Göbbelsi qəbirdə fırladan “sənəd” – TƏHLİL

  18 Avqust 2017    Oxunub : 24587
Göbbelsi qəbirdə fırladan “sənəd” – TƏHLİL

Faşist Almaniyasının təbliğat naziri Yozef Göbbels deyirdi ki, yalan nə qədər böyük olsa, bir o qədər çox inanarlar. Amma informasiya və sosial şəbəkələr əsrində bu tezis birmənalı olaraq qüvvədən düşüb. İndi yalan və saxta xəbərlər üzərində təbliğat qurmaq mümkün deyil, çünki informasiya həddindən artıq çox mənbələrdən yayıldığından, həqiqət qısa vaxtda üzə çıxacaq.

Amma faşist rejiminə sevgisi heç kim üçün sirr olmayan Sarkisyan hakimiyyətinin təbliğat dəstəsi deyəsən, bu məqamı nəzərə ala bilməyib. Əks halda, saxta olduğu açıq-aşkar bilinən bir sənədin üzərində anti-Azərbaycan təbliğatı qurmağa çalışmazdılar.

Hər şeyi bir qırağa qoyaq. Guya Azərbaycanın Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Nəcməddin Sadıkovun müdafiə naziri Zakir Həsənova ünvanladığı sənəddə 17 ədəd təkcə orfoqrafik və qrammatik səhv var. Doğrudanmı, Müdafiə Nazirliyində hətta “şəhid” sözünü də düz yaza bilmirlər?! Heç inandırıcı deyil.

Blankın yuxarısında isə Müdafiə Nazirliyinin rəsmi loqosu əvəzinə, “Vikipedia”da “Azərbaycan Silahlı Qüvvələri” adlı məqalədən götürülən şəkil yerləşdirilib. Bu, artıq hər şeyi deyir.

Amma ən vacibi budur ki, eyni nazirliyin daxilində gedən yazışmalarda rəsmi blanklardan istifadə praktikası yoxdur. Rəsmi blanklardan idarələrarası yazışmalarda istifadə olunur.



Sənədin məzmununa baxaq: Guya aprelin 28-də yazılmış məktubda deyilir ki, aprel ayının 2-dən 6-dək gedən döyüşlərdə Azərbaycan Ordusu 558 şəhid verib, 1293 nəfər isə yaralanıb. Bu qədər itkini gizlətmək praktik olaraq, qeyri-mümkündür. Aprelin 7-də artıq şəhidlərin adları məlum idi və siyahı sosial şəbəkədə paylaşılırdı. Aprel şəhidlərini cəmiyyət demək olar ki, adbaad tanıyır. Müasir informasiya dövründə 558 nəfər şəhidi 93 nəfərə endirməyi heç kim bacarmazdı. Çünki sual çıxır: Bəs yerdə qalan 465 şəhid əsgər kimlərdir? Doğrudanmı, 465 nəfər əsgəri heç kim axtarmayıb, soraqlamayıb? Absurddur axı! Eyni fikirləri guya 1293 nəfər “yaralı” haqqında da deyə bilərik.

Məktubda Baş Qərərgahın rəisi nazirə guya təklif edir ki, itkilər hissə-hissə açıqlansın: hər həftə 60-a yaxın. Aradan keçən müddətdə belə şey olmayıb axı. Aprel Döyüşlərindən sonra bir dəfə şəhidlərimizin siyahısı açıqlanıb, ondan sonra isə heç vaxt elə bir həftə olmayıb ki, 60 şəhidin adı elan olunsun. Əslində bu mənada 60 çox böyük rəqəmdir. Heç 10 nəfər şəhid verdiyimiz həftə də olmayıb aradan keçən il yarım ərzində.

Bir sözlə, məktubun həm forması, həm də məzmunu onun saxta olduğunu sübut edir. Bu, kor-kor, gör-gördür. “Photoshop” proqramında normal işləyə bilən şəxs sizə gündə neçə dənə desəniz, bu cür məktublar hazırlayıb, verə bilər. Amma sual olunur: Niyə? Bu qədər səfeh bir yalana Ermənistan hakimiyyəti nə üçün ehtiyac hiss edib? Özü də indi – Aprel Döyüşlərindən il yarım sonra?

Suala cavab vermək üçün sadəcə, son vaxtlar Ermənistan ordusunda baş verən hadisələrə baxaq. Bunlar hələ yalnız son 20 gündə AzVision.az-da dərc olunan xəbərlərdir:

28 iyul: Ermənistan Ordusu itki verdi. Ölən hərbçi müqavilə əsasında xidmət aparan Arkadi Levon Qambaryandır.
3 avqust: Ermənistanda Ordudakı uşaqlarının vəziyyətindən şikayət edən əsgər anaları hədələnib.
4 avqust: Ermənistan Ordusunda əsgərlər çirkli sudan yoluxucu xəstəliklərə tutulublar.
14 avqust: Qarabağın şimal-şərq istiqamətində erməni əsgəri Arman Samvel Movsisyan məhv edilib.
15 Avqust: Ermənistanın Şirak vilayətinin Hatsik kəndində Abas Sloyan adlı yezidi əsgər intihar edib.
18 avqust: Ermənistanda "N" saylı hərbi hissənin komandir müavininin otağından oğurluq edən əsgər S.Karen 3 il müddətinə azadlıqdan məhrum edilib.

Son 20 günün ancaq bir saytda əks olunmuş natamam xronologiyası budursa, onda Ermənistan Ordusundakı vəziyyəti ancaq bir sözlə ifadə etmək olar: Deqradasiya. Daha dəqiqi, 2 sözlə: Tam Deqradasiya.
Ermənistan Ordusu göz qabağındaca tənəzzül edir, çökür və bu, ölkədə onsuz da ağır olan sosial narazılıqları daha da gərginləşdirir. Üstəlik, müharibə vəziyyətində olan ölkədə ordudakı mənfi proseslər təkcə sosial yox, siyasi gərginliyin artması üçün də ciddi səbəbdir.

Belə vəziyyətdə dünya qədər qədim olan, sınanmış metod var: Əhaliyə keçmiş qələbələr haqqında ruhlandırıcı əhvalatlar danışmaq. Bunu erməni təbliğatçıları gözəl bilirlər. Ancaq, əgər danışmağa əhvalat da yoxdursa, onda necə? Bax, onda yada Göbbels düşüb: Yoxdursa, uydur. Yalanı mümkün qədər böyük elə ki, inansınlar. Amma bir məsələ, dediyimiz ki, nəzərə alınmayıb: baxır harada və nə vaxt.

Vüsal Məmmədov
AzVision.az

Teqlər: #Saxta-sənəd   #Erməni-yalanı