Bir gündə iki humanist addım: İlham Əliyev nəyi göstərdi – ŞƏRH

Bir gündə iki humanist addım: İlham Əliyev nəyi göstərdi – ŞƏRH
  11 Sentyabr 2017    Oxunub:51738
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev həmişə əsas tutduğu humanizm prinsiplərinə bir daha sadiq qalaraq, olduqca mühüm göstərişlər verib.
Belə ki, ölkəmizin başçısı Qazaxıstan səfərindən qayıdan kimi əvvəlcə Mehman Əliyevin ona etdiyi müraciətə ciddi reaksiya verərək, jurnalistin həbsdən azad olunmasına dair müvafiq qurumlara tövsiyələr ünvanlayıb. Prezident hüquq-mühafizə orqanları tərəfindən onun barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və alternativ cəza növü təyin edilməklə həbsdən azad edilməsini istəyib.

Prezident daha sonra ölkəmizə qarşı hörmətsizlik etmiş, qanunsuz olaraq bir neçə dəfə dövlət sərhədlərimizi pozmuş və buna görə də Azərbaycan məhkəməsinin çıxardığı hökmlə 3 il müddətinə azadlıqdan məhrum edilmiş Aleksandr Lapşini böyük hümanistlik göstərərək, əfv edib.

Bu addımlar Azərbaycan Prezidentinin həyata keçirdiyi hümanizm siyasətinin, media və söz azadlığına münasibətinin növbəti təzahürləridir. Hər zaman penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və alternativ cəza üsullarının tərəfdarı olan İlham Əliyev bu qərarları ilə göstərdi ki, həyata keçirdiyi siyasətə bütün hallarda sadiqdir.

Mehman Əliyevin azadlığa çıxması həm də ölkədə son günlər dəridən-qabıqdan çıxan və qarayaxma kampaniyası ilə məşğul olan radikal müxalifətə tutarlı bir cavabdır. Unudulmamalıdır ki, Azərbaycan hüququn aliliyinin ən yüksək səviyyədə təmin olunduğu dövlətdir. Ölkə rəhbərliyi isə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı həmişə birmənalı mövqe nümayiş etdirib.

Daxildəki radikal müxalifətlə əlbir hərəkət edən və hər vəchlə Azərbaycanın adını qaralamağa çalışan bəzi xarici KİV-lər və beynəlxalq qurumlar bu xəbərdən sonra yəqin ki, həmişə olduğu kimi indi də yanıldıqlarının fərqinə vararlar. Bu baxımdan, Prezident İlham Əliyevin haqqında danışdığımız humanist addımı son dövrlər Azərbaycana qarşı fəal kampaniya aparan Qərb nəşrlərinə və “hüquq-müdafiə təşilatları”nı tərksilah etdi. Hərçənd, onlar Azərbaycanı qaralamaq üçün hər zaman nəsə tapırlar, yəqin, yenə də tapacaqlar, olmasa da, barmaqlarından sorub çıxaracaqlar...

Lapşinin əfv olunması İlham Əliyevin bütün dünyaya təqdim etdiyi hümanizmin Azərbaycan modelinin nümayişidir. Yəni bir insan törətdiyi əmələ görə peşmandırsa və islah olunubsa, deməli, ya həbsdən azad olunmalı, ya da alternativ yollarla cəzasını çəkməlidir. Lapşinin əfvi və Mehman Əliyevin azad olunması ilə Prezidentimiz yuxarıda sadaladığım dəyərləri bütün dünyaya ərmağan etməklə yanaşı, həm də Azərbaycanın hüquq dövləti olduğunu bir daha təsdiq etdi.

Mehman Əliyevin həbsi ilə bağlı biz dəfələrlə vurğulamışdıq ki, bir şəxs haqqında istintaq prosesi gedirsə, fikir bildirmək üçün son nəticəni gözləmək lazımdır. Lakin ölkədəki qərbyönümlü müxalifət yerli-yersiz ölkə əleyhinə müxtəlif dillərdə yazılar, məqalələr paylaşdı, Mehman Əliyevin həbsi siyasiləşdirildi. Hətta iş o yerə çatdı ki, yeni bir qondarma siyahı hazırlayaraq, onu da “siyasi məhbus” kimi həmin siyahıya əlavə etdilər. İndi isə həmin kəsimlər əlləri ətəklərindən uzun vəziyyətdə qalıblar.

Əslində normal müxalifət ölkə rəhbərliyinin bu davranışı təqdir etməlidir. Lakin bu, Azərbaycan müxalifətinə yad xüsusiyyət olduğuna görə, onlardan bir istəyim var: Heç olmasa, Mehmanın Əliyevin həbsi ətrafında yaratdığınız şouya görə xalqdan üzr istəyin! Təbii ki, əgər Azərbaycan xalqı qarşısında məsuliyyət daşıdığınızı hiss edirsinizsə.

Ceyhun Əhmədli
AzVision.az


Teqlər: #İlham-Əliyev   #Mehman-Əliyev   #Aleksandr-Lapşin  





Xəbər lenti