“Qarabağ”ın “Çelsi” və “Roma”dan fərqi - Kim neçə dəfə çempion olub?

“Qarabağ”ın “Çelsi” və “Roma”dan fərqi - Kim neçə dəfə çempion olub?
  25 Avqust 2017    Oxunub:28229
Ötən gün Fransanın Monako şəhərində UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

AzVision.az-ın məlumatına görə, Azərbaycan tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirində təmsil olunan "Qarabağ"ın C qrupunda rəqibləri “Çelsi” (İngiltərə), “Atletiko-Madrid” (İspaniya) və “Roma” (İtaliya) klubları olub.
Ağdam klubunun rəqibləri dünyada ilk üçlükdə olan ölkə çempionatlarının təmsilçiləridir. Onlar qədim tarixə və geniş maliyyə imkanlarına malikdirlər. Bu klubların hər birində dünyanın aparıcı oyunçuları çıxış edir.

Qrupun əsas favoriti “Çelsi” sayılır. "Zadəganlar" İngiltərə Premyer Liqasının ən güclülərindəndir. "Çelsi" İngiltərə Premyer Liqasının son qalibidir. Ümumilikdə isə 6 dəfə ölkə çempionatının qalibi olub. Ölkə daxilində keçirilən kubok oyunlarının bir neçə dəfə qalibi olan “Çelsi” 1 dəfə (2011/2012) UEFA Çempionlar Liqasının və 1 dəfə də (2012/2013) UEFA Avropa Liqasının qalibi olub.



"Qarabağ"ın digər rəqibi “Roma” klubu da İtaliyada adlı-sanlı klublardan biridir. 3 dəfə İtaliya çempionu və 9 dəfə İtaliya kubokunun qalibi olub. “Roma” illər öncə UEFA Çempionlar Liqasının finalında oynayıb və məğlub olub. Sonuncu dəfə ölkə çempionu olmasından da 15 ilə yaxın müddət keçir.



C qrupunda digər rəqibimiz İspaniyanın “Atletiko-Madrid” klubudur. İspaniya təmsilçisi ölkə çempionatında ön sırada gedən klublardandır. Madrid klubu 10 dəfə ölkə çempionu və ölkə kubokunun qalibi olub. Klub UEFA Çempionlar Liqasında və UEFA Avropa Liqasında oyunları ilə yadda qalıb. Madrid klubu 2 dəfə UEFA Avropa Liqasının qalibi olub. Həmçinin bu klub 3 dəfə UEFA Çempionlar Liqasının finalında çıxış edib.



İlk dəfə ölkəmizi bu turnirdə təmsil edəcək “Qarabağ” 5 qat ölkə çempionudur. Klub 2013-cü ildən başlayaraq bu günə qədər hər mövsüm ölkə çempionu olub. 6 dəfə Azərbaycan kubokunun qalibi olan “Qarabağ, UEFA Avropa Liqasında çıxışı ilə də yadda qalıb. Belə ki, komandamız Avropa Liqasında Hollandiyanın “Tvente” klubunu iki oyunun nəticəsinə görə üstələyərək tarixində ilk dəfə qrup mərhələsinə yüksəlib. Qrupda uğurla çıxış edən “Qarabağ” son oyunda hakim səhvi ucbatından qrupdan çıxa bilməyib.



Növbəti dəfə Avroliqanın pley-off mərhələsində “Yanq Boyz”u iki oyunun nəticəsinə görə 4:0 hesabı ilə məğlub edən “Qarabağ” iki il ardıcıl qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub. Həmin il çempionumuz qrupda sonuncu olub. Avropa Liqasının pley-off mərhələsində isə komandamız İsveç “Qöteborq”unu 3:1 hesabıyla məğlub edərək ardıcıl 3-cü dəfə qrup mərhələsinə vəsiqə qazanmaqla öz rekordunu yeniləyib. Komandamız Avroliqanın qrup mərhələsində 7 xal toplayaraq 3-cü olub. "Qarabağ" PAOK-u həm evdə, həm də səfərdə məğlub edən ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: QarabağFK   Çelsi   Roma   Atletiko  





Xəbər lenti