Astanada Azərbaycan pavilyonunda Milli Gün təşkil olunub - Fotolar

Astanada Azərbaycan pavilyonunda Milli Gün təşkil olunub - Fotolar
  10 İyul 2017    Oxunub:2205
Qazaxıstanın paytaxtı Astanada “EXPO 2017 - Gələcəyin enerjisi” Beynəlxalq sərgisindəki Azərbaycan pavilyonunda Milli Gün təşkil olunub.
Milli Gün çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimi keçirilib. Əvvəlcə Qazaxıstan və Azərbaycanın dövlət himnləri səsləndirilib, dövlət bayraqları qaldırılıb. Qazaxıstanın Energetika nazirinin müavini Maqzum Mirzaqaliyev bildirib ki, ölkəsi Azərbaycanla ticarət və iqtisadi sahədə sıx əlaqələrini davam etdirir. Eləcə də nəqliyyat, tranzit və vergi sahələrində imzalanan sazişlər yaxın və qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirir. Natiq vurğulayıb ki, Qazaxıstanla Azərbaycan beynəlxalq əməkdaşlıq çərçivəsində daim dünyada gedən proseslərə ümumi baxışları və üst-üstə düşən mövqeləri uğurla nümayiş etdirir.

Qazaxıstan Azərbaycan üzərindən keçməklə Qafqaz marşrutu ilə Avropa bazarına çıxış imkanı əldə edir deyən nazir müavini əlavə edib ki, bu marşrutla öz növbəsində ölkəsi Azərbaycanın üzünə Orta Asiya və Çin qapılarını açır.

Maqzum Mirzaqaliyev ümid etdiyini bildirib ki, EXPO-2017 sərgisi enerji marşrutları üzrə əməkdaşlığa güclü təkan verəcək. Nazir müavini Azərbaycan nümayəndə heyətinə Milli Günün keçirilməsi münasibətilə öz təbriklərini çatdırıb, Azərbaycan tərəfinə EXPO-2017 sərgisində fəal iştirakına görə təşəkkürünü bildirib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxışında vurğulayıb ki, iki ölkə arasındakı münasibətlər dərin tarixi köklərə malikdir və iki xalq arasında əlaqələr hər zaman dostluğa söykənib.

Anar Ələkbərov qeyd edib ki, Azərbaycan müxtəlif ölkələri potensial imkanları ilə bir araya gətirən Beynəlxalq sərgidə iştiraka böyük əhəmiyyət verir. “Gələcəyin Enerjisi” mövzusu bugünkü reallıqlara cavab verir və əlbəttə alternativ enerji mənbələri kimi başa düşülən bu sahənin inkişafı bəşəriyyəti narahat edən problemlərin həllinə mühüm imkanlar yaradır. Xüsusi olaraq vurğulanıb ki, Azərbaycan EXPO-2017 sərgisində öz iştirakını təsdiq edən ilk ölkələrdən olub.

Natiq Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana aprel ayında baş tutan rəsmi səfərini xatırladaraq qeyd edib ki, ümummilli lider Heydər Əliyevlə Nursultan Nazarbayev arasında dostluq və qardaşlıq münasibətləri bu ənənələrin əsasını qoyub. Bu gün Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayevin xidmətləri sayəsində Azərbaycanla Qazaxıstan əməkdaşlığı strateji xarakter daşıyır.

Anar Ələkbərov Azərbaycan pavilyonu haqqında danışaraq bildirib ki, “EXPO 2017 - Gələcəyin enerjisi” Beynəlxalq sərgisindəki Azərbaycan pavilyonu Heydər Əliyev Mərkəzi və Energetika Nazirliyi tərəfindən təşkil edilib. Milli pavilyonun konsepsiyası “Enerji Yurdu (Land of Energy) - keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanır.

Paytaxt Bakının 2025-ci il Ümumdünya Sərgisinə ev sahibliyinə namizəd olduğunu deyən Anar Ələkbərov Azərbaycanın bugünədək bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini xatırladıb. Azərbaycanın bu sahədəki uğurunun 2025-ci ildəki Ümumdünya Sərgisinə namizədliyin qiymətləndirilməsi prosesinə də müsbət təsir edəcəyinə ümidvar olduğunu deyib.

Çıxışlardan sonra Azərbaycanın tarixini, mədəniyyətini, turizm potensialını özündə əks etdirən film nümayiş olunub.

Azərbaycan nümayəndə heyəti Qazaxıstan pavilyonunu ziyarət edib.

Qonaqlara məlumat verilib ki, pavilyonun 1-ci mərtəbəsində Qazaxıstanın tarixi, mədəniyyəti, adət-ənənələri və turizm potensialını əks etdirən stendlər, sərgilər, tematik görüntülər nümayiş olunur. Burada “Gələcəyin muzeyi” sərgisi iştirakçılarında böyük maraq oyadır. Ziyarətçilər “Nur Alem” kompleksində ümumiyyətlə rəqəmsal, interaktiv və multimedia texnologiyaları vasitəsilə ölkənin perspektiv planları ilə tanış olmaq imkanı əldə edə biliblər. Pavilyonun 2-8-ci mərtəbələrində enerjinin əsas mənbələrindən olan kosmos, günəş, biokütlə, külək, su və kinetika növləri nümayiş olunur. Pavilyonun fasadı, dizaynı isə EXPO-nun ümumu görünüşünü tamamlamaqla Astana sərgisinin simvoluna çevrilib.

Sonra Azərbaycan nümayəndə heyəti başda olmaqla bütün iştirakçılar Azərbaycan Pavilyonuna gəliblər. Pavilyonda ziyarətçilərə ölkəmizin tarixi-mədəni irsi, zəngin enerji potensialı, gələcək enerji mənzərəsi və dövlətimizin enerji siyasəti yüksək texnologiyalar vasitəsilə təqdim olunub. Üç hissədən ibarət pavilyonun giriş zalının dizaynı bükülmüş xalça formasındadır. Burada təqdim olunan foto və videomateriallar ziyarətçiləri Azərbaycan tarixinə səyahətə aparır. Bu hissədə Azərbaycan xalçaları, mətbəxi və musiqisinin incilərini yaxından görmək və Qobustan qayaüstü təsvirlərindən, “Atəşgah” məbədindən Bakının müasir memarlıq incilərinədək müxtəlif tarixi və modern tikililərlə tanış olmaq mümkündür.

Milli pavilyonda, həmçinin Azərbaycanın ənənəvi enerjidən alternativ enerjiyə qədər keçdiyi inkişaf prosesi, neft, neft məhsulları, qaz, elektrik, külək, günəş enerjisi ilə bağlı təqdimatlar nümayiş etdirilir. Külək enerjisinə həsr olunan eksponatlar və gələcəkdə Xəzər dənizinin Cilov və Pirallahı adaları arasında qurulması nəzərdə tutulan külək elektrik stansiyasının xəritəsi isə ölkənin gələcəyində külək enerjisinin əhəmiyyətini vurğulayır.

Pavilyonun ekspozisiyasında palçıq vulkanları, bioloji tullantıların utilizasiyasının yeni texnologiyaları, yeni enerji mənbəyi kimi qaz hidratları sahəsində Azərbaycanda aparılan araşdırma əsasında qurulan eksponat, karbohidrogen hasilatının ən uyğun ekoloji yolu kimi üfüqi qazma işləri və Azərbaycandan gətirilən real neft nümunələri təqdim olunur.

Xüsusilə də üç model – Çıraq 1 platformasının modeli və onu tamamlayan Xəzər dənizində neft çıxarılmasında istifadə olunan orijinal qazma baltası, Azərbaycan istehsalı olan üçhissəli külək pəri və rotor qanadı ekspozisiyanın incisi hesab edilir.

Pavilyonda Azərbaycana virtual tur-səyahət də nəzərdə tutulub. İzləyicilər real xalça üzərində əyləşir, milli çalarlı musiqinin müşayiəti ilə 220° bucaq altında əyilmiş videoproyeksiya vasitəsilə odlar və enerji yurduna fantastik uçuş edir, ölkənin rəngarəng mənzərələri ilə tanış olurlar. Bu isə sərgini izləyənlər də böyük maraq oyadır.

Milli Gün münasibətilə Azərbaycan Pavilyonunun qarşısında konsert proqramı təşkil olunub. “Natiq” ritm qrupu və milli rəqslərimiz sərgi iştirakçılarının alqışları ilə qarşılanıb. Ziyarətçilərə Azərbaycanın tarixi, coğrafiyası ilə bağlı nəşrlər, fotolar, disklər, milli mədəni dəyərlərimizi əks etdirən müxtəlif hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “EXPO 2017 - Gələcəyin enerjisi” Beynəlxalq sərgisində 115 ölkə və 30 beynəlxalq təşkilat iştirak edir. Sərgi sentyabrın 10-dək davam edəcək.

Qalereya




Teqlər: Astana  





Xəbər lenti