Onun adı Qurbandır - Zaqataladan Avropayadək... (DOSYE)

  24 Avqust 2017    Oxunub : 15320
Onun adı Qurbandır - Zaqataladan Avropayadək... (DOSYE)
Ötən gün Ağdamın “Qarabağ” komandası Azərbaycan futbolunda tarixə imza atdı. Təmsilçimiz ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi. Bu, uğurun ən böyük pay sahibi komandanın baş məşqçisi Qurban Qurbanovdur. Onun məşqçiliyi ilə “Qarabağ” futbol tariximizdə bir sıra ilklərə imza atıb.
Adını futbol tariximizə qızıl hərflərlə yazdıran baş məşqçini yaxından tanıyaq.

Qurban Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. Orta təhsilini Aşağı Tala kəndində alıb. O peşəkar futbolçu kariyerasına 1990-cı ildə Zaqatalanın "Daşqın" klubunda başlayıb. O, "Daşqın" komandasında 54 oyun keçirib və 24 qol vurmağı bacarıb. Növbəti mövsümdə Gürcüstanın "Alazani" klubuna transfer olunub. Bu klubda 17 oyunda meydana çıxıb və 4 qol vurub. 1 ildən sonra yenidən “Daşqın” klubuna qayıdıb. 1992-1993-cü illərdə bu klubda 39 oyunda 24 qol vurmağı bacarıb. 1993-cü ildə "Turan"a transfer olunan Qurbanov 1993-1994 mövsümündə bu klubun heyətində 29 oyunda meydana çıxıb və 9 qol vurub. Həmin mövsüm Qurban Qurbanov "Turan"ın heyətində Azərbaycan çempionu olub və bu onun futbolçu karyerasındakı ilk titul olub.



1995-1996-cı illərdə Mingəçevirin "Kür-Nur" klubunda çıxış edib və 12 oyunda 4 dəfə fərqlənib. 1996-cı ildə "Neftçi" klubuna transfer olunub və həmin mövsümdə (1996-1997) "Neftçi"nin heyətində 34 qol vuraraq Azərbaycan çempionatının bombardiri olub.

O, 1998-ci ildə yenidən xarici kluba transfer olunur. Rusiyanın "Dinamo" Stavropol , "Fakel" Voronej, "Baltika" Kalininqrad və "Volqar" Həştərxan klublarında çıxış edən Qurbanov 2003-cü ildə yenidən “Neftçi”yə qayıdıb. Elə həmin mövsüm Azərbaycan çempionu və kubokunun qalib olan Qurban, ölkənin ən yaxşı oyunçusu seçilib. 2005-ci ildə “Neftçi”dən Bakının “İnter” klubuna keçib. "İnter"də cəmi 3 oyun keçirən Qurbanov 2005-ci ilin payızında 33 yaşında elə bu klubda kariyerasını başa vurub.



Qurbanov futbolçu kimi həm də Azərbaycan millisinin heyətində çıxış edib. Yığma komandada ilk debütü 1992-ci ildə Gürcüstanla oyunda olub. Hücumçu millinin heyətində ilk qolunu 1993-cü ildə EKO Kuboku turnirində Qazaxıstan komandasının qapısına vurub. 3:3 hesabı ilə başa çatan oyunda dubl etməklə yadda qalıb. Qurbanov ümumilikdə 1992-2005-ci illər ərzində millinin heyətində 67 oyunda 14 qol vurub. İndiyə qədər Azərbaycan milli komandasında ən çox qol vuran oyunçudur.



Futbolçu kariyerasının başa vuran Qurbanov məşqçi kimi fəaliyyətə başlayıb. Onun məşqçi kimi ilk iş yeri “Neftçi” klubu olub. 2006-cı ildə Ağasəlim Mircavadovun gedişindən sonra "Neftçi" klubunda məşqçilik fəaliyyətinə başlayan Qurbanov ilk ilində ölkə çempionatının gümüş medallarını qazanıb. 2008-ci ildə Ağdamın “Qarabağ” klubu ilə müqavilə bağlayıb. O, baş məşqçi vəzifəsində türkiyəli Rasim Karanı əvəz edib. Onun rəhbərliyi altında Ağdam komandası 2009-cu ildə finalda "İnter" (Bakı) klubunu 1:0 hesabı ilə məğlub etməklə tarixində üçüncü dəfə ölkə kubokunun qalibi olub. Bununla da Qurban Azərbaycan kubokunu həm futbolçu, həm də məşqçi kimi qazanan ilk şəxs olub. 2009-2010 mövsümündə "Qarabağ" Qurbanovun rəhbərliyi altında UEFA Avropa Liqasının pley-offadək irəliləyib. Sonrakı 3 ildə daha iki dəfə Avroliqanın pley-offuna vəsiqə qazanan Qarabağ, burada müvafiq olaraq "Borrusiya Dortmund" və “Brüqqe” sədlərini aşa bilməyib.

Qurban Qurbanov 2012-ci ildə dünyanın tanınmış klubu "Barselona"da təcrübə keçib. Bundan sonra “Qarabağ”ın oyununda "Barselona" tərzi hiss olunmağa başlayıb. Məhz buna görə, “Qarabağ” klubu "Qafqazın Barselonası" adını alıb.



Qurbanov 2013-2014-cü ildə “Qarabağ” komandası ilə ilk dəfə Azərbaycan çempionu olub. Ölkə çempionu olaraq Azərbaycanı Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” yarışa II təsnifat mərhələsindən başlayıb. Burada Maltanın “Valletta” klubunu iki oyunun nəticəsinə görə 5:0 hesabı ilə məğlub edən “Qarabağ” növbəti mərhələyə keçib.

III təsnifat mərhələsində Avstriyanın "Zalsburq" komandası ilə qarşılaşan çempion iki oyunun nəticəsinə görə məğlub olub. Bundan sonra mübarizəsini Avroliqanın pley-off mərhələsində davam etdirən komandanın rəqibi Hollandiyanın "Tvente" klubu olub. Evdə 0:0, səfərdə 1:1 hesabı ilə başa çatan oyunların nəticəsinə uyğun olaraq “Qarabağ” tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Burada da uğurlu çıxış edən “Qarabağ”ın növbəti mərhələ keçmək şansları da var idi. Lakin İtaliyanın “İnter” klubu ilə oyunda hakimin səhvi nəticəsində “Qarabağ” mübarizəni dayandırmalı olub. “Qarabağ” klubu ilə ən çox oyun keçirən və qələbə qazanan baş məşqçi Qurban Qurbanov hazırda həmin postda öz işini uğurla davam etdirir.



Qurbanov soyuqqanlılığı ilə seçilən məşqçilərdəndir. "Üzü gülməyən qəhrəman" Qurbanovun üzündə çox nadir hallarda təbəssüm görmək olur. O, bütün oyunlarda, hətta qalib olanda belə özünü təmkinli aparır. Ötən gün qazanılan tarixi qələbədə isə Qurbanov sevinc gözyaşlarına hakim ola bilmədi.





Anar Kəlbiyev
AzVision.az

Teqlər: Qurban-Qurbanov   "Qarabağ"