YAP Milli Şuranın keçirəcəyi mitinqi ciddiyə almır

YAP Milli Şuranın keçirəcəyi mitinqi ciddiyə almır
  20 Sentyabr 2017    Oxunub:4762
“Milli Şuranın mitinqi nə cəmiyyətin sosial şifarişdir, nə də mitinq təşkilatçılarının cəmiyyətdə "nüfuzunun", moderatorluğunun göstəricisidir. Ona görə də belə qənaətə gəlmək olar ki, sadəcə kənardan bununla bağlı tapşırıq alıblar”.
Bu fikirləri AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

YAP-çı deputat qeyd edib ki, Milli Şura Azərbaycan müxalifətinin ən zəif qanadlarından biridir: “Bu qurumun nə regionlar üzrə təşkilatları var, nə də bazası. Ara-sıra 3-4 nəfərin mətbuata çıxıb, növbətçi bəyanat verməklərindən başqa heç bir işlə məşğul olmurlar. Bu təşkilatın mitinq təşkil etməklə bağlı qərara gəlməsi isə müəyyən düşüncələrə gətirib çıxarır. Bir qayda olaraq həmin strukturda fəaliyyət göstərən insanlar ya Azərbaycanda keçirilən mühüm tədbirlər ərəfəsində, ya da xaricdən xüsusi tapşırıq aldıqda belə toplantı keçirməyə üstünlük verirlər. Son dövlər isə mitinqə gələn insanların məqsədli şəkildə polislə konfilikt yaratdıqları, yaxud da orada bir neçə şəkil çəkdirib, sonradan Avropa ölkələrinə üz tutduğu görünür. Milli Şuranın mitinqi cəmiyyətin sosial şifarişi deyil. Bu isə o deməkdir ki, mitinq keçirməklə bağlı kənardan tapşırıq alıblar”.

Azərbaycanda demokratik islahatların keçirildiyini vurğulayan A.Mirzəzadə deyib: “Azərbaycan bir-birinin ardınca böyük layihələrə müəlliflik edir. Sentyabrın 14-də cənab prezidentin iştirakı ilə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması dünyada böyük bir hadisə oldu. Bir qayda olaraq bu cür müqavilələrin sadəcə vaxtı uzadılır. Azərbaycan isə özünün milli neft şirkəti olan SOCAR-ın payını 11 faizdən 25 faizə qaldırıb. Görünür, bundan narahat olan, Azərbaycanın artan nüfuzundan ehtiyatlanan xaricdəki müəyyən dairələr Azərbaycanda özlərinin “5-ci kolonu” olan təşkilatlara ölkədə hakimiyyətə inamsızlıq toxumu səpmək barədə tapşırıqlar veriblər. Bunlardan biri də Milli Şuranın təyin etdiyi mitinqdir. Mitinqə əvvəlkilər kimi çox az sayda insanın gələcəyi və səsləndirilən fikirlərin isə populist və ya milli maraqlarımıza zidd olacağını əminliklə demək olar. Əgər təşkilatçılar və metodlar eynidirsə, nəticə də əvvəlki kimi olacaq”.



İnsanların mitinqə söyüşlə çağırılmasına gəlincə, YAP rəsmisi bildirib: “Belə bir söz var: Arqumentə yer qalmayanda qarşı tərəf qeyri-etik ifadələrə keçir. Bu gün qədim tarixə, zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı ilə küçə ifadələri ilə danışmaq, 10 milyonluq cəmiyyəti təhqir etmək bunların iş üslubudur. Bunlar başqa cür bacarmırlar. Hesab edirəm ki, məhz bu cür xarakteristika cəmiyyətin onları inkar etməsinə gətirib çıxarıb. Cəmiyyətimizin sanballı ziyalıları, tanınmış ictimai-siyasi xadimləri, milli maraqlarımızı, dövlətçiliyimizin müdafiəsini özünün vacib vəzifəsi hesab edən dəyərləri vətəndaşları var. Çox təəssüf ki, eyni zamanda xaricdən aldığı qrantlar hesabına özünə mülk tikdirən, övladlarını xaricdə oxutduran və övladlarını yenə də xaricin tələbi ilə ABŞ Senatının tədbirində işğalçı rejimin nümayəndələri ilə yanaşı oturtduran insanlar da var. Onlar Azərbaycandankı demokratiyadan sui-istifadə edərək hər cür yola əl atırlar. Azərbaycan cəmiyyəti onları qəbul etmir. Bu mesaj onlara dəfələrlə verilsə də, yenə özlərini Azərbaycana sırımağa çalışırlar”.

Qeyd edək ki, müxalifətin radikal qolu olan Milli Şura 23 sentyabrda "Məhsul stadionu"nda mitinq keçirmək qərarına gəlib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: YAP   Aydın-Mirzəzadə   Milli-Şura  





Xəbər lenti