"Artıq bu suallardan yorulmuşam" - Qurban Qurbanov

"Artıq bu suallardan yorulmuşam" - Qurban Qurbanov
  27 Avqust 2017    Oxunub:3465
"Ağır oyun idi. Bu oyunda məğlub olmağa da hazır idim. Sevinirəm ki, oyunçularımız yaxşı mübarizə apardılar. Rəqibin sürətli hücumları zamanı bəzi boşluqlara yol verirdik. Bu gün rəqib də qalib gələ bilərdi. Onlara gələn oyunlarda uğurlar arzulayıram".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Qəbələ"ni 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.

Daha sonra 45 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Məğlubiyyətə də hazır olduğunuzu dediniz, ancaq oyunun gedişində bəzi əsas futbolçularınızı meydana buraxdınız...

- Bir var 90 dəqiqə oynasınlar, bir də var 45 dəqiqə. Əvvəldən meydanda olsalar, yorğunluq özünü göstərərdi.

- Yeni transferlər olacaq?

- Artıq bu suallardan yorulmuşam. Bizə futbolçu lazımdır. Ancaq ona görə yox ki, heyətimiz zəifdir. Sadəcə, istəyirəm ki, əlimdə daha çox futbolçu olsun. Görürsünüz ki, bir neçə oyunçumuz zədəli olanda onları əvəz edə bilmirik. Buna görə, daha çox futbolçumuzun olmasını istərdik.

- Bu gün əsas heyətə şans vermədiniz. Ancaq bir neçə dəqiqə bəs etdi ki, əsas oyunçulara şans verməklə bu matçın taleyini həll edəsiniz. Rəqabətsizlik sizi narahat etmir?

- Qətiyyən yox. Bu barədə qətiyyən düşünmürük. Çempionatda yaxşı vaxtlarımızda da çox xal itirmişdik. Buna görə, qətiyyən rahatlaşmaq olmaz. Bizim üçün hər oyun çətindir.

- Millinin oyunu ilə bağlı fasilə yaranacaq. Bu, sizin hazırlığınıza təsir etməyəcək?

- Əksinə, milliyə dəvət almayan oyunçulara yaxşı təsir edəcək. Onlar istirahət etmək imkanı əldə edəcəklər. Ancaq milliyə dəvət olunan futbolçular üçün ağır olacaq. Ayın 8-də və 12-də ardıcıl ağır oyunlar keçirməli olacaqlar.

- Düşünmürsünüz ki, çempionluq uğrunda 3 komanda mübarizə aparacaq?

- Çempionat hələ yeni başlayıb. Həddindən artıq diqqətli olmalıyıq.

- Komanda Çempionlar Liqasında ev oyunlarını Olimpiya stadionunda keçirə bilər?

- Hər komandanın özünün stadionu var. Hansı ki, həmin stadionda daha rahat oynayırlar. Biz də istərdik ki, azarkeşlərimiz 30 min yox, 70 min olsun. Ancaq bunu hərtərəfli müzakirə etməliyik. Oradakı şəraitin necə olduğunu müəyyənləşdirməliyik. Məsələn, bizə bu stadionda oynamaq daha çətindir, nəinki Tofiq Bəhramovda. Respublika stadionuna öyrəşmişik.

- Çempionlar Liqasında rəqiblər çox güclüdür. Komandanın əsas məqsədi nədir?

- Əsas məqsədimiz ildən-ilə inkişaf etməkdir. Məncə, bu, bizim futbolun inkişafı üçün təkan olacaq. 3 böyük ölkənin klubu ölkəmizə gələcək. Hansısa vəd vermək istəmirəm. Sadəcə, onu deyim ki, oyunumuzla azarkeşləri razı salmağa çalışacağıq.

- İkinci hissədə risk edərək Bədavi Hüseynovu meydandan çıxartdınız. Daha sonra isə digər müdafiəçi Yakub Jezniçakı meydana buraxdınız. Bunun səbəb nə idi: eksperiment alınmadı?

- Bədavini hücum xəttini gücləndirmək üçün çıxardım. Bununla, həm də mərkəzi gücləndirdim. Düzdür, bir az riskli oldu. Lakin Rahid Əmirquliyev təcrübəli futbolçudur və müdafiədə də yaxşı çıxış etdi. Sona 15 dəqiqə qalmış Maksim Medvedevin yerinə Yakub Jezniçakı buraxdım. Çünki Maksim yorulmuşdu.

- Ağabala Ramazanov və Dani Kintana nə vaxt komandaya qoşulacaq?

- Ağabala artıq dünəndən komanda ilə məşq edir. Kintananın isə nə vaxt qayıdacağı hələ bəlli deyil. Həkimlərin qərarını gözləyirik. (Report.az)

AzVision.az


Teqlər: Qurban-Qurbanov   Qarabağ   Qəbələ  





Xəbər lenti