Avtomobil yürüşünün proqramı açıqlandı

Avtomobil yürüşünün proqramı açıqlandı
  24 Avqust 2017    Oxunub:2820
Avqustun 26-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçiriləcək.
Federasiyadan AzVision.az-a verilən məlumata görə, tədbirdə 1980-ci ilədək istehsal olunmuş 100-dən çox klassik avtomobil iştirak edəcək. Bunlar yürüş üçün qeydiyyatdan keçən avtomobillər, həmçinin, Heydər Əliyev Mərkəzində nümayiş edilən Klassik avtomobil sərgisinin eksponatları olan nəqliyyat vasitələridir.

Yürüş 26 avqust, saat 16.00-da Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək. Klassik avtomobillər Heydər Əliyev Mərkəzi - Koroğlu Rəhimov küçəsi - Fətəli Xan Xoyski küçəsi - Vaqif prospekti - Səməd Vurğun küçəsi - Ənvər Qasımzadə küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - İnşaatçılar prospekti - Akademik Lev Landau küçəsi - Hüseyn Cavid prospekti - Parlament prospekti - Mehdi Hüseyn küçəsi - Teymur Elçin küçəsi - Mixail Lermontov küçəsi - Niyazi küçəsi - Azneft meydanı - Neftçilər prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti -Heydər Əliyev Mərkəzi marşrutu üzrə yürüş edəcək və sonda Mərkəzin parkında sərgilənəcək.

Qeydiyyatdan keçən avtomobil və sahibləri 26 avqust saat 15.30-da Mərkəzin qarşısında olmalıdır.

Yürüşdən sonra Heydər Əliyev Mərkəzinin parkında müxtəlif yaş qrupları üçün əyləncə proqramları, çərpələng festivalı və konsert təşkil olunacaq.

"Küləyin rəqsi" Beynəlxalq Çərpələng Festivalı

"Küləyin rəqsi" Beynəlxalq Çərpələng Festivalı Bakıda ilk dəfə olaraq keçiriləcək. Layihədə Azərbaycan, Latviya, Monqolustan, Ukrayna, Litva, Danimarka və Finlandiyadan olan 10 rəssam iştirak edəcək.

Fırça ustalarının müxtəlif rəsmlər çəkdiyi, fərqli ölçü və formalı 50 çərpələng “küləklər şəhəri” Bakının səmasını bəzəyəcək və rəngarəng palitra yaradaraq tamaşaçılara unudulmaz təəssürat bəxş edəcək.

Saat 18.00-da başlayacaq festival çərçivəsində həvəskar uşaqlar da səmaya 200-dək çərpələng uçuracaqlar.

Əyləncə proqramları

Saat 17.00-dan başlayaraq Heydər Əliyev Mərkəzinin parkında azyaşlılar üçün müxtəlif əyləncə proqramları təqdim olunacaq.

"Sevimli Bala" uşaq klubunun dəstəyi ilə qurulan oyun zonasında balacaları şar və köpük şouları, batut, sürüşkənlər, böyük ölçüdə yumşaq konstruktorlar və plastmas şahmatlar gözləyir.

"The Entertainer" oyuncaq mağazasının iştirakı ilə hazırlanan əyləncə zonasında isə futbol, basketbol və digər oyun meydançaları qurulacaq. Burada uşaqlar, həmçinin, masaüstü oyunlarda iştirak edə biləcəklər.

"Bolşoy Prazdnik" şirkətinin əyləncə zonasında balacalar sehrbazın fokus və illüziyalarını, müxtəlif şouları izləyəcəklər.

Uşaqlar Mərkəzin parkında, həmçinin, müxtəlif nağıl personajları ilə şənlənə, üzlərini arzu etdikləri rəsmlərlə boyatdıra, eləcə də karikaturalarını çəkdirə biləcəklər.

Bu əyləncə növləri ilə yanaşı, saat 18.00-dan saat 20.00-dək “Azəri inciləri” qrupu və balaca ifaçı Nuray Rəhmanovanın konserti olacaq.

Röya və Miri Yusifin konserti

26 avqust tarixində Heydər Əliyev Mərkəzinin parkında Əməkdar Artist Röya Ayxan və Miri Yusifin konserti keçiriləcək. Saat 20.00-da başlayacaq konsertdə müğənnilər tamaşaçılara maraqlı repertuar təqdim edəcəklər.

Heydər Əliyev Mərkəzinin parkındakı tədbirlərə giriş sərbəstdir. Yalnız klassik avtomobil yürüşündə əvvəlcədən qeydiyyatdan keçənlər iştirak edə bilər.

AzVision.az


Teqlər: Heydər-Əliyev-Mərkəzi  





Xəbər lenti