60 yaşı tamam olan Ramaldanov: "Ürəyim Qarabağla döyünür"

60 yaşı tamam olan Ramaldanov: "Ürəyim Qarabağla döyünür"
  05 Sentyabr 2017    Oxunub:9804
Bu gün uğurlu Horadiz əməliyyatının komandiri, iki dəfə "Azərbaycan Bayrağı" ordeni almış yeganə hərbçi, ehtiyatda olan polkovnik Şair Ramaldanovun doğum günüdür. Ehtiyatda olan polkovnikin 60 yaşı tamam olur.
Yubiley təəssüratlarını AzVision.az-la bölüşən Ramaldanov doğum gününü dostları və ailəsi ilə qeyd edəcəyini deyib.

"Ad günümü yaxınlarımla qeyd etsəm də, ürəyim Qarabağla döyünür" -deyən polkovnikin sözlərinə görə, saat 00:00-dan başlayaraq ünvanına çoxsaylı təbriklər gəlməkdə davam edir.

"Təbrik edənlər arasında döyüşçü yoldaşlarım da var. Doğum günümü təbrik edən hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, Ramaldanov Şair Ramaldan oğlu 5 sentyabr 1957-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində anadan olub. 1964-cü ildə Xudat 2 saylı orta məktəbinə daxil olub. 1974-ci ildə 8-ci sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 1976-cı ildə oranı müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olub. 1980-ci ildə ali hərbi məktəbi uğurla bitirdikdən sonra 5 il ərzində Sovet Qoşunlarının Almaniyadakı məhdud kontingentində zabit kimi xidmət keçib.

1987-ci ildə Moskva şəhərində SSRİ Silahlı Qüvvələrinin Frunze adına Hərbi Akademiyasına daxil olub. 1991-ci ildə akademiyanı bitirib. 1992-ci ildə Alay (polk) komandirinin müavini vəzifəsində xidmət edib. 1993-cü il noyabr ayında N saylı motoatıcı briqadanın komandiri vəzifəinə təyinat alıb. 1995-ci ildə 3-cü Ordu Korpusu komandiri vəzifəsinə təyin edilib. 1997-2012-ci ilə qədər ordu korpusunun komandiri vəzifəsində xidmət keçib. Daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademisayında tədris işlər üzrə rəis müavini vəzifəsində xidmət edib. 2012-ci ildə yaş ilə əlaqədar xidmətdən ehtiyata tərxis olunub. Hal-hazırda da Müdafiə Nazirliyinin aparıcı İdarələrindən birində öz bilik və bacarığını tətbiq etməkdə davam edir. Həmçinin hərbi ekspert kimi fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 aprel 1995-ci il fərmanı ilə Azərbaycan Respublikasının konstitusiya dövlət quruluşunun müdafiəsində, respublikada əminamanlığın təmin edilməsində xüsusi xidmətlərinə, öz əsgəri borclarını şərəflə yerinə yetirdiyinə görə Polkovnik Ramaldanov Şair Ramaldan oğlu “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Ş.Ramaldanov uğurlu "Horadiz əməliyyatı"nın komandiri olub. Əməliyyat nəticəsində Horadiz qəsəbəsi və Füzuli rayonunun 20 kəndi Azərbaycanın nəzarətinə keçib. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ehtiyatda olan polkovnik ölkəmizdə Moskva "Frunze" adına akademiyanı bitirmiş 6 zabitdən biridir. Eyni zamanda Əliağa Şıxlinskidən sonra yazdığı kitabları dünya hərbi akademiyalarında tədris olunan yeganə hərbiçidir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Ramaldanov   Polkovnik  





Xəbər lenti