"Məni Rəşid Behbudovla müqayisə edirlər" - İnternetdə məşhurlaşan çoban

"Məni Rəşid Behbudovla müqayisə edirlər" - İnternetdə məşhurlaşan çoban
  26 Avqust 2017    Oxunub:50299
Sosial şəbəkələrdə ifası ilə məşhurlaşan azərbaycanlı çoban Pərvin Səfərovun sədası Türkiyədən gəlir. Qardaş ölkənin milyonlara tamaşaçısı olan televiziya kanalları bahalı efir saatlarında azərbaycanlı ifaçının videolarına yer ayırır. Artıq bir neçə gündür ki, Star TV, ATV və digər telekanallarda Pərvinin videogörüntüləri nümayiş etdirilir, xəbərlər proqramlarında ondan bəhs edilir.
Sosial şəbəkədə yayılan bir video ilə məşhurlaşan Pərvin Səfərov AzVision.az-a müsahibəsində Türkiyədən iş təklifi aldığını deyib.

- Türkiyənin bir çox kanallarında mənimlə bağlı veriliş yayımlanıb. Onlar ifamı bəyəndiklərini deyirlər. Türkiyənin ən məşhur xəbər agentliklərində, “hürriyət.com” saytında da haqqımda yazılar dərc olunub. Qardaş ölkədən mənə hər gün zənglər gəlir. Ötən gün “Fox TV”-dən iş təklif etdilər. “Sən istə yetər” proqramında həftə içi beş gün ifaçı kimi işləməyimi istəyirlər. Bildirdilər ki, mənimlə müqavilə bağlanacaq, hər ay yüksək məbləğdə maaş veriləcək. Otel, bilet xərclərini də onlar ödəyəcəklər. “İzdivaç” proqramına da dəvət almışam.

- Acun Ilıcalı sizə iş təklifi edib?

-Dedilər ki, bu barədə qətiyyən məlumat verməyin, sürpriz qalsın. Türkiyənin ATV kanalından da mənə dəvət gəlib. Bilet və orada qalmaq xərclərimi ödəyəcəklərini deyirlər. Hələ ki getmirəm. Bu barədə fikirləşirəm.



-Türkiyəyə niyə getmək istəmirsiniz?

-İstəyirəm ki, dövlətimiz mənə dəstək olsun. Bayağı mahnılarla yaddaşlarda qalmaq istəmirəm. Məni Rəşid Behbudovla müqayisə edirlər. Təhsil almaq, peşəkar ifaçı olmaq istəyirəm. İmkanım olmadığı üçün ödənişli təhsil ala bilmirəm. Təkliflər üzərində fikirləşirəm. Azərbaycanda işlərim alınmasa, buradan çıxıb gedəcəyəm.

- Toylara gedirsinizmi?

-Bəli, toylara dəvət edirlər. Mən sırf toy müğənnisi olmaq istəmirəm.

- İndi nə işlə məşğul olursunuz?

- Kənddəyəm, heyvanlarımı otarıram. Bundan əlavə Kənd Mədəniyyət evində çalışıram.



- Yerli telekanallarda sizi verilişlərə dəvət edirlərmi?

-Bir dəfə Xəzər TV-ə göstəriblər. Başqa heç bir kanal məni efirə dəvət etməyib. Bütün Türkiyə kanallarından mənə zənglər gəlir. Amma öz kanallarımız bunu etmirlər.

- Bir müddət əvvəl konservatoriyaya qəbul olmağınızla bağlı məlumat yayılmışdı. Bu doğrudur?

-Xeyr, məni qəbul etmədilər. Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahandan keçə bilmədim. Cəmi 18 bal topladım. 7 balım çatmadı. Gözləyirdim ki, mənə güzəşt edərlər, amma etmədilər. Hər işdə bir xeyir var. Bizimkilər unutsalar da Türkiyədə diqqət mərkəzindəyəm. Amma mən vətənimdə olmaq, burada tanınmaq istəyirəm.





Hafiz Əhmədov
AzVision.az


Teqlər: Pərvin-Səfərov  





Xəbər lenti