Azərbaycan ruhu Monenin vətənində

  21 Avqust 2017    Oxunub : 449
Azərbaycan ruhu Monenin vətənində

Fransanın Normandiya bölgəsində hər il keçirilən və sayca on üçüncü “Musique de Chambre à Giverny” festivalının “La Route de la Soie” (Böyük İpək Yolu) adlı bölməsində Azərbaycanın klassik musiqisi təqdim olunub.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) AzVision.az-a bildirilib ki, 17-27 avqust tarixlərində keçirilən festival 11 konsert və konfransdan ibarətdir. Tədbir TEAS-ın Fransa nümayəndəliyi tərəfindən dəstəklənib.

Giverny İmpressionizm Muzeyi və Vernon Hökumət Evi də daxil olmaqla müxtəlif gözəl mənzərəli məkanlarda keçirilən festivalın Böyük İpək Yolu hissəsi Azərbaycan, şərq və şərqdən ilham almış Qərb bəstəkarlarının orijinal əsərlərindən təşkil olunub. Tədbirdə yetmiş yaşını qeyd edən Azərbaycanın xalq artisti, Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin əsərləri də səsləndirilib. Bəstəkarın simli kvartet üçün yazdığı "Muğam Sayağı" adlı əsəri ifa edilib.

Festivalın bədii direktoru violonçel ifaçısı Mişel Strauss deyib ki, Firəngiz Əlizadə ölkəsinin ənənəvi musiqisini klassik avanqard musiqisi ilə birləşdirib, yeni musiqi dilini yaradan qeyri-adi bəstəkardır.

Firəngi Əlizadə bildirib ki, festivalda səsləndirilmiş "Muğam Sayağı" əsəri onun üçün çox əhəmiyyətlidir: “Bu əsər ilk dəfə “Kronos” kvarteti tərəfindən ifa olunub. Muğam üzərində qurulmuş bu sehrli musiqi poeziya və musiqinin incəsənət formalarının qarışığıdır.

Bu əsəri kürəkləri tamaşaçıya çevrilmiş musiqiçilər dramatik formada ifa edib. Əsərdə tədricən güclənən qəmgin səda, lirik parça, rəqs musiqisi və qonq səsi eşidilir. İfanın sonunda ifaçılar üzlərini tamaşaçılara tərəf çevirib səhnəni sükut içərisində tərk etdilər”.

Ertəsi gün "To the Heart of the 1001 Nights" əsərinin dinləyicilərinə F. Əlizadənin müxtəlif Azərbaycan milli rəqsləri üzərində qurulmuş və “Kronos” kvarteti üçün yazılmış "Regs" (Rəqs) əsərinin təqdimatı keçirilib.

Tədbirdə səslənən ifalar arasında Luciano Berlonun 1964-cü il "Folk songs" (Xalq mahnıları) toplusu da yer alıb. Bu əsərə onun xatirələr oyadan soprano üçün "Azerbaijan Love Song" (Azərbaycan Məhəbbət Nəğməsi) və Moris Ravelin Mərkəzi və Şərqi Asiya, eləcə də müsəlman şərqini təsvir edən "Sheherazade" nəğmələr toplusu daxildir. Konsertdən əvvəl Böyük İpək Yolunda musiqi məsələlərinə həsr olunmuş konfrans da keçirilib.

“On the Shores of the Caspian" (Xəzərin sahillərində) adı altında gözoxşayan şəkildə bəzədilmiş İmpressionizm Muzeyində avqustun 20-də keçirilmiş konsertin mərkəzi elementi Firəngiz Əlizadənin violonçel, fleyta, iki skripka və alt üçün yazdığı "Creation" adlı əsərinin premyerası baş tutub. Konsertdə ifa edilən digər əsərlər arasında Aleksandr Borodinin "In the Steppes of Central Asia" (Mərkəzi Asiya çöllərində) adlı musiqili poeması və onun məskən salmaq üçün Xəzər sahillərinə gəlmiş türk tayfasından bəhs edən "Prince İqor" (Şahzadə İqor) operasından "Polovtsian Dances" parçası da var idi.

Parisdən 80 kilometr məsafədə yerləşən Normandiyanın Giverny şəhəri incəsənəti sevən turistlərin tez-tez səyahət etdikləri şəhərlərdən biridir. Burada əfsanəvi rəssam impressionist Klod Monenin (Claude Monetin) 1883-cü ildən ölümünədək (1926) yaşadığı ev yerləşir. Təbiət və mənzərələrin vurğunu olan tanınmış bu rəssam böyük botanik olub. Onun evi və bağçası onun dünyanın hər nöqtəsində rast gəlinən pərəstişkarlarını heyran etməkdədir.

AzVision.az

Teqlər: TEAS