Niyə Barselona? - Dəhşətli terrorun gizlinləri (ŞƏRH)

Niyə Barselona? - Dəhşətli terrorun gizlinləri (ŞƏRH)
  18 Avqust 2017    Oxunub:6650
Ötən gün İspaniyanın Barselona şəhərində terror aktı törədilib. Dris Oukabir adlı İŞİD terrorçusu idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürüb. Terror aktı nəticəsində 14 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Qanlı terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə hesab edir ki, terrorun İspaniyada, Barselona şəhərində törədilməsi İŞİD-in Avropa ölkələri üçün real təhlükə mənbəyi olduğunu göstərir.

“Terroru həyata keçirən cinayətkarlar İspaniyanın Şimali Afrika və Mərakeşlə sərhhəddində yaşayanlardır. Bu, İspaniyada törədilən ilk terror aktı deyil. Hesab edirəm ki, bu terrorun törədilməsində əsas səbəb onların İspaniyada fəaliyyət şəbəkəsinin mövcud olmasıdır”.

A.Mollazadə qeyd edib ki, terror aktlarının bir çox Avropa ölkələrində törədilməsi gözləniləndir: “Məlum olduğu kimi miqrantlarla birgə terrorçular da Avropaya yol tapa bilirlər. Avropa ölkələri diqqətli olmalıdır. Bu hadisələrin davamı olacaq. Verilən məlumatlara görə, bir çox ölkələrdə cinayətkar şəbəkənin üzvləri yeni terror aktları hazırlayırlar. Bu səbəbdən terrorizmə qarşısı beynəlxalq səylər artırılmalıdır”.

Millət vəkilinin sözlərinə görə, terrorizmə qarşı mübarizə istiqamətində Azərbaycanın müvafiq təcrübəsi var: “Azərbaycan terrorun acısını hələ 90-cı illərin əvvəllərində yaşayıb. Beynəlxalq erməni terror təşkilatları Azərbaycanda bir sıra terror aktları törədib. Bu baxımdan Azərbaycan da terrordan sığortalanmayıb. Müvafiq orqanlar öz qüvvələrini səfərbər etməlidirlər. Beynəlxalq terror təşkilatları tarixən erməni terror təşkilatları ilə əməkdaşlıq ediblər”.

Politoloq Qabil Hüseynli isə bildirib ki, terror aktının İspaniyada törədilməsi təəccüb doğurur: “İŞİD üçün ciddi əsaslandırılmış, əhəmiyyəti və siyasi yükü olan məqsəd yoxdur. Bu adamlar insan cəlladlarıdır. İspaniya İŞİD-ə, ümumən dünyanın təhlükəli münaqişələrində iştirak etməyən, az qala neytral siyasət yürüdən dinc və tollerant ölkədir. Bu baxımdan terrorun İspaniyada törədilməsi təəccüblüdür. Amma, Barselonanın hədəf seçilməsi ikili təəssürat doğurur. Belə təəssürat yaratmaq istəyirlər ki, Kataloniya əyaləti İspaniya mərkəzi hakimiyyətinə qarşı silahlı mübarizəyə başlayır. Bu, inandırıcı deyil. Çünki katalonlar doğma şəhərlərində terror aktı törətməzlər”.

Politoloq hesab edir ki, Avropanı terrorçular üçün əlverişli fəaliyyət meydanına çevirən onlara qarşı sərt cəzaların tətbiq edilməməsidir: “Avropadan İŞİD-in tərkibində döyüşən çoxlu sayda insan var. Geri qayıdandan sonar onlara qarşı sərt cəzalar tətbiq olunmur. Sadəcə, ifadələri alınır və polis nəzarətində sərbəst buraxılırlar. Hesab edirəm ki, Avropanın asayişini qoruyanların ən ciddi xətalarından biri də budur. Bu adamların İŞİD üzvü olması onların mühakiməsi üçün yetərli dəlildir.

Hesab edirəm ki, Avropa ölkələri miqrant və mühacir axınına, terror təhlükəsinə qarşı tədbirləri gücləndirməlidir. Bunun üçün birinci addım İŞİD sıralarında olan hər kəsin cəmiyyətdən təcrid edilməsidir”.

Q.Hüseynli deyib ki, Avropada bundan sonra da terror səngiməyəcək: “İŞİD öz üzvlərini dünyanın əksər ölkələrinə yaya bilib. Bu ölkələrdə isə qanunvericilik daha çox humanist xarakter daşıdığından İŞİD sıralarında olmuş şəxslərin təqib olunması ciddi şəkildə aparılmır. İŞİD üzvləri bu ölkələrə silah, partlayıcı maddə keçirə bilmir. Ən azından bir mikroavtobusu oğurlayaraq insaları vəhşicəsinə əzə bilillər.

Fikrimcə, bu adamlar təkcə xristian dünyası üçün yox, islam dünyası üçün də təhlükəlidir. Yetərincə təhsil almayan, lazımı intellektual səviyyəyə və inkişaf etmiş mədəniyətə malik olmayan adamlar terrorizm üçün potensial namizəddirlər. O səbəbdən cihad ideologiasının təsiri altında azğın hərəkətlərə yönələ bilirlər. Bu adamlar İslam dininin adından alver edirlər və xristian və İslam sivilizasiyaları arasında toqquşma yarada biləcək addımlar atırlar. Buna qarşı İslam dövlətləri də mübarizə aparmalıdır. Bunun üçün dinin modernləşdirilməsində cihad anlayışı İslam fəlsəfəsindən çıxarılmaldıır. Siyasi diletantlar, mövhumatçı dindarlar və müasir dünyaya ürəyi kinlə, qəzəblə dolu olan insanlar vəziyyətdən istifadə edirlər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: İspaniya   Barselona   Terror  





Xəbər lenti