Azərbaycanlı atlet rekord qıraraq çempion oldu

Azərbaycanlı atlet rekord qıraraq çempion oldu
  24 Sentyabr 2017    Oxunub:2854
Kosovonun paytaxtı Priştinada 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyində idmançımız Rüstəm Qasımov birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib.
Azərbaycan Ağır Atletika Federasiyasından AzVision.az-a verilən məlumata görə, turnirdə 56 kiloqram çəki dərəcəsində mübarizə aparan R.Qasımov ardıcıl olaraq 92, 96 və 100 kiloqramı ram edərək bu hərəkət üzrə Avropanın ən yaxşısı olub.

İdmançımız 100 kiloqramı başı üzərinə birdən qaldırma hərəkətində türkiyəli Toptaş Canerə məxsus olan Avropa rekordunu (99 kiloqram) yeniləməyi bacarıb.

R.Qasımov təkanla qaldırma hərəkətində də uğurla çıxış edib. O, 112, 118 və 121 kiloqramı başı üzərinə qaldırmaqla bu hərəkətdə də Avropada hamıdan yaxşı olduğunu sübut edib.

Ümumilikdə 221 kiloqram (100+121) nəticə əldə edən R.Qasımov yeniyetmələr arasında Avropa çempionu olub.

Digər idmançımız Murad Əliyev isə birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğursuz başa vurub. O, təkanla qaldırmada 105 kiloqramı ram edərək bu hərəkət üzrə doqquzuncu yeri tutub.

AzVision.az


Teqlər: Atlet  





Xəbər lenti