məsələ bundadır ki, İqtisadiyyat Nazirliyinin 2017-ci il və sonrakı 3 il üçün hazırladığı ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən bu il ərzində əsas kapitala yönəldiləcək investisiyaların həcmi 15,3 milyard manat nəzərdə tutulub. Bu, əvvəlki illə müqayisədə 18,6% azdır. Cari ildə iqtisadiyyata yönələn investisiyaların 39,6%-ni daxili, 60,4%-ni isə xarici mənbələr təşkil etməlidir. Ümumi investisiyanın 5,6 milyard manatının qeyri-neft, 9,7 milyard manatının isə neft sektoruna yatırılacağı gözlənilir.

Ölkə iqtisadiyyatına investisiyanın, başqa sözlə desəm, əsas kapitala vəsait qoyuluşunun 2017-ci ildə keçən ildəkindən az təşkil edəcəyi aydın məsələdir. Çünki bu tendensiya 2014-cü ildən başlayıb və ardıcıl son 3 ildir davam edir. Buna qədər isə investisiyaların həcmi hər il artırdı: 2010-cu ildə 21,2%, 2011-ci ildə hətta 27,3%, 2012-ci ildə 18%, 2013-cü ildə 15,1%. 2014-cü ildə isə ilk dəfə olaraq endi: 1,7%. Sonrakı ildə, yəni 2015-ci ildə isə eniş 11,1% təşkil etdi.

İnvestisyaların hər il artması neftin dünya bazar qiymətləri ilə əlaqədar idi. Yəni, onun əlverişli səviyyədə olması ilə bağlı baş verirdi. Üstəlik, ölkəmizdə hasilat səviyyəsi də yaxşı idi. Belə ki, bu sahədə pik dövr 2010-cü ilə təsadüf etdiyindən, yuxarıda qeyd etdiyim rəqəmlərə diqqət yetirsək, investisiyalar üzrə ən yüksək artımın məhz 2010 və 2011-ci illər ərzində qeydə alındığını görərik. Sonrakı illərdə hasilat enməyə başladığından artım zəiflədi və 2014-cü ildən ümumiyyətlə, azaldı. Çünki qeyd olunan ildə neftin həm də dünya bazar qiymətləri ucuzlaşmağa başladı.

Ümumiyyətlə, getdikcə dövlət tərəfindən investisiyaların azalacağını və bu sahədə əsas yükün özəl strukturların üzərinə düşəcəyini yazmışdım. O cümlədən, bundan sonra investisiya strategiyasında əsas hədəfin iqtisadiyyatda, xüsusən də, onun qeyri-neft sektorunda xarici investisiyaların artması və genişlənməsi təşkil etməli olduğunu da qeyd etmişdim.

Bu baxımdan, Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən, cari ilin ilk 5 ayı ərzində əsas kapitala yönələn 5671,7 milyon manat vəsaitin 3663,5 milyon manatı neft, 2008,2 milyonu isə qeyri-neft sektoruna, ümumi sərmayənin 73,1 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunması faktı diqqəti cəlb edir. Yəni, yenə investisiyaları ən çox “udan” neft sektorudur. Yatırılan vəsaitin 82,9%-i istehsal obyektlərinin, 11,9%-i xidmət, 5,2%-i isə ümumi sahəsi 630 min kvadrat metrə yaxın olan yaşayış evlərinin payına düşmüşdür.

Azərbaycanda investisiyalar ən çox neft sektoruna qoyulub və qoyulur. Halbuki ölkəmizdə qeyri-neft sektorunda da bunun üçün gözəl zəmin vardır. Düzdür, son vaxtlar qeyri-neft sektoruna da daxili və xarici sərmayə qoyulur. Lakin, qeyri-neft sektoruna daha çox xarici sərmayə cəlb etməyə çalışmalıyıq və bu, ən ümdə vəzifə təşkil etməlidir.

Hazırda müxtəlif xarici maliyyə və iqtisadi qurumlar Azərbaycanda makroiqtisadi göstəricilərə, yəni artımla bağlı proqnozlar irəli sürürlər. Əlbəttə, bunlar təxmini xarakter daşıyır. Odur ki, bunlara əhəmiyyət vermək lazım deyil. Lakin fakt bundan ibarətdir ki, ümumi daxili məhsul (ÜDM) istehsalı aşağı səviyyədədir. Məsələn, 2017-ci ilin yanvar-aprel ayları ərzində ölkəmizdə 20139,8 milyon manatlıq ümumi daxili məhsul istehsal edilmişdi ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,2% az demək idi... ÜDM istehsalı həcminin azalmasına təsir edən əsas amilin sənayenin neft hasilatı və emalı sahələrində istehsalın azalması olduğunu göstərmişdik. Qeyri-neft bölməsində istehsal olunan əlavə dəyər isə əvvəlki ilin eyni dövrünə nisbətən 1,9% artmışdı.

2017-ci ilin yanvar-may ayları ərzində (25 338,7 milyon manat) isə 2016-сı ilin yanvar-may aylarına nisbətən, 0,9% az məhsul istehsal edilib. Yəni, statistikaya əsasən, nəticələr var. Belə ki, iqtisadiyyatda 2 ildir ardıcıl davam edən geriləmə prosesi dayanıb və artıq, stabilləşmə müşahidə edilir. Lakin buna rəğmən, makroiqtisadi göstəricilərdə möhkəm dayanıqlıq əldə etmək üçün hələ xeyli yol getmək lazımdır. Bunun üçün ilk növbədə valyuta gəlirlərimizin neftdənkənar ixrac potensialımızdan asılı olması tələb olunur ki, bu da qeyri-neft sektoruna investisiya tələb edir.

Ümumiyyətlə, ÜDM 1-2% aşağı və yaxud yuxarı olması məsələsi hazırda əsas hədəf sayılmalı deyil. İstehsalda dayanıqlıq əldə etmək və xarici bazarların təsirlərindən yaxa qutarmaq lazımdır. Manatın dəyəri möhkəm özülə söykənməlidir. Əsas prioritetlər bax, məhz bunlardır...

Yeri gəlmişkən, investisiya su axınına bənzəyir, yəni hansısa istiqamətdə hərəkət etmək və özünə yer tapmaq imkanı əldə edərsə, dərhal məhz oraya doğru hərəkət edər. Bu mənada, əsas kapitala vəsait qoyuluşunun da əsas etibarilə istehsal, özü də qeyri-neft sektoruna aid istehsal obyektlərinə axmasına şərait yaradılmalıdır. Bu, ümumi investisiya həcminin azalması prosesinin də neqativ təsirlərini aradan qaldıracaq.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #İnvestisiya   #Qeyri-Neft-sektoru   #İqtisadiyyat  





Xəbər lenti