Azərbaycan tarixilə bağlı animasiya filmi çəkilir

  31 Avqust 2017    Oxunub : 1372
Azərbaycan tarixilə bağlı animasiya filmi çəkilir

“Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq innovativ bir layihə icra edir.

“Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Tarixi Milli Animasiya Filminin hazırlanması və təqdimatı layihəsi cari ilin avqust – dekabr aylarında Bakı şəhərində icra olunacaqdır. Layihə çərçivəsində Azərbaycan tarixini qədim zamanlardan müasir dövrə kimi qısa metrajlı “Azərbaycan Tarixi Milli Animasiya Filmi”nin hazırlanması və ictimaiyyətə təqdim olunması planlaşdırılır.

Bu animasiya filmi Azərbaycan tarixində kinomatoqrafiya sahəsində atılmış yeni bir addım olacaq və hər iki dildə (Azərbaycanİngilis) yerli və dünya ictimaiyyətinə təqdim olunaraq, Azərbaycan xalqının qədim xalq olması və böyük dövlətçilik ənənələrinə sahib olması filmdə əks olunacaq. Layihə çərçivəsində Azərbaycan tarixi qədimdən bu günə kimi (e.ə. 2-ci minillikdən – 1993-cü ilə qədər) qısa metrajli animasiya filmi ilə hazırlanacaq.

Filimdə Azərbaycanın tarixi ərazisində formalaşan dövlətlər və onların ərazisi xüsusi animasiya effektləri ilə göstəriləcəkdir. Azərbaycan yaradıcı gəncləri də cəlb olunaraq hazırlanacaq bu film Azərbaycan tarixini 10 dəqiqədə milli animasiya filmi formasında təsvir edəcəkdir. Məqsəd gənclərə Azərbaycanın milli tarixini ən qədim dövrlərdən indiyə kimi 10 dəqiqə ərzində onların diqqətinə çatdırmaqdır. Filmin hazırlanmasında Azərbaycanın tanınmış tarixçiləri və bu sahə üzrə mütəxəsislər cəlb olunacaqdır.

Layihənin məqsədi Gənclər üçün Azərbaycanın milli tarixi filmlərinə baxış təşkil etməklə, Azərbaycan tarixini qədim dövrdən bu günə kimi göstərəcək qısa metrajlı tarixi animasiya filmini hazırlamaqla Azərbaycanın şərəfli tarixi səhifəsini və qəhrəmanlarını nümayiş etdirmək, beləliklə, elmi təhlil və yeniyetmə və gənclərin fikirləri ilə müasir azərbaycanlı gənclərin milli tarixi qəhrəmanını yenidən müəyyənləşdirmək və qiymətləndirməkdir.

Layihənin gedişi haqqında ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq.

Teqlər: #Azərbaycan-tarixi   #Animasiya