İlham Əliyevin BMT tribunasından verdiyi mesajlar – TƏHLİL

İlham Əliyevin BMT tribunasından verdiyi mesajlar – TƏHLİL
  21 Sentyabr 2017    Oxunub:8223
Azərbaycan Prezidenti İlham Əliyevin dünən Nyu-Yorkda BMT Baş Assambleyasının sammiti çərçivəsində etdiyi çıxış uzun müddət yaddaşlardan silinməyəcək. İlham Əliyevin Ermənistan rəhbərliyinin çirkin əməllərini faktlarla ifşa edən bu tarixi çıxışı düşmənin ekspert və siyasi dairələrini silkələməklə yanaşı, beynəlxalq arenada da böyük əks-səda doğurdu. Məhz buna görədir ki, dünəndən dünyanın aparıcı KİV-ləri Azərbaycan Prezidentinin səsləndirdiyi fikirləri manşetlərə çıxarıb.
Prezidentin çıxışı zamanı ən çox kökləndiyi məsələ həmişə olduğu kimi, yenə də Qarabağ münaqişəsi oldu. O, münaqişənin indiyə qədər tənzimlənməməsinin səbəblərinə toxunaraq, həm Ermənistanın status-kvonun qorunub saxlanılmasına xidmət edən əməllərini pislədi, həm də onların havadarlarına önəmli mesajlar ünvanladı. Bu mənada İlham Əliyevin vurğuladığı fikirlər əslində özlərini haqqın və insan hüquqlarının çarçısı adlandıran Qərb siyasətçilərinə ciddi ultimatumlardır: “...Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır”.

Azərbaycan Prezidenti BMT kürsüsündən etdiyi bu çıxışla haqlı olaraq BMT Nizamnaməsinin müvafiq müddəalarının Ermənistana münasibətdə işlək vəziyyətə gətirilməsini tələb etdi.

BMT Nizamnaməsinin 41 və 42-ci maddələrinə nəzər yetirsək, görərik ki, bu gün əslində beynəlxalq birlik Ermənistanın işğalçılıq fəaliyyətinə göz yummaqla “ikili standart”lara yol verir. Sözügedən maddələrdə BMT Təhlükəsizlik Şurasının çıxardığı qətnamələrə əməl etməyən dövlətlərə qarşı əvvəlcə iqtisadi, diplomatik və humanitar, sonrakı mərhələdə isə hərbi sanksiyaların tətbiq edilməsi nəzərdə tutulub. Ermənistan isə bu vaxta qədər həmin qurumun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxardığı 4 qətnaməni (822, 853, 874 və 884 saylı) icra etməməsinə baxmayaraq, hər hansı sanksiya ilə üz-üzə qalmayıb. Azərbaycan Prezidenti də bu məqamı dünya birliyinin diqqətinə çatdırmaqla həm Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq hüquq çərçivəsində ədalətli yanaşma tələb etdi, həm də Ermənistana gizli yollarla diplomatik dəstək nümayiş etdirən qüvvələrə önəmli mesajlar verdi.

İlham Əliyev bu faktorları əsas tutaraq, ortaya qoyduğu sualla hazırkı beynəlxalq münasibətlər sisteminin ədalətsizliyini göstərdi: “Neçə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır”.

Azərbaycan Prezidenti ötən il baş vermiş aprel döyüşlərinə toxunaraq, rəsmi İrəvana çox ciddi mesajlar ünvanladı. Keçiridiymiz uğurlu əməliyyatlardan danışan Prezident bildirdi ki, Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır, əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq. İlham Əliyevin Ermənistandakı cinayətkar rejimə meydan oxuyan bu fikri həm də beynəlxalq hüququn tələblərinə əsaslandırılmışdı. Belə ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, işğala məruz qalan dövlət ya təkbaşına, ya da digər ölkələrlə birlikdə hərəkət edərək, ərazi bütövlüyünü bərpa etmək hüququna sahibdir. Prezident həmin maddəni nəzərdə tutaraq açıq şəkildə bəyan etdi ki, Azərbaycan hər an öz torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyatlara start verə bilər. Aprel əməliyyatları da onu sübut etdi ki, torpaqlarımızı erməni terrorçularından azad etməyimiz üçün Azərbaycan Ordusuna bir neçə gün kifayət edər.

Göründüyü kimi, Prezident İlham Əliyev çıxışı zamanı torpaqlarımızın hələ də erməni işğalı altında qalması faktını xüsusi olaraq qabardaraq həm Ermənistandakı xunta rejimin iç üzünü açdı, həm də bu rejimə havadarlıq edən qüvvələri hədəf alaraq dünya ictimaiyyətinə önəmli mesajlar ünvanladı.

Azərbaycan Prezidenti çıxışının ikinci hissəsində Azərbaycandakı real vəziyyəti tutarlı faktlarla dünya birliyinin diqqətinə çatdırdı. İlham Əliyev bildirdi ki, Ermənistan işğalının yaratdığı böyük çətinliklərə baxmayaraq, Azərbaycan sürətlə və uğurla inkişaf edir. Azərbaycanda bütün fundamental azadlıqların, o cümlədən ifadə, mətbuat, yığıncaq və dini azadlıqların tam şəkildə təmin edildiyini vurğulayan Prezident ölkəmizin dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrildiyini ifadə etdi. İlham Əliyev Azərbaycanda multikulturalizmin, Ermənistanda isə ksenofobiyanın dövlət siyasətinə çevrildiyini tutarlı arqumentlərlə sübut edərək həm də Ermənistandakı reallığı ilk dəfə olaraq ən ali kürsüdən dünya ictimaiyyətinə çatdırmış oldu.

İlham Əliyev Azərbaycandakı real iqtisadi göstəricilərə toxunaraq ölkəmizin hazırkı inkişaf səviyyəsini ortaya qoydu. Prezident iqtisadiyyatımızın son 13 ildə 3 dəfədən çox artdığını, işsizliyin dünyada ən aşağı səviyyələrdən biri olan 5 faizə çatdığını, ölkəmizdə təhsil, səhiyyə və digər sahələrin sürətlə inkişaf etdirildiyini vurğulayaraq regionun lider dövləti olduğumuzu bir daha sübuta yetirdi.

İlham Əliyev ermənistanlı həmkarından fərqli olaraq, BMT tribunasından Azərbaycandakı iqtisadi islahatlardan, enerji və nəqliyyat layihələrindən danışmaqla əslində ölkəmizin qlobal enerji təhlükəsizliyinin təmin olunmasında rolunu vurğulamış oldu.

Azərbaycan Prezidentinin dünən çıxışının yekununda vurğuladığı və əlavə hər hansı şərhə ehtiyac duymayan aşağıdakı fikirlər indiyə kimi əldə etdiyimiz uğurun əsas formuludur: “Ötən il biz müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd etdik. Azərbaycanın uğurlu inkişafı bir daha göstərir ki, yalnız azad və müstəqil olduqda, ölkənin taleyi öz xalqının əlində olduğu halda uğur əldə etmək olar. Azərbaycan xalqının ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz xalqımızın milli maraqlarına əsaslanan müstəqil siyasət aparan müstəqil ölkədə yaşayırıq”.

Ceyhun Əhmədli
AzVision.az



Teqlər: #İlham-Əliyev   #BMT  





Xəbər lenti