Söyüş alnınıza yazılıb, yaxud, Milli Şura mitinqə necə adam yığır

Söyüş alnınıza yazılıb, yaxud, Milli Şura mitinqə necə adam yığır
  19 Sentyabr 2017    Oxunub:18175
Azərbaycan əleyhinə aparılan böhtan və qarayaxma kampaniyası daha bir məntiqi sonluğa yaxınlaşır. Əvvəlcə erməni lobbisinin nəzarətində olan “araşdırmaçı” jurnalistlərdən ibarət bir mərkəz heç bir fakta və sübuta söykənməyən qondarma hesabat hazırladı, daha sonra həmin hesabatlar müvafiq göstərişlərə uyğun olaraq dünyanın bir sıra KİV-lərində necə lazımdısa tirajlandı, müxtəlif kürsülərdən Azərbaycan əleyhinə qərəzli çıxışlar səsləndi və... indi də estafet ötürüldü yerli qrant müxalifətinə.
Ümumi plan özünü doğrultmasa da, ssenarinin sonuncu mərhələsi hələ indi başlayır. Həmişə olduğu kimi, bu dəfə də final səhnəsini yerli “aktyor”lar ifa edəcək. Bütün fəaliyyətini xaricdən alacağı qrantlara hesablayan Milli Şura rəhbərliyi aparılan çirkin kampaniyaya öz “töhfə”sini vermək üçün çoxdan idi ki, dəridən-qabıqdan çıxırdı. Onların bu canfəşanlığı kampaniyanın arxasında dayanan qüvvələr tərəfindən olduqca “yüksək” qiymətləndirildi. Bunun nəticəsidir ki, serialın sezon finalının 23 sentyabrda “Məhsul” stadionunda səhnələşdirilməsi qərara alındı.

Amma indidən məlumdur ki, seriallardan fərqli olaraq, Azərbaycana qarş aparılan kampaniyanın son bölümündə maraqlı heç nə gözlənilmir. Qondarma hesabatlarla Azərbaycan xalqnı təxribata çəkə bilməyən qüvvələr bu mitinqlə də heç nəyə nail olmayacaqlarını özləri də gözəl bilirlər. Bu, sadəcə, xaricdəki antiazərbaycan şəbəkəsinin istəkləri əsasında keçirilən bir prosedur tədbiridir.

Milli Şura rəhbərliyinin təfəkküründə mitinq - qrant və arayış alveri üçün ən önəmli vasitədir. Bir neçə gün sonra “Məhsul” stadionunda təşkil olunacaq mitinqin arxasında da məhz bu məqsədlər dayanır. Ola bilər ki, sadəlövh vətəndaşlarımız Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimilərinin pafoslu çıxışlarına inanaraq, onların əsl niyyətindən bixəbər olsunlar, amma biz həqiqəti söyləyəcəyik. Milli Şura rəhbərliyi elə zənn edir ki, mitinqin təşkili üçün erməni lobbisinin ayırdığı yüz minlərlə dollarlıq qrantı xalqdan gizlədə biləcəklər. Yanılırlar... Bu aksiya üçün antiazərbaycan şəbəkəsinin Gürcüstan banklarındakı hesablara köçürdüyü pulların əsas təyinatı Azərbaycanın daxilindəki sabitliyi pozmaq, ölkədə təfriqə yaratmaqdır.

Təbii ki, mitinqin “yüksək səviyyədə” keçirildiyinə dair xaricdəki mərkəzlərə hesabat təqdim olunmalıdır. Həmin hesabatda foto-faktlarla mitinqin izdihamlı keçdiyi əksini tapmalı və ayrılan pulların əbəs yerə xərclənmədiyi sübuta yetirilməlidir. Bunun üçün əldən-ayaqdan gedən Milli Şura çox marginal yollara əl atır.



Məsələn, söyüş qoymaq kimi. Bunun üçün hətta bir qrup şəxs xüsusi olaraq təlimatlandırılıb. Bir neçə gündür sosial şəbəkələrdə “mitinqə gəlməyən peysərdir”, “şərəfi, qeyrəti, namusu olan mitinqə gələcək, olmayanlar isə yox” kimi təhqir dolu ifadələrə rast gəlinməsi Milli Şura rəhbərliyinin verdiyi göstərişlərin nəticəsidir.

Mitinqə gəlməyənləri ağır söyüşlərlə təhqir edən bu şəxslər əslində neofaşist mövqelərini ortaya qoyurlar. Milli Şuranın mitinqlərində ən çox 3-4 min nəfərin iştirak etdiyini nəzərə alsaq, belə çıxır, geridə qalan 10 milyona yaxın insan bu qurumun gözündə yuxarıdakı söyüşlərə layiqdir. Nə etmək olar, hərə öz tərbiyəsini göstərir...



Lakin insanlarımızın bu cür təxribatlara uymayacağı da şübhə doğurmur. Kərimli və ardıcıllarının apardığı bu çirkli kampaniyaya ən doğru cavab onların yığışıb-dağılışma aksiyasını boykot etməkdir. Əminəm ki, duyarlı insanlarımız məhz belə də edəcəklər.

Onu da qeyd edim ki, ölkənin ziyalı təbəqəsi bu söyüşlərdən ciddi narahatlıq hissi keçiriblər, hətta bəzi şəxslər narahatlıqlarını açıq bəyanat yaymaqla ifadə ediblər.

Həmişə izdihamlı mitinq keçirmək arzusunda olan Milli Şura rəhbərliyi, şübhəsiz, bu dəfə də həmin arzuya çatmayacaq. Bu gün sosial şəbəkələrdə aparılan “mitinqə gəlməyən...” kampaniyası əslində sonrakı uğursuzluğun erkən xəbərçisidir. Ölkədəki ictimai-siyasi fikrə heç bir təsiri olmayan, tamamilə xarici dairələrin maraqlarını ifadə edən və sabitliyi pozmağa hesablanmış bu cür mitinqlər bütün hallarda uğursuzluğa məhkumdur. Azərbaycan xalqı dəfələrlə göstərib ki, Kərimli ilə başının dəstəsinə inanmır. Onlar nə desələr də, inanmayacaq. Çünki sözü kimin deməyi də çox önəmlidir.

Ceyhun Əhmədli
AzVision.az


Teqlər: #Milli-Şura   #23-sentyabr   #Mitinq  





Xəbər lenti