“Aygün Kazımovanın konsertini biz maliyyələşdirmirik” – Nazirlik

  07 Sentyabr 2017    Oxunub : 1294
“Aygün Kazımovanın konsertini biz maliyyələşdirmirik” – Nazirlik

Sentyabrın 22-də “Baku Crystal Hall”da xalq artisti Aygün Kazımovanın “Aygün Kazımova – 30 il” adlı solo konserti baş tutacaq. Afişa və anonslarda konsertin İdman və Gənclər Nazirliyinin dəstəyi ilə baş tutacağı qeyd edilir.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova AzVision.az-a bildirib ki, konsert Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilmir.

“Aygün Kazımova Azərbaycanın xalq artistidir, tanınmış sənətçidir. Sadəcə, konsertlərinin hazırlığı ilə bağlı Gənclər və İdman Nazirliyi Aygün Kazımovanın məşq etməsi üçün təmannasız şəkildə Heydər Əliyev adına İdman konsert kompleksində şərait yaradıb. Aygün Kazımova təmənnasız olaraq istədiyi qədər işçiləri ilə orada məşq edib. Bunun qarşılığı olaraq Aygün Kazımova jest edərək Gənclər və İdman Nazirliyinin adını konsertin elan lövhələrində əks etdirib. Təbii ki, biz bunu qəbul edə bilməzdik. Çünki dövlət qurumuyuq. Heç bir konserti maliyyələşdirmirik. Aygün xanımın da bu jestini və bizə olan münasibətini yüksək qiymətləndiririk. Amma dəstək başqa məna ifadə edir. Sadəcə olaraq, Heydər Əliyev adına İdman konsert kompleksində təmənnasız məşqləri üçün şərait yaratdıq. Özünə də deyildi ki, bu, bizim tərəfdən qəbul oluna bilməz.

Ona görə də xahiş etdik ki, videroliklərdən başlıq çıxarılsın. Artıq dünəndən konsertin təşkilatçıları imkan daxilində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə başlığını afişalardan çıxarıblar. Bir daha deyirik ki, Aygün xanımın təşəbbüsünü yüksək qiymətləndiririk”.

Aytən Zəhra
AzVision.az

Teqlər: Aygün-Kazımova