Məşqçilərin `böyük köçü` - TƏHLİL

Məşqçilərin `böyük köçü` - TƏHLİL
  13 Sentyabr 2013    Oxunub:1703
İddialı klublarımız dəyişiklik astanasında
Futbol üzrə Topaz Premyer-liqasının cəmi beş turu arxada qalsa da, artıq bir elita klubunda – paytaxtın “Rəvan” komandasında məşqçi dəyişikliyinə şahid olmuşuq. Amma indinin özündə də bəzi yüksək dəstə təmsilçilərin baş məşqçilərilə yollarını ayıracağını proqnozlaşdırmaq mümkündür.

Bir müddət əvvəl istefası rəhbərlik tərəfindən qəbul olunmayan və üstəlik, müqaviləsi uzadılan “İnter”ın çalışdırıcısı Kaxaber Tsxadadzenin, həmçinin mövsüm öncəsi “Neftçi” klubuna müvəqqəti baş məşqçi təyin olunan Tərlan Əhmədovun, eləcə də “Xəzər Lənkəran”ı uçuruma aparan Con Toşakın komandalarından ayrılmağın bir addımlığında olması sözügedən ölkə klublarında yaxın zamanda məşqçi dəyişikliyinin mümkünlüyündən xəbər verir.

Hadisələrin inkişafı “Xəzər Lənkəran”da yaxın zamanlarda, “Neftçi” və “İnter”də isə ən geci qış fasiləsində yenilik gözlənildiyini deməyə əsas verir. Düzdür, “İnter”lə Kaxaber Tsxadadze arasında yeni müqavilə imzalansa da, qeyri-rəsmi mənbələrdən verilən məlumata görə,“bankirlər” qeyri-qənaətbəxş nəticələr qazansa, gürcüstanlı məşqçi ilə müqaviləni poza bilər. Bu haqda rəsmi məlumat olmasa da, yuxarıda adını sadaladığımız klubların baş məşqçi postlarına təyinatlarla bağlı adı hallanan bir sıra çalışdırıcılar var. Deməli, adlar ətrafında ehtimallara söykənib müəyyən mülahizələr aparmağa dəyər.

Mənsimov yenidən Rednikə bel bağlaya bilər

Cari mövsümdə yaranmasının on illiyini qeyd edən “Xəzər Lənkəran”da işlərin qaydasında getmədiyini söyləmək artıqdır. Yəqin ki, hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “ağ-yaşıllar”ın baş məşqçi postu məşhur uelsli Con Benjamin Toşaka tapşırılanda heç kim cənub təmsilçisinin bu duruma düşəcəyini proqnozlaşdırmırdı. Hər halda, Madrid “Real”ı ilə İspaniya La-Liqasında çempionluq yaşamış 64 yaşlı mütəxəssisin Azərbaycan çempionatında uğur qazanması gözlənilən idi. Amma Con Toşakın timsalında növbəti dəfə adların uğur qazanmaq üçün yetərli olmadığını gördük. Budur, artıq “Xəzər Lənkəran” yeni baş məşqçi axtarışındadır. Düzdür, hələlik uelsli məşqçi öz postundadır, amma onunla əməkdaşlığa son qoyulması olduqca realdır.

Təsadüfi deyil ki, sözügedən çalışdırıcının postuna mümkün namizədlərin adları da uzun müddətdir mətbuatın dövriyyəsindədir. Bu mənada adı gündəmə ən çox gələn mütəxəssis “ağ-yaşıllar”ın sabiq çalışdırıcısı Mirça Rednikdir. Hətta ölkənin idman mediasında artıq ruminiyalı mütəxəssislə ilkin danışıqların aparıldığı yönündə məlumatlar da yayılıb. Qeyd edək ki, gəzən söyləntilərə əsasən, “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov klubun sabiq məşqçisinə illik 700 min avro təklif edib. Razılaşmaya görə, əgər 51 yaşlı məşqçi cənub klubunu çempionluğa daşısa, daha 300 min dollar qazanacaq. Xatırladaq ki, “Xəzər Lənkəran”da çalışdığı dönəmdə komandaya premyer-liqanın gümüş mükafatını və ölkə kubokunu qazandıran Rednikin adının Lənkəran təmsilçisi ilə anıldığı dövrdə Ruminiyanın CFR komandasından ayrılması ölkə mətbuatında cənub klubuna gəlmək üçün atılan addım kimi qiymətləndirilmişdi. Hər halda, ruminiyalı məşqçinin “Xəzər Lənkəran”a qayıtmağın əleyhinə olmadığını açıqlaması da çox şeydən xəbər verir.

Süleymanov doğma klubuna qayıdır?

Son üç ilin çempionu Bakının “Neftçi” komandasının da məşqçi axtarışında olması barədə xəbərlər dolaşmaqdadır. Çempionlar Liqasındakı uğursuzluqdan sonra Böyükağa Hacıyevlə yollarını ayıran və onu müvəqqəti olaraq Tərlan Əhmədovla əvəzləyən flaqmanda son turda “İnter” üzərində qazanılan qələbə işlərin qaydasında olduğunu göstərsə də, bunaqədərki son iki matçda “Xəzər Lənkəran” (0:0) və “Bakı” (0:3) ilə qarşılaşmalarda istənilən nəticənin qazanılmaması, ən əsası da “ağ-qaralar”ın oyun planında xeyli geriləməsi komanda rəhbərliyini baş məşqçi postunda dəyişiklik etməyə sövq edə bilər.

Hətta artıq ölkənin idman mediasında Əhmədovun əvəzləyicisi kimi adı hallanan mütəxəssislər də var. Bu posta ən real namizəd isə hazırda milli komadamızda Berti Foqtsun köməkçisi kimi çalışan Nazim Süleymanov hesab olunur. Düzdür, Süleymanov son açıqlamalarında “Neftçi”dən təklif almadığını desə də, “ağ-qaralar”ın prezidenti Sadıq Sadıqovun baş məşqçi postunu məhz Nazim Süleymanova tapşırmaqda israrlı olduğu bildirilir. İlin sonunda milli komanda ilə müqaviləsi başa çatacaq sabiq hücumçunun da “Neftçi” ilə yenidən klub karyerasına qol qoyması inandırıcı görünür. Xatırladaq ki, Nazim Süleymanov 2011-ci ilin yayında o zaman çalışdırdığı AZAL-ın Avropa Liqasının ilkin təsnifat mərhələsində Belarusiya “Minsk”inə uduzmasından sonra istefa vermiş və 2012-ci ilin fevralında milli komandaya təyinat almışdı.

Tsxadadze müqaviləsini artırdı, amma...

Dəyişikliklər astanasında olan digər iddialı premyer-liqa təmsilçisi isə “İnter”dir. Avropa Liqasında “Tromse”yə yenilginin ardından daxili birincilikdə də imkanlarından aşağı çıxış edən “bankirlər”in baş məşqçinin istefaya eyham vurması təbii idi. Klub prezidenti Georgi Nikolovun israrından sonra işinə davam edən Kaxaber Tsxadadzenin bununla belə, mövcud durumla barışa bilmədiyi hiss olunur. Gürcü mütəxəssisin 5-ci turda "Simurq"a məğlubiyyətin ardından mətbuat konfransına qatılmaması da komandadaxili atmosferin qaydasında olmamasını göstərirdi.

Son turda “Neftçi”yə yenilgi isə baş məşqçinin postunu bir qədər də “laxlatdı”. Komanda rəhbərliyinin gürcüstanlı mütəxəssislə müqviləni artırması Tsxadadzenin ən azı 2015-ci ilin yayına qədər “bank təmsilçisi”ndə qalması deməkdir. Amma bu amil “İnter” rəhbərliyinin baş məşqçi axtarışında olmasını istisna etməyə imkan vermir. Hətta klubun bolqar prezidenti Georgi Nikolovun ölkəsində bir neçə məşqçi ilə görüşdüyü də iddia olunmaqdadır. Gəzən söyləntilərə inansaq, Nikolovun siyahısında Boqarıstanın “Çernomorets” klubunun çalışdırıcısı Dimitar Dimitrov, həmin ölkənin “Lokomativ” komandasının baş məşqçisi Stefan Genov ön sıralardadır. Bundan başqa, tanınmış makedoniyalı məşqçi Draqan Kanatlarovski və bir müddət öncə “İnter”in məşqçilər korpusuna cəlb olunması gündəmə gələn 19 yaşlılardan ibarət milli komandamızın sabiq baş məşqçisi Vəli Qasımovun da paytaxt klubunun yeni çalışdırıcısı olması ehtimallar arasındadır.

Tural Məmmədov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti