Yerevan üçün Qarabağ Gömrüyün o üzündə qaldı – TƏHLİL

Yerevan üçün Qarabağ Gömrüyün o üzündə qaldı – TƏHLİL
  10 Sentyabr 2013    Oxunub:1670
Ermənistanın Gömrük İttifaqına (Gİ) daxil olmasına bəraət qazandırmağa çalışan rəsmi Yerevan narazılığı azaltmaq üçün hər yola əl atmağa başlayıb. Ermənistan cəmiyyəti guya ölkənin Gİ-yə qoşulmasının ölkəyə iqtisadi və siyasi cəhətdən faydalı olacağına şübhəli yanaşır. Ermənistan hökuməti isə bunlardan ittifaqa daxil olmaq üçün arqument kimi istifadə etmək qərarına gəlib.

Onların arqumentlərindən biri Dağlıq Qarabağdır. Ermənistan hakimiyyəti, görünür, sadəlövhcəsinə Gİ-yə daxil olduqdan sonra Dağlıq Qarabağın tanınmasına çalışacaq. Ermənistanın Respublika partiyasının parlament fraksiyasının üzvü Qaqik Minasyanın sözlərinə görə, Yerevanın Gİ-yə qoşulması Dağlıq Qarabağın ya Ermənistanın tərkib hissəsi, ya da müstəqil dövlət kimi tanınmasına gətirib çıxara bilər.

Halbuki, əgər Gİ-nin üzvləri olan Rusiya, Qazaxıstan və Belarus Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırsa, Gİ-yə daxil olmaqla Qarabağın tanınmasına necə nail olmaq olar?

Xatırlatmaq lazımdır ki, bu yaxınlarda, daha dəqiq desək, keçən ay Ermənistanın bir çox siyasətçiləri və ekspertləri Gİ-yə məhz Dağlıq Qarabağla daxil olmağın qeyri-mümkün olduğunu söyləmişdilər. “Əgər ittifaqın digər üzvü Qazaxıstanın Ermənistanın Gİ-yə Dağlıq Qarabağsız qoşulması barədə tələbi olmasaydı, Ermənistan çoxdan bu qrupa daxil olardı. Qazaxıstan prezidenti Nursultan Nazarbayev iddia edir ki, əgər Ermənistan Gİ-nin üzvü olacaqsa, eyni rejimdə İran və ya Gürcüstanla olduğu kimi Ermənistan və Dağlıq Qarabağ arasında da gömrük nizamnaməsi yaradılacaq” - erməni siyasətçiləri və ekspertləri keçən ay bildirmişdilər. İndi həmin şəxslər Gİ-yə daxil olmağa Qarabağın tanınması məsələsi ilə bəraət qazandırmağa çalışırlar.

Ermənistanın Gİ-yə qoşulması o demək deyil ki, onun üzvləri – Rusiya, Qazaxıstan və Belarus, Ermənistanın Dağlıq Qarabağla birlikdə ittifaqa girişinə avtomatik razılaşacaqlar. Yeri gəlmişkən, bu iddia ilə həmçinin Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da razıdır.

“Serj Sarkisyan və Ermənistan hakimiyyəti Gİ-yə daxil olmağı iki arqumentlə əsaslandırırlar: bu, avrointeqrasiyadan imtina deyil; ikincisi, Gİ-yə qoşulma Qarabağın təhlükəsizliyi ilə izah olunur. Birinci bənd yalnız şəxsi qurtuluş və indiki etiraz dalğasının yumşaldılması üçündür. Onlar Qarabağ problemini nəzərə alaraq Gömrük İttifaqını seçdilər… Bu arqument ağılsızlıqdır, çünki Avropa və ya avrointeqrasiya ilə istənilən oyunlarda Qarabağın təhlükə qarşısında qalacağını Serj indi deyil, öz siyasi macərasına başlayarkən anlamalı idi” - Ermənistanın birinci prezidenti bildirib.

Nəhayət, öz lideri Serj Sarkisyanın qeyri-populyar addımına bəraət qazandırmağa çalışan və erməni cəmiyyətində “Buqələmun” ləqəbi qazanmış həmin Qaqik Minasyan həyasızcasına unutqanlığın möcüzələrini göstərir. Hələ iyunun əvvəlində o söyləmişdi: “Əgər Qarabağ analoji təklif alarsa, Ermənistanın istənilən Gİ-yə daxil olması mümkündür. Amma hələ ki bu məsələ həll olunmayıb. Buna görə də, Ermənistanın Gİ-də iştirakından danışmaq məntiqsizdir”.

Heç bir sənəddə və ya Putinlə Sarkisyanın birgə mətbuat konfransında Dağlıq Qarabağ separatçılarının Gİ-yə dəvəti haqqında qeydə rast gəlinməyib. Qarabağ haqqında tarix boyunca yeganə qeyd onun sülh yolu ilə nizama salınması olub. Həmin xatırlatmanı biz illər boyu eşidirik. Buna görə, erməni siyasi elitasının Sarkisyanın qərarının xeyrinə Gİ-yə daxil olmağın son arqumenti kimi Dağlıq Qarabağdan istifadə etmək cəhdi uğursuzluqla nəticələnib.

Leyla Cavadova


Teqlər:  





Xəbər lenti