“Jara-2017”də Alla Puqaçova gecəsi - FOTOLAR

“Jara-2017”də Alla Puqaçova gecəsi - FOTOLAR
  30 İyul 2017    Oxunub:11604
İyulun 29-da “Sea Breeze” istirahət mərkəzində daha bir unudulmaz gün yaşanıb. Dünya şöhrətli müğənni, rus estradasının primadonnası, SSRİ Xalq Artisti, Rusiya Federasiyası Dövlət Mükafatı laureatı Alla Puqaçovanın yaradıcılıq gecəsi gözəl və sürpriz ifalarla zəngin olub.
“Jara-2017” Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilən konsert proqramı İnna Malikova və Aleksandr Revvanın dueti ilə başlayıb.

Oleq Qazmanov, Ani Lorak, Filip Kirkorov, Kristina Orbakayte, Stas Mixaylov, Anjelika Aqurbaş, “Fabrika”, Jasmin, Dima Bilan, Valeri Meladze, Qlyukoza, LOBODA, Layma Vaykule, Aleksandr Panayatov və başqaları Alla Puqaçovanın repertuarından sevilən mahnıları səsləndiriblər. EMİN A'Studio qrupu ilə birlikdə oxuyub.



Azərbaycanın zəngin mədəniyyətə malik ölkə olduğunu, builki festivalın çox möhtəşəm keçdiyini vurğulayan Filip Kirkorov “Na nebe” mahnısını ilk dəfə olaraq Bakı tamaşaçıları qarşısında ifa edib.

Stas Mixaylov bu məkana çox gözəl, xeyirxah insanların toplaşdığını qeyd edib, “Jara”nın ənənəyə çevrilməsini arzulayıb və bu festivalda hər il məmnuniyyətlə iştirak etməyə hazır olduğunu bildirib.



Aparıcı Azərbaycan musiqi sənətindən, bu sənətə bəslənilən ciddi münasibətdən danışıb, bu torpaqda Müslüm Maqomayev, Polad Bülbüloğlu kimi sənətkarlar yetişdiyini vurğulayıb.

Dima Bilan Bakıya, onun gözəl insanlarına qibtə etdiyini bildirib və azərbaycanlı Nigar Camalla duet oxuyub.

Sonra səhnəyə Albina Canabayeva, Alessandro Safina çıxıblar. Emiliya Yaqubova Alla Puqaçovanın repertuarından “Starinnıye çaşı” mahnısını ifa edib. EMİN ilə uzun illərdir dostluq etdiyini, “Jara”nın dünya səviyyəsində təşkil edildiyini deyən Vladimir Vinokur görkəmli müğənninin çox sevilən mahnılarından birini səsləndirib.



Maksim Qalkin Alla Puqaçovanın məşhur “Arlekino” mahnısını ifa edərək yüksək qonaqpərvərliyə, bu möhtəşəm tədbirə və gecəyə görə təşkilatçılara təşəkkürünü bildirib, hər dəfə Bakıya böyük həvəslə gəldiklərini deyib.

Daha sonra səhnəyə çıxan EMİN və Qriqori Leps Müslüm Maqomayevin repertuarından “Every night, every day” mahnısını oxuyublar. EMİN hər kəsi oktyabrın 25-də Moskvada “Crocus City Hall”da Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunacaq tədbirə dəvət edib.

EMİN festivalın təşkilinə göstərdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, eləcə də bütün təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirib.

Nəhayət, tamaşaçıların səbirsizliklə gözlədikləri an: hərarətli alqışlar altında səhnəyə qədəm qoyan Alla Puqaçova “Prosto”, “Ptitsa pevçaya”, “Xoçetsya”, “Sçastlivıye dni” və digər mahnılarını ifa edib, habelə Maksim Qalkinlə birgə “Eto lyubov” mahnısını oxuyub.

Gecə iştirakçıların birlikdə ifa etdikləri “Pod odnim flaqom” mahnısı və atəşfəşanlıqla yekunlaşıb.

Alla Puqaçova “Jara”nı gözəl ölkədə gözəl festival adlandırıb.

Görkəmli müğənni Alla Puqaçovaya həsr edilmiş musiqi gecəsinin fəxri qonaqları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olub. (AzərTAc)

Qalereya




Teqlər: Fara-2017   Alla-Puqaçova  





Xəbər lenti